Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!.. TƏBRİK EDİRİK!..

Bu gün mənim əziz dostum-qardaşım, müəllimim, ustadım, xalqımızın dəyərli ziyalısı, elimin-obamın ləyaqətli oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl vətəndaş, xeyirxah insan, görkəmli alim, tanınmış tədqiqatçı, folklorşünas, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin sabiq rektoru (2014-2016), Azərbaycan Universitetinin çox hörmətli professoru Asif Abbas oğlu Hacıyevin doğum günüdür.


Asif Abbas oğlu Hacılı (Hacıyev) - 3 aprel 1960-cı ildə qədim Borçalı mahalının Sarvan kəndində - indiki Gürcüstanın Marneuli şəhərində anadan olub.

1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.

2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru işləyib.

Hazırda Azərbaycan Universitetinin professorudur.

Professor Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.

Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, rus ədəbiyyatının tarixinə, müasir rus nəsrinin mifopoetik aspektlərinə, rus ədəbiyyatında islam və Şərq motivlərinin bədii-fəlsəfi dərkinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatının poetikasına, mifologizm və folklorizm probleminə aid monoqrafiyaların və məqalələrin müəllifidir. Türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, avrasiyaçılığa dair məqalələri dərc olunmuşdur. Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini tərcümə etmişdir.

Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə məşğuldur. Axısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları Azərbaycanda və Türkiyədə dərc olunub.

Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə "Borçalı" İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub.

Türkologiyada çox az öyrənilmiş türkdilli xristian xalq olan urumların tarix və folkloruna dair kitabın müəllifidir.

Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir-neçə doktorantın elmi rəhbəridir.

Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Drezden, Tbilisi, Minsk, Sankt-Peterburq, Varna və b. şəhərlərdə beynəlxalq elmi konfranslarda iştirak edib.

Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı, XI Qurultayın "Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları" komissiyasının katibi olmuşdur. Həmin qurultaylarda Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə məruzələr etmiş, məruzələrin müddəaları qurultayların qərarlarında əks olunmuşdur.

"Borçalı""Qaraçöp" cəmiyyətlərinin idarə heyətinin üzvü, I Uluslararası Ahıska türkləri qurultayının, Ahısqa türkləri "Vətən" cəmiyyəti qurultaylarının iştirakçısı olub. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü olub.

Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün "Ədəbiyyat" fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5-11-ci sinifləri üçün "Ədəbiyyat" fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin, Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Elmi-Koordinasiya Şurasının üzvüdür.

Azərbaycanın umumtəhsil məktəblərinin V-IX sinifləri ucun "Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi""Umumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili muəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn muəllimləri uçun muvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun "Ədəbiyyat" fənni üzrə İşçi qrupunun sədridir.

Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri və üzvüdür (2004). Bu cəmiyyətin Ekspert-konsultativ şurasının üzvüdür (2008).

Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№12) ilə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir.

Rossotrudniçestvanın “Dostluq və əməkdaşlığa görə” ("За дружбу и сотрудничество") Fəxri nişanı (2014), Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) 10 illiyinə “Müəllim adına sədaqət” ("За верность учительскому призванию") medalı (2014), Rusiya Federasiyasının A.S.Puşkin medalı (22 aprel 2016) ilə təltif olunmuşdur.

Qafqaz Universitetlər Birliyi Elmi şurasının üzvüdür (Türkiyə).

AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür. 2011-ci ilin noyabrından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədri olub.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının Redaksiya Şurasının üzvüdür.

"BSU Elmi əsərləri"nin baş redaktoru, "Rus dili və ədəbiyyatı Azərbaycanda", "Literaturnıy Azerbaydjan", "Qarapapaqlar" (Gürcüstan) jurnallarının, "Vestnik MQLU" ("Вестник МГЛУ", Россия, Москва), "Elmi dialoq" ("Научный диалог", Россия, Екатеринбург) elmi jurnallarının redaksiya şuralarının, "Filoloqun kitabxanası" seriyasının, "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasının, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", "Elm və cəmiyyət" məcmuələrinin redaksiya heyətlərinin, Yakov Qoqebaşvili adına Milli Pedaqoji Elmlər İnstitutunun "SAZRİSİ" ("Fikir", Gürcüstan, Tbilisi) Elmi əsərlərinin Elmi-konsultativ Şurasının üzvü, "Avrasya" Uluslar Arasi Araştirmalar Dergisinin (Türkiyə) Dış Temsilcisidir.

Professor Asif Hacıyev həmçinin "Şərqin səsi" qəzetinin və "ZiM.Az" saytının Redaksiya Heyətinin üzvüdür və o, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "XXI Əsrin Ziyalıları" MM Cəmiyyəti ilə birlikdə təsis etdiyi "Abdulla Şaiq" Fəxri mükafatı ilə təltif olunub.

Biz də fürsətdən istifadə edərək,
ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından
xalqımızın dəyərli ziyalısı, elimin-obamın ləyaqətli oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
gözəl vətəndaş, xeyirxah insan, görkəmli alim, tanınmış tədqiqatçı, folklorşünas, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin sabiq rektoru (2014-2016), Azərbaycan Universitetinin çox hörmətli professoru Asif Abbas oğlu Hacıyevi bir daha doğum günü
münasibətilə ürəkdən təbrik edirik!..
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi yaradıcılığında və
pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası
"Təhsil" Mərkəzinin rəhbəri,
“Ziya” qəzetinin və
"ZiM.Az" saytının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az



Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..


Şəkldə:
Prof. Asif Hacılıya
MHPİ fəxri professoru
diplomunun təqdimatı.






.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: