Nəğməli obanın nəğməkar oğlu

Nəğməli obanın nəğməkar oğlu
Adilxan BAYRAMOV,
filologiya elmləri doktoru,
tənqidçi, ədəbiyyatşünas,
sənətşünas, publisist, tərcüməçi


*Müəllifdən:
Bu yazı o vaxtlar Tiflisdə işıq üzü görən
“Sovet Gürcüstanı”qəzetində ( 5 oktyabr 1976- cı il) dərc edilmişdi. Önəmli odur ki, bu gün yaşa dolmuş Fərman (bütün yaşıdları kimi) yenə də həmin illərdə oxuduğu şuxluqla oxuyur, bizi həmin illərə qaytarır:

“Mən kösövü tüstülüyəm
Alovunda soyma məni...”


* * *

Ləlvər dağının ətəyində, Debet çayının sol sahilində bağlı-bağatlı böyük bir kənd var: Sadaxlı kəndi.
Kəndimizin yanında dəmir yolu keçir.
Hər gün bu yolla onlarla qatar gedir.
Kimisə, nəyisə uzaq-uzaq yerlərə aparır...

Kəndimiz öz qonaqpərvərliyi, duz-çörəyi ilə çox yerlərdə tanınır. Sadaxlının neçə-neçə alimi, həkimi, müəllimi, aqronomu var.
Neçə-neçə sənət adamı mehmanı olub bu torpağın. Vurğun gəlib bu yerlərə, Vurğun gəzib bu yerlərdə. Sazın, sözün beşiyidir kəndimiz…
Mənim yaşıdlarımın uşaqlığı da elə bu yerlərdə - Debet çayında, Muşul meşəsində keçib. Xüsusən yay aylarında – tətilə buraxıldığımız zaman daha çox bir yerdə olar, futbol oynayar, güləşər və mahnı oxuyardıq. Bəli, biz mahnı oxuyardıq. Debet çayının şirin pıçıltılarını dinləyə-dinləyə biz də zümzümə edərdik.

Aramızda öz xoş səsi ilə seçilən bir oğlan vardı: Fərman. Uca boylu, bir gədər arıq görünən bu oğlanın gözəl səsi vardı. Hələ lap kiçik yaşlarından oxumaqdan, qarmon çalmaqdan yorulmazdı. «Repertuar»ı çox geniş idi: «Sudan gələn sürməli qız», «Aman, ovçu, vurma məni», «Apardı sellər Saranı», «Olmaz-olmaz», «Ögey ana» filmindən İsmayılın mahnısı və bir çox başqaları.
Fərman məktəbdə də öz qarmonu ilə müxtəlif müsamirələrdə iştirak edər, şirin mahnıları ilə bədii gecələri rövnəqləndirərdi. Yaxşı yadımdadır. Bir dəfə qonşu Ləmbəli kənd məktəbində ədəbi- bədii gecə keçirilirdi. Fərman həmin tədbirdə bir neçə mahnı oxudu. Gurultulu alqışlar altında onu tez-tez səhnəyə qaytarırdılar. Gecəyə dəvət edilmiş tanınmış yazıçı - ədəbiyyatşünas Əkbər İrəvanlı səhnəyə çıxdı və Fərmanı bağrına basdı, qazandığı qələbəyə görə onu təbrik etdi. Bu hamımıza xoş təsir bağışladı və Fərmanı gözümüzdə xeyli böyütdü.

Nəğməli obanın nəğməkar oğlu Boş vaxtlarımızda, tənəffüslərdə, kolxoz tarlasında tütün dərməyə gedəndə Fərman elə hey musiqidən, onun gözəlliyindən danışardı. Müğənni İslam Rzayevə pərəstiş edərdi. Onun ifasında vala yazılmış «Zərif gülüşlü» mahnısına qulaq asmaqdan yorulmazdı.

…Quş qanadlı illər arxada qaldı. 1966-cı ildə orta məktəbi bitirdik. Kəndimizin yanından keçən qatarlara minib, öz arzularımızın arxasınca uzaq-uzaq yerlərə yola düşdük.
Fərman Sumqayıt şəhərindəki orta ixtisas musiqi məktəbinə (indiki Sumqayıt Musiqi Kolleci- Red.) daxil oldu. Hələ tələbəlik illərində Sumqayıt şəhərində istedadlı mügənni kimi tanındı. Kimyaçıların mədəniyyət sarayındakı vokal kollektivinin fəal üzvlərindən oldu. 1971-ci ildə təhsilin əla qiymətlərlə başa vurub elə Sumqayıtda da işləməyi başladı. Sonra isə hərbi xidmətə yollandı. Bu dəfə onun səsi daha uzaq yerlərdə eşidilməyə başladı. Yaxşı ifaçı kimi dəfələrlə komandanlığın təşəkkürünü aldı. Əsgərlik illəri də arxada qaldı. Fərman geri qayıdanda öz böyük arzusuna çatdı. Onu M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına dəvət etdilər. Fərman filarmoniyanın solisti oldu. (Onu da deyək ki, Fərman filarmoniyanın solisti olan ilk və hələlik yeganə həmyerlimizdir).

Nəğməli obanın nəğməkar oğlu 1974-cü ilin sentyabr ayı Fərmanın və onun yaşıdlarının yadından heç vaxt çıxmayacaq. Həmin gün Fərman bu müqəddəs sənət ocağının səhnəsində öz ilk addımını atırdı. Aparıcı elan etdi:

- «Şur təsnifi». Oxuyur Fərman Cəfərov.

O, kövrək, asta addımlarla səhnəyə gəldi, həyacanlı idi. Bunu üz-gözündən oxumaq olurdu. Lakin bu hal uzun sürmədi. O özünü ələ alıb təsnifi layiqincə oxudu. Mahnı qurtaranda salonu alqış səsləri bürüdü. Onu bir neçə dəfə geri qaytardılar. Həmin gecə müğənni Fərman Cəfərovun həyatında uğurlu addım oldu. Tez-tez filarmoniyanın səhnəsindən onun məlahətli və alqışlarla qarşılanan səs eşidildi. Dinləyicilərin əməlli-başlı sevimlisinə çevrildi.
Fərmanın səsi daha sonra ölkəmizin müxtləif güşələrindən eşidilməyə başladı. Tbilisi, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk və bir çox başqa şəhərlərə, rayon mərkəzlərinə qastrol səfərləri zamanı onu alqışladılar. Yerli qəzetlər onun ifaçılıq qabiliyyətinə yüksək qiymət verdilər.
Fərmanın ifasında səslənən «Səfalı günlər» xalq mahnısı hər dəfə dinləyiçilər tərəfindən hərarətlə qarşılanır. Hacı Xanməmmədovun «Güllü», Emin Sabitoğlunun «Qaşları kman», xalq mahnıları - «Ruhiyyə», «Daşlı qala» və başqaları da onun dinləyicilərinin sevimli mahnılarındandır.
Fərman ifaçılıqda heç kəsi təqlid etmir. Çalışır ki, musiqi aləmində öz izi, öz səsi olsun.

Fərman həm də həvəskar bəstəkardır, Onun «Solmazım», «İncimə məndən», «Mənsurəm» və başqa mahnıları müəlifin ifasında ödkəmizin bir sıra konsert salonlarında uğurla səslənmişdir.

Azərbaycanın görkəmli musiqi xadimləri Fərman haqqında yüksək fikirdədirlər. Bu yaxınlarda (avqust, 1976-cı il) «Azərbaycan gəncləri» qəzetində onun haqqında maraqlı bir yazı dərc edilmişdir. Burada Azərbaycanın əməkdar incəsənət xadimi Ağası Məşədibəyov, respublikanın xalq artisti Şöfkət Ələkbərova və əməkdar artist İslam Rzayevin Fərman Cəfərovun ifaçılığı haqqında fikirləri verilmişdir. Onların hər üçü Fərmanın parlaq gələcəyə malik müğənni olduğunu söyləyirlər.
Bu yolda həmyerlimiz Fərman Cəfərova uğurlar diləyirik!
1976
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: