Ulaşlı Qiyas ağa Gürcüstan » Borçalı 7 Ekim Qədim Borçalı torpağı həmişə mərd kişilər, xeyixah insanlar, igid ərənlər məskanı olub. Bu ulu, möhtəşəm məkanı xatırlayıb yada salanda, bu mahalın neçə-neçə ağaları,bəyləri, kasıblara əl tutan adamları göz önünə gəlir, istər-istəməz onların etdikləri xeyirxahlıq əməlləri, elə-obaya xoş münasibətləri, xoş təəssuratlainsanı vəcdə gətirəcək dərəcədə qəlbə dolur, onlar haqqında deyilən və eşitdiyin hər bir səda səni ucaltmaq dərəcəsinə gəlir, onların keçdiyi şərəfli həyat yollarısənə qol-qanad verir, onların törəmələri olmağınla fəxt edirsən, ruhlanırsan, yüksəlirsən, ucalırsan. Borçalı mahalında adı-sanı çox-çox uzaqlara yayılan,bütün bölgələrdə şərəflə anılan Qasımlı Səməd ağa, Aslan ağa, Qızılhacılı Haley bəy, Darvazlı Mehralı bəy, Qaraçöplü İsaxan ağa, Qoşaisəli Kor İsmayıl,Qasımlı İstil İsmayıl, Çovuşoğlu, Mahmudoğlu və s. mərd ürəkli, xeyirxah, bacarıqlı, qabiliyyətli şəxslər yaşamış və geniş fəaliyyət göstərmişlər. Onlardan biri də öz xeyixah əməlləri ilə elə-obaya öz kömək əlini heç vaxt əsirgəməyən Ulaşlının qeyrətli oğlu Qiyas ağa Hacı Söyün oğlu olmuşdur. Qiyas ağanın əməlləri, fəaliyyəti haqqında çox az məlumatımız var. Bu məlmatları o dovrü görmüş şəxslərin, özlərindən sonrakı nəsillərə söylədikləri danışıqlardan, elin, elatın qocaman sakinlərindən eşitdiyimiz söhbətlərdən öyrənə bildik. Bir də Qiyas ağa ilə həmiyaş olan mənim ata babam İstil İsmayılın həyat yoldaşı Qiymət xanımın mənə söylədiyi olaylar, az da olsa Qiyas ağa haqqında bəzi məlumatlar bizə gərək oldu. Gələcəkdə bu xeyriyyəci, səxavətli, bütün eli bir gözdə görən insan haqqında bir kitab yazmaq zərurəti də məhz bu məlumatlardan yarandı.Qiyas ağa haqqında eşitdiklərimi saf-çürük eyləyərək həqiqətə oxşar olanlarını yazmağı qərara aldım. Qıyas ağa Hacı Söyün oğlu 1875-ci ildə Borçalı qəzasının Ulaşlı elində dünyaya göz açmışdır. Onun atası Hacı Söyün həddən artıq varlı-hallı, həm də xeyirxah,səxavətli şəxslərdən biri olmuşdur. Qiyas ağa Uşaqlıq vaxtından çox zirək, qabiliyyətli, ağıllı, qoçaq, qeyrətli, atasının yolu ilə gedən, sözün əsl mənasında el qədri bilən bir şəxs olmuşdur. Onun ən yaxın dostlarından biri də məşhur el qəhrəmanı Qasımlı İstil İsmayıl olmuşdur. İstil İsmayılla həmyaş olan ( İstil İsmayıl 1876-ci ildə Qasımlı elində anadan olmuşdur) Qiyas ağa həmişə onun yanına məsləhətə gəlib, ondan müdrik məsləhətlər alarmışdır. Nənəm Qiymət xanım( İstil İsmayılın birinci arvadı—o Qaçağanlı ağalarından olan Topçulu Alı bəyin baçısı idi) danışırdı ki, bir axşam Qiyas ağa bir neçə nəfərlə bizəgəldi. İsmayıl dərhal bir quzu kəsdirib, böyük qonaqlıq təşkil elədi. Ziyafətdən sonra Qiyas ağa İstil İsmayılla ayrıca bir otaqda xeyli məsləhətləşdilər. Ondan bir neçə gün sonra İsmayıl mənə bildirdi ki, Urusetdə təzə hökumət qurulub, ağaların,bəylərin torpaqlarını, var-dövlətini əllərindən alıb ümumiləşdirir, yeni icmalar yaradır, torpaqları alıb yoxsul insanlara paylamaq istəyirlər. İstil İsmayıl o dövrdəbanditizmə qarşı mübarizə dəstəsinin rəhbəri idi. Sonra o əlavə edib dedi ki, Qiyasağa Türküyəyə bacısı Gülər xanımın yanına getmək istəyir. Qiymət nənəm o vaxtİsmayıldan soruşur ki, sən ona nə məsləhət verdin. İsmayıl deyib ki getmə ay Qiyas ağa yeni hökumət türküyə ilə yolu bağlayıb. Onda Qıyas ağa İsmayıla deyib ki, mənim tanış adamlarım var, sərhəddi keçməkdə bizə kömək edəcəklər. Mən təkgetmirəm, bir neçə adlı-sanlı ağalarla gedirik, tez də geri dönəcəyik, bizə qarşı yeni hökumət qərəzli mövqe tutur- Qiyas ağa fikirli halda əlavə etdi. Qiyas ağa 1928-ci ildə bir dəstə ağa-bəylə Türkiyəyə gedir, O cümlədən Qasımlı Aslan ağanın oğlu İskəndər ağa da o dəstədə olur. Çünkü İskəndər ağa Qori Müəllimlər Seminariyasını təzəcə bitirmiş və kənddə məktəb açaraq dərs deyirdi. Qiyas ağanın Türkiyəyə gedib gəlməyi xeyli çəkir. O, bacısı Gülər xanımın vəziyyətinin yaxşı olduğunu və xeyli oğul-uşaq sahibi olduğunu öyrənir. Geri vətənə dönən Qiyas ağanı yaxşı qarşılamırlar, hökümət ona pantürküzim damğası vuraraq vətən xaini adlandırır. 1930-cu ildə qardaşı Əhmədlə, böyük oğlu Məhəmmədi Maqadana sürgün edirlər. Ondan sonra bu nəslə güclü təqiblər olur və 1933-cü ildə bütün ailə üzvlərini Sibirə sürgün edirlər. Kiçik oğlu Hümbəti də məktəbdən ayrıb sürgünə gedənlərə qoşurlar. Bu vaxt Qiyas ağa çıxılmaz vəziyyətdə qalır, yenidən Türkiyəyə getmək qərarına gəlir... 2002-ci ilin payız ayı idi, evimin II mərtəbəsində eyvanda oturub “Okean” əl radioqəbuledici ilə Türkiyənin Qars radio kanalı ilə verilən ədəbi bədii verlişə qulaq asırdım. Qəfildən aparıcı sözü türk aşıqlarına verdi. Bir neçə aşıq oxuduqdan sonra Qarslı qocaman bir aşığa söz verdilər. Aşığın adı yadımda qalmayıb, onun söylədikləri çox yaxşı yadımdadır. Qocaman aşıq əvvəlcə Çıldır mahalının Suxara kəndindən olan məşhur aşıq Şenlikdən xeyli danışdı. Sonra onun Borçalıya getməsi, burdakı ağalara qonaq olması, onun Borçalıda böyük təmtaraqla qarşılanması haqqında maraqlı söhbətlər etdi. Aşıq Şemliyin məşhur Borçalı “Koroğlusu” Səməd ağanın evində olması, ağanın aşığa böyük hörmət etməsi onu təpədən dırnağa bəzəməsi, əlindən aldıqları atı və qızıllarını erməni qoruxçularından alıb geri qaytarması haqqında maraqlı xatirələr danışdı. Şenliyin Səməd ağaya və onun dəstəsinə həsr etdiyi məşhur “Əfədim” şeirini xoş avazla oxudu. Axırda bu ustad aşıq Ulaşlı Qiyas ağa haqqında maraqlı bir söhbətə başladı:--Təqibdən qaçıb canlarını qurtarmaq üçün Qiyas ağa bir neçə varlı-hallı bəyzadələrlə Borçalıdan Türküyəyə gəlməli olurlar. Payızın qışa dönən vaxtında ağalar hazırlaşıb atlanaraq, xoruzın ilk banında sərhəddə yaxın olan Qaraxaç dasğlarına çatırlar. Buradan Gümrü yolu ilə Türküyəyə-Qars şəhərinə getmək üçün çox çətin, daşlı-qayalı dağ yolu var idi. Ağaların dəstəsi burdan keçib Ağlağana girməli və ordan sərhəddi keçmək asan olacaqdı. Qiyas ağa hündür bir yerə çıxıb dörd tərəfi seyr eylədi. Hava yenicə açılır, ala-toranlıq işığın təsirindən əriyib gedir, dağ yamacları işıqlanmağa baçlayırdı. Bu vaxt dəstə üzvlərinə xəbər çatır ki, dördtərəfi kazak dəstəsi tutub, onların sərhəddi keçməsinə mane olmaq istəyirlər. Qıyas ağa baxdı ki, hər tərəf dumana,çənə qərq olub, göz gözü görmür. Bu hal ağaya bərk təsir etdi, artıq o başa düşdü ki, mühasirəyə düşüblər. Onların Türküyəyə getmələrini kimsə kazaklara xəbər vermişdir. Aradan bir müddət keçdi, bir az duman çəkildi. Qiyas ağa dayandığı hündür yerdən Ulaşlıya sarı boylandı, ürəyi qubar eylədi, eli-obası övladları yadına düşdü, üzünü ondan sol tərəfdə dayanmış yaxın dostu Mansur ağaya döndərib kədərli bir səslə bədahətən asta-asta züm-züməetməyə başladı: Duman tutub Ulaşlının üstünü, Məlhəmin yoxdumu yaraya dağlar. Hər yerdə yurd salıb kazak dəstəsi, Gətir duman, çəni araya dağlar.Bu züm-zümədə bir niskil, kədər duyan Mansır ağanın gözləri yaşardı. Qaraxaç dağlarının bu səhər əyyamında Qıyas ağaya təsəlli vermək istədi. Bu zaman Qiyasağa üzünü dağlara çevirdi. Qaraxaç dağlarının başındakı duman layları yavaş-yavaş çəkilməyə başladı. Zirvələrin əsrarəngiz gözəlliyi ona bir təpər, bir qüvvətverdi. O bu yalçın qayalardan yaşıl ormanlı dağlardan imdat istədi, övladları,sevimli arvadı Nazlı xanım yadına düşdü: Dağlar sənin qüzeyinnən, qarınnan, Ətrafında baxçasınnan, barınnan, Kommunuslər ayrı saldı yarımnan, Onunçün büründüm qaraya dağlar. Mansır ağa yerindən qalxıb ona yaxınlaşdı, təsəlli vermək istədi. Lakin Qiyas ağaözündə-sözündə deyildi. Ona heç bir təsəlli kömək edə bilməzdi. Hava yavaş-yavaş işıqlandı, artıq ətraf görünməyə başladı. Onlardan xeyli kənarda qayaların arxasından kazakların tüfəng lülələri görünməyə başladı. Qıyas ağa bulud kimi dölmuşdu. Yenə Ulaşlıya sarı boylandı. Duman, çən çəkilib getmişdir. Dağların, yaşıl yamacları, Ulaşlıya sarı uzanan əyri-üyri yollar görünməyə başladı. Qiyas ağanın övladları Məhəmməd, Hümbət, qız balaları göz önünə gəldi, keçmiş günləri,eli-obası yadına düşdü: Bir zamanlar fələk mənə yar idi, Oğul-uşaq, var dövlətim var idi, Taleyim günəşli bir bahar idi, Qiyası saldınız haraya dağlar.Aşıq söhbətini burda bitirdi. Bu təsirli əhvalatdan mənim də gözlərim yaşarmışdur. Sonralar dəfələrlə Qars radio-kanalına qulaq asdım o qocamanQars aşığının bir daha səsini eşitmədim... Səyavuş UYĞUN Şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.