FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962) Fərman Qulam oğlu Əliyev - 1962-ci ildə Qədim Qabal elində - indiki Gürcüstan Respublikasının Laqodexi rayonundakı Qaracalar kəndində
dün­yaya göz açıb.
O, APİ-nin (indiki N.Tusi adına AD­PU-nun) filologiya fakültəsini bitirib, hazırda doğma kənd­lərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.

Sevimli şairimiz Zəlimxan Yaqub Fərmanın ilk şeirlərini «İsti nəfəslə» sərlövhəli ön sözlə birgə «Azərbaycan gənc­ləri» qəze­tinin 26 mart 1991-ci il tarixli nömrəsində oxu­cuların ixtiyarına vermişdir.

Z.Yaqub yazmışdır: «Yazıçı» nəşriyyatına gəlmişdi. Gözdən iraq, könüldən qı­raq kəndlərimizin ağrı-acıları, qayğıları ilə bağlı pub­lisistik yazılarını, top­ladığı folklor nümunələrini və maraqlı şeir­lərini gətirmişdi. Dərdini danışdı, giley-güzaranı bildirdi, şeirlərini oxudu. «Dərdli deyingən olar», - deyiblər. Yaxşı ki, bu deyin­­gənlik onun dilində dedi-qoduya dön­mə­miş, poetik mis­ralara çevrilmişdir.
Onun şeirləri oxucu ilə isti nəfəslə, isti pıçıltılarla danı­şır. Yurd itirmək qorxusu qəlbinə damanların, köç üstündə yaşayanların, yurd-yuvanı qorumaq istəyənlərin yanıqlı duy­ğularını dilə gətirir».


Biz də Fərman Əliyevə uğurlar diləyir və onun kiçik bir şeirini oxucu­larımıza ərməğan edirik.

BOYLANIN BİR

Bu yaz niyə üzdən gedir?
Güllər, bəri boylanın bir.
Gedən bircə sizdən gedir,
Çöllər, bəri boylanın bir.

Əl eyləyir «dünən» bizə,
Dinmə deyir dinən bizə.
Kəbinlidi bu qəm bizə,
… İllər, bəri boylanın bir.

Zaman gör nə həvəsdədi?
Göz yoldadı, əl üzdədi.
Bizim ellər köç üstədi,
Ellər, bəri boylanın bir.

Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi. Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. .



FƏRMAN ƏLİYEV (1962) P.S.: Bu günlərdə istedadlı şair
Fərman Qulamoğlunun
“Qabal – bura Vətəndir” adlı kitabı
Tbilisinin “Meridian” nəşriyyatında
nəfis şəkildə çapdan çıxmışdır.

Kitabda Qabal bölgəsinin (Qabal,
Gəncəli, Uzuntala, Qaracalar)
elmi, ədəbi-bədii folkloru toplusunda
tarixi önəmlərdən bugünümüzədək
yaranan şifahi və yazılı xalq ədəbiyyatı
nümunələri toplanıb.

Nəşrdə klassik el şairlərinin
yazıları ilə yanaşı,
çağdaş ədəbiyyatımızın tanınmış
nümayəndələrinin yaradıcılığı,
həmçinin elmi, ədəbi-bədii folklor
materialının toplusu öz əksini tapmışdır.

Kitabın oxucular tərəfindən maraqla
qarşılanacağına inanırıq.

Biz də belə bir dəyərli kitabın işıqüzü görməsi münasibətilə
hörmətli Fərman müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI.



My Webpage
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: