AVDALLI KƏNDİ Gürcüstan » Bolus 30 Nisan ABDALLI (AVDALLI) - Qədim Borçalı mahalının Bağ bölgəsinin Bolulus, indiki Bolnisi rayonunda Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, Tiflis-Bolnis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 620 m yüksəklikdə yerləşən qədim türk kəndinin adıdır. Son illərdə, çox təəssüflər olsun ki, Abdallının adı dəyişdirilib, gürcü dilində «Cavaxi» qoyulub. Əhalisi 1000 nəfərə yaxındır. Kənddə Azərbaycan məktəbi 1927-ci ildə yaradılıb. Tanınmış ictimaiyətçilər Məmməd Məmmədov, İsvahan Şamilov, Kamal Nəviyev və b. bu kəndin yetirmələridir.Kəndin yaxınında qaya üstündəki qədim qalanı Koroğlu qalası adlandırırlar. Abdallı kəndinin adı «avdal» və ya «abdal» etnonimi ilə bağlıdır. Azərbaycanda bu etnonim ilə bağlı bir sıra oykonimlər vardır. O cümlədən, Ağdam rayonunda Abdal və Tovuz rayonunda Abdal, Oğuz rayonunda Abdallı, Xanlar rayonunda Çoban Abdallı kəndləri vardır. Qəbələ rayonunda Nis Avdallı, Qubadlı rayonunda Abdalanlı, Qərbi Azərbaycanda (indiki Ermənistanda), xüsusilə sabiq İrəvan xanlığının Qəripbasar və Qırxbulaq mahallarında Avdallar kəndləri vardır. Həmçinin, Azərbaycanın qədim və dilbər guşələrindən olan və hazirda düşmən erməni qəsbkarlarının əsarətində olan Laçın şəhəri də 1923-cü ilə qədər Avdallar adlanmışdır. (Mənbələrin verdiyi məlumatlara görə, Avdal qədim türk tayfalarından biri olmuşdur.) Böyük Qafqaz dağlarının yamaclarında - Naxçıvan ərazisində Avdal dağı (oronimi), Araz çayı vadisində və həmçinin, Azərbaycanın digər bölgələrində də bir neçə Avdal yurdu, Avdal ocağı deyilən yerlər qeyd olunmuşdur. Həmçinin, Türkiyədə, Əfqanıstanda, Qaraçay və Balkarlarda, İraqda Avdal etnonimi ilə bağlı bir çox abidə və kəndlər mövcuddur. Bu isə, «avdal» tayfasının qədim zamanlarda əsrlər boyu köçəri həyat keçirməsi və müxtəlif tayfalar tərəfindən sıxışdırılması ilə əlaqədardır. Avdal sözünün ümumi mənası «ovu qoruyan, ova arxa olan», türkdilli xalqların mifologiyasında deyildiyi kimi «ov tanrısı» deməkdir. Klassik Azərbaycan şairlərindən Nəsimi və Şah İsmayıl Xətayi də avdal tayfasından olmuşlar. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:M-Borcali@mail.ruvə ya:info@zim.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.