Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib Tiflis, Qarayazı, Diaspora 10 Mayıs 2017-ci il Mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən ZiM.Az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə baxıblar.Səfir Dursun Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, müasir Azərbaycan dövlətinin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. İstər sovetlər dövründə, istərsə də SSRİ-nin süqutundan sonra Ulu Öndərimiz Azərbaycanın inkişafı, beynəlxalq əlaqələrinin möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması istiqamətində mühüm işlər görüb. Bu gün regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək Yolu layihələrinin də müəllifi Heydər Əliyevdir. Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin formalaşmasında və inkişafında misilsiz xidmətlərini qeyd edib.Sonra tədbirdə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri, deputat Ruslan Hacıyev, Kvemo Kartli bölgəsinin qubernatorunun birinci müavini Kaxaber Quqebaşvili, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun necə müdrik siyasi və dövlət xadimi olduğunu qeyd edib, Gürcüstan ilə bağlı həyata keçirdiyi tədbirlərdən və bu ölkədən keçən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Ulu Öndərin müəllifi olduğu layihələr gələcək nəslin daha sağlam, problemsiz, sülh şəraitində yaşamaları üçün möhkəm zəmin yaradıb.Çıxışlarda Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyi xüsusi vurğulanaraq bildirilib ki, bunun nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü iştirak edib. Sonra tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordeni kavaleri Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib. Bildirilib ki, Tbilisidə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində işıqüzü görmüş kitabın ikinci nəşri iki dildə - Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub. Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov və “Gürcüstan” qəzetinin redaktoru, Gürcüstanın Əməkdar jurnalisti İslam Əliyevin redaktəsi ilə nəşr olunan kitabda müəllifin - Gürcüstanın Əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatında dərc olunan, eləcə də Azərbaycan və Gürcüstan televiziyalarında səslənən yazıları toplanıb. Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə də onun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuya çatdırılır. Qeyd edək ki, mayın 10-da səfirliyin və konsulluğun, hərbi attaşe aparatının əməkdaşları, Gürcüstandakı Azərbaycan şirkətlərinin nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında və Rustavi şəhərində Ulu Öndərin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.P.S.: Yaxın zamanlarda kitab haqqında oxucularımıza ətraflı məlumat dərc edəcəyik.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.