BABA ŞÖHRƏTİNİ YAŞADANLAR Başkeçid, Unutsaq, unudularıq!.. 13 Mayıs İkinci Dünya müharibəsi qəhrəmanı starşina İlyas Hasanpaşa oğlu Aslanova əbədi ehtiramlaBirinci lövhə: "Qarabağa apar məni!.."1990-cı illərin əvvəllərində Qarabağ cəbhəsinə növbəti hərbi ezamiyyətdən qayıdandan sonra üç-dörd günlüyə kəndimizə – Başkeçidin Hamamlı elinə yollanmışdım. Lələm (atama dastanımızda olduğu kimi "Lələ" deyə müraciət edirdik) gəlişimə sevinib şərəfimə məclis qurmuşdu. Qohum-əqrəbanı, qonum-qonşunu yığıb bir qoç kəsmişdi. Məclisin şirin yerində yadıma düşdü ki, bəs Bakıdan çıxmazdan öncə Azərbaycan radiosuna dəvət olunmuşdum. Təzə şeirlərimi oxumuşdum. Verilişin vaxtı isə yetişmişdi... Tez kürsümdən durub elə adamların yığışdığı böyük otağın pəncərəsinə qoyulmuş köhnə radiomuzu açdım. İstəyim verilişi sakitcə dinləmək idi. Amma həmişəki kimi radiodan qopan xırıltı-gurultu hamının diqqətini mənə sarı çəkdi. Diktorun səsi eşidiləndə isə məclisə sükut çökdü: "Hörmətli dinləyicilər, poeziya axşamına başlayırıq. Bu günkü qonağımız gənc şair Knyaz Aslandır". Həm həyəcanlı, həm də qürurlu idim... Sanki radioda yox, bura yığışan dinləyicilərin qarşısında çıxış edirdim. Hər şeirdən sonra: "Ay sağ ol!.. Ay maşallah!.. Ay bərəkallah!.." - sədaları ucalırdı. Sonuncu şeir yenicə bitirdiyim "Qarabağ şikəstəsi" poemasından bir parça idi: Təbib, dağa apar məni,Bağça-bağa apar məni...Dəvam - hava, çarəm - çeşmə, Qarabağa apar məni!..Elə bu bəndi oxumuşdum, məclis əhli sözləşibmiş kimi bir ağızdan: "Offf!.. offf!.. offf!.." - deyə qıy çəkdi. Heyrətlə onlara baxdım...Veriliş bitəndə alqış səsləri otağımızı bürüdü və... məclisin ovqatı dəyişdi. Xahiş elədilər ki, radioda oxuduğum şeirləri burda da təkrarlayım. Çünki radio dalğaları ara-sıra qarışanda bəzi misraları yaxşı eşidə bilməmişdilər. Əvvəlcə bir az çəkinsəm də, az sonra şeirlərin hamısını əzbər söylədim. Axıra çatıb bayaqkı bəndi demək istəyirdim ki, Lələmin şaqraq səsi hər yanı bürüdü:Təbib, dağa apar məni,Bağça-bağa apar məni...Dəvam - hava, çarəm - çeşmə, Qarabağa apar məni!..Mat qaldım!.. Möhkəm yaddaşı olan atam artıq bu şeiri əzbər bilirdi!.. Atadan ötrü oğlu bu dəm necə əziz idisə, oğul üçün bundan gözəl an ola bilərdimi ki?!. Sonralar atamın o sözləri aşıq havası üstündə zümzümə etdiyini eşidəndə ürəyim dağa dönürdü... "Halal olsun, yaxşı yazıbsan" - deyirdi...Ruhun şad olsun, xətri əziz, ömrü dəniz, unudulmaz Lələm!.. İkinci lövhə: Məhəbbətlə xatırlanan adam – mənim igid atamSəksən illik ömrünü halallıqla yaşayıb, xeyirxahlıqda ad çıxarıb, el-obanın ağsaqqalı olub atam İlyas Hasanpaşa oğlu Aslanov...1921-ci ildə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Hamamlı kəndində Hasanpaşa Aslan oğlu ilə Şaşada (Şahzadə) İsa qızının ailəsində dünyaya göz açıb. Təhsili doğma kənddə başa vurub. Faşist Almaniyası Sovet İttifaqına hücuma keçəndə 20 yaşlı İlyas da cəbhəyə yollanıb. 1941-1943-cü illərdə – Böyük Vətən müharibəsinin ilk dövründə şanlı döyüş yolu keçib. Starşina rütbəsində Smolensk, Kursk, Stalinqrad cəbhələrində düşmənə qarşı mərdliklə vuruşub. Dəfələrlə ordu komandanlığının təşəkkürünü qazanıb. Şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə 1-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib.Xatırladıram ki, SSRİ-nin bu ordeni döyüşlərdə cəsarət, əzmkarlıq və şücaət göstərən hərbi qulluqçulara və partizanlara, habelə sovet qoşunlarının uğurlu döyüş əməliyyatları aparmasına öz bacarığı ilə şəxsi töhfə verən hərbi qulluqçular layiq görülürdü.Starşina İlyas Aslanov həmçinin "İgidliyə görə" medalı ilə təltif edilib. Sovetlər Birliyinin dövlət mükafatı olan bu medal isə ona Vətənin müdafiəsində və hərbi borcun yerinə yetirilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə təqdim olunub...İlyas Hasanpaşa oğlu sonrakı illərdə də bir çox mükafatlar alıb. 9 May – Qələbə günü münasibətilə hər il təntənəli mərasimlərə dəvət olunb, yubiley nişanı ilə təltif edilib. Eyni zamanda əmək qabaqcılı kimi müxtəlif medallara və təşəkkürnamələrə layiq görülüb... Atam döyüşlər zamanı iki dəfə yaralansa da, tam sağalmasını gözləmədən yenidən cəbhəyə qayıdıb. Axırıncı dəfə isə güllə yarası qolunu və ayağını ağır zədələdiyinə görə ordudan tərxis olunub. Cəbhədən qayıdandan sonra İlyas Aslanov bir müddət Başkeçid rayonunun bəzi kənd məktəblərində müəllimliklə məşğul olub. Lakin qış aylarında gediş-gəliş çətin olduğuna, doğma Hamamlı kənd məktəbinə əlavə ştat ayrılmadığına görə pedaqoji fəaliyyətini davam etdirməyib.Atam daha sonra uşaqlıqdan babamdan öyrəndiyi dülgərlik peşəsindən yapışıb. Sənətinin ustası kimi tanınıb. Başkeçid rayonu ilə yanaşı, Hamamlı, Bəzəkli, Oruzman, Məmişli, Səfərli, Armudlu, Qamışlı, Şahmarlı, Şindilər və digər kəndlərdə yeni tikilmiş bir çox yaşayış binalarının və dövlət idarələrinin damını çatıb, kirəmidini düzüb, şiferini vurub. Təzə evlərin qapı-pəncərələrini düzəldib, tavanını, döşəməsini sahmana salıb. Aradan uzun illər ötsə də, vaxtilə onun əlinin zəhməti ilə araya-ərsəyə gəlmiş şüşəbəndli eyvanlar özünün yaraşığı ilə indi də seçilir, bəyənilir...Atamgilin ailəsində iki oğul, altı qız böyüyüb. Yaşca qardaş-bacılarından böyük olduğuna görə dolanışığın ağır olduğu o dönəmlərdə yükün ağırlığını yeniyetmə İlyas daşıyıb öz çiyinlərində. Uşaqlıqdan əlini zəhmətə öyrədib, ruzisini əziyyətlə qazanıb... Müharibədən gələndən bir az sonra – 1943-cü ildə Hamamlı kəndində Hasan kişinin qızı Bağda ilə ailə qurub. Yarım əsrə yaxın birgə həyat sürüblər. Qəhrəman ata-ana kimi on bir övlad böyüdüblər. İndi hərə bir yana səpələnib...İncəsənətə sonsuz həvəsi olduğundan bir saz bağlatdırıb atam. Sazda çalıb-oxumağı çox erkən öyrənib. Amma 1953-cü ildə 20 yaşlı yeganə qardaşı Allahverdi qəflətən dünyasını dəyişdiyinə görə sazını bir daha qara köynəkdən çıxarmayıb Lələm. Gözəl təbi, məlahətli səsi, şirin avazı beləcə kölgədə qalıb əfsus ki... Atam İlyas Hasanpaşa oğlu 2001-ci il yanvarın 7-də mənim qucağımda canını tapşırıb. Son nəfəsində bircə kərə "Ay ana!"- deyə haray çəkib, əsli-kökü Qarabağdan olan anasını arayıb, mənə isə "Qorxma, məni möhkəm tut, yıxılmayım" - deyib... Üçüncü lövhə: Turalın əkdiyi xatirə ağacKeçən il may ayının əvvəllərində bacım oğlu Fariz zəng vurub məni aradı. İlyas Hasanpaşa oğlunun Böyük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolu barədə bəzi məlumatları dəqiqləşdirmək istədiyini bildirdi. Dedi ki, anam Sürəyya uşaqlıqda həmişə mənə və qardaşım Fazilə İlyas babanın qoçaqlığı, mərdliyi haqqında danışırdı. Mən də illər keçəndən sonra eşitdiklərimi evin xanımı Günəş Hamlet qızına, övladlarımız Turala, Tərxana iftixarla söyləyirdim. Fariz bildirdi ki, indi böyük oğlum Tural Qəribov Saratov vilayətinin Balaşov şəhərindəki Kotovras kənd orta məktəbində oxuyur. IX sinif şagirdidir. İlyas Lələmizin xatirəsini həmişə ehtiramla anır. O, babasının İkinci Dünya müharibəsi veteranı olduğunu məktəbdə şagird yoldaşlarına və müəllimlərinə bildirib. Müəllimləri Turala təklif ediblər ki, məktəbin xatirə bağında babasının şərəfinə bir ağac əksin. Digər qəhrəmanlarla yanaşı İlyas Aslanovun da xatirəsini əbədiləşdirmək fikrindədirlər...Fariz dedi ki, bu il Tural həm də İlyas baba haqqında fotoplakat hazırlamaq istəyir. Ona görə də ona məlumatlar və fotoşəkillər lazımdır... Mən də topladığım materialları Farizə göndərdim...Aradan bir neçə gün keçəndən sonra Farizin mənə yolladığı maraqlı fotolar ürəyimi dağa döndərdi. Turalın hazırladığı fotoplakatın, xatirə bağında əkdiyi ağacın şəklini görüb çox fərəhləndim... Gənc nəslin keçmişə ehtiramı qəlbimi qürurla doldurdu... Əhsən, Tural!.. Min budaq ol!.. Dördüncü lövhə: Aytacın "Mənim İlyas babam" tablosuAra-sıra evdə ailəliklə köhnə şəkillərə baxırıq, xatirələri çözələyirik. Hər dəfə də balaca qızım Aytac böyük bacısı Aybənizin İlyas baba ilə birlikdə çəkilmiş fotosuna baxıb kövrəlir. Həmin yay kəndə getmişdik... İki-üç yaşlı Aybənizlə atamın o maraqlı fotosunu da mən o vaxt çəkmişəm. Baba-nənə bir yerdə dülgərliklə məşğul olanda köçürmüşəm fotolentin yaddaşına... Bəlkə də peşəkarlıqla çəkilməyib bu şəkil, amma illər ötdükcə dəyərini daha da artırır. Aytac bax o fotoni görən kimi: "Babamla mənim şəklimi niyə çəkməmisən?" - deyə soruşur... Hələ arabir məndən də, anası Rübabədən də küsür... Birtəhər qılığına girib sakitləşdirsək də, ağlayıb göz yaşını boşaltmasa dincəlmir. Dünyaya gəlişindən beş il öncə babasının bizi tərk etdiyini yaxına qoymaq istəmir... Üstəlik sağlığında Bağda nənəni hirsli-hirsli qınayırdı ki, niyə babamı ölməyə qoydunuz axı?!. Ötən ilin may ayının ilk günlərində balaca rəssam Aytac başladı İlyas babanın portretini çəkməyə... İstədim bəzi məqamlarda göstəriş verəm, ölçüsünü, rəngini özüm diqtə eləyəm, amma həmişəki kimi qəti razı olmadı. Öz bildiyi, duyduğu, xəyalında canlandırdığı tərzdə yaratdı babasının obrazını... Deyim ki, bu xüsusiyyət yaradıcı adamların çoxuna xasdır... Nə deyə bilərdim: nəvə üzünü canlı olaraq bircə dəfə də görmədiyi babasını necə təsəvvür edirsə, elə o cür də təsvir etmək istəyir... Portret hazır olandan sonra başa düşdüm ki, Aytacın qan yaddaşında İlyas baba elə bu orijinal tabloda olduğu kimi qalıb...Sağ ol, rəssam qızım Aytac Aslan!.. Günün ağ olsun!..Beşinci lövhə: Sabrinanın Qələbə sevinciBu ilki sürpriz isə Smolensk vilayətinin Decnoqorsk şəhərindən gəldi. İlyas babanın nəticəsi Sabrina Tserkovnik yada saldı bu dəfə onu... Dörd yaşlı gözəl-göyçək Sabrina Decnoqorskdakı bələdiyyə büdcəli məktəbəqədər təhsil müəssisəsi olan "Alyonka" uşaq bağşasında tərbiyə alır. Anası Zülfiyyə, atası Anatoli, bacısı Albina, nənəsi Səmayə, babası Füzuli ona İlyas baba haqqında maraqlı əhvalatlar danışıblar. Taleyə bax: hazırda İlyas babanın övladlarından, nəvələrindən, nəticələrindən bir çoxu Smolensk bölgəsində məskən salıb. Qanlı Böyük Vətən müharibəsi illərində bu qorxmaz kişinin döyüşdüyü, yaralandığı, qanını axıtdığı Rusiya torpağında yaşayırlar. Deməli, İlyas Aslanovun törəmələrinin Rusiyada, o cümlədən Smolensk vilayətində fəaliyyət göstərməyə tam mənəvi haqları çatır!.. Sabrinanın tərbiyəçi müəllimləri Alyona Anatolyevna Solovyeva və Olqa Anatolyevna Syomkina İkinci Dünya müharibəsi qəhrəmanı starşina İlyas Aslanova həsr edilmiş bir fotoplakat hazırlayıblar. Zövqlə hazırlanan, diqqəti cəlb edən bu plakatın adını "Məğlubedilməz alay" – "Xatırlayırıq, fəxr edirik!" qoyublar. Burada İlyas babanın əsgər şəkli, ahıl vaxtının fotosu və müharibə həyatı öz əksini tapıb. Həm İlyas Aslanova, həm də digər keçmiş döyüşçülərin xatirəsinə ehtiramla düzəldilmiş "Bizim anım vaxtımız" adlı fotokollaj 9 May – faşizm üzərində qələbənin ildönümü ərəfəsində "Alyonka" uşaq bağçasının divarlarını bəzəyib. Sabrina sevinclə deyir ki, bağçamıza gələn valideynlər uşaqlarla birlikdə bu stendə heyranlıqla tamaşa edirlər. Mən isə qəhrəman İlyas babamın plakatına baxıb fəxr edirəm...Alqış, Sabrina!.. Tanrı qorusun səni!..Altıncı lövhə: "Ot kökü üstə bitər"Bu da babaların sözüdür: "Əslində olan dırnağında bildirər". İlyas Hasanpaşa oğlu bütöv şəxsiyyət idi. Ona görə də sözü, söhbəti, işi, əməli dillərdə dastana dönüb. Dünyanı tərk etməsindən 20 il ötsə də hər yerdə adı ehtiramla, hörmətlə çəkilir. Elə mənim adımın üstündə, uğurlarımın yanında, şeirlərimin özəyində Lələmin ucalığı dayanır... Turalın əkdiyi ağacın şaxəli budaqları, Aytacın çəkdiyi rəsm əsərinin əlvan rəngləri, Sabrinanın yaratdığı plakatın vüqarlı ovqatı da İlyas babanın yaşatmağa hesablanıb...Hələ innən belə gələcək nəsillər də özündən sonra halal ad-san, şanlı xatirələr, işıqlı əməllər qoymuş İlyas Hasanpaşa oğlu Aslanovu məhəbbətlə anacaq, onun ruhuna dualar oxuyacaq... Nə qədər ki, qədirbilən nəsillər var, İlyas babanın adı həmişə var olacaq...Knyaz ASLANBakı Dövlət Universiteti Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri,Birinci Qarabağ müharibəsi veteranıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.