Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!.. Mədəniyyət » M.F.Axundzadə adına Muzey 3 Mart Bu gün Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların təltif edilməsi haqqında sərəncam imzalayıb.Bu tarixi sərəncamda Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əjdər qızı Əliyevanın da adı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Leyla Əjdər qızı Əliyevaya Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.Azərbaycan Respublikasının Prezidentinin 3 mart 2017-ci il tarixli sərəncamı Leyla Əliyevanın rəhbərlik etdiyi kollektivin üzvlərini çox sevindirib. Leyla Əliyeva ona verilən fəxri adın Gürcüstanda mədəniyyət sahəsində çalışan bütün soydaşlarımızın əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. O, Prezident İlham Əliyevə bu yüksək qayğı və diqqət üçün böyük təşəkkürünü bildirib. L.Əliyeva 2008-ci ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru vəzifəsinə təyin olunub. O, işlədiyi müddətdə Azərbaycan mədəniyyətinin Gürcüstanda təbliği və inkişafı sahəsində təqdirəlayiq işlər həyata keçirib. Dəfələrlə Gürcüstan Mədəniyyət və Azərbaycan mədəniyyət nazirliklərinin “Təşəkkürnamə”lərinə layiq görülüb.L.Əliyeva son illərdə Gürcüstanda xalçaçılıq sənətinin inkişaf etdirilməsi üçün Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində böyük işlər həyata keçirir. Leyla Əliyeva bildirib ki, bu tarixi sənət Borçalı kəndlərində, Qaraçöpdə və digər bölgələrdə heç vaxt unudulmayıb: "Vaxt var idi ki, Gürcüstanda yaşayan azərbaycanlıların həyat tərzi yaxşı deyildi. Digər millətlərin nümayəndələri Borçalının kəndlərinə gəlib küçəbəküçə gəzərək xalça ustalarını tapır, onlara ucuz yolla xalça toxumaq üçün sifarişlər verir və azərbaycanlı qadınların toxuduqları nadir xalıları xaricə yad millətin adı ilə satırdılar. Beləliklə də Azərbaycan xalçaları özgə millətlərin xalçası kimi dünyada özünə yer tuturdu".L.Əliyeva artıq yeddi ildən çoxdur ki, muzeyin fəaliyyətini bu nadir xalça nümunələrinin toxunmasına, nadir xalçaçılıq sənətinin inkişafına yönəldildiyini bildirib: "Gürcüstanda 39 Azərbaycan kəndində biz hanalar qurdurub, müxtəlif ilməli xalçalar toxuduruq. Onu da qeyd edim ki, sifariş verdiyimiz xalçalar üçün tələb olunan xammalı özümüz tapır, yunu azərbaycanlı çobanlardan alır, onların da bu işdə marağını artırırıq. Xalçaların toxunmasında Borçalı ilmələrinə xüsusi fikir veririk. Bu üslub çox məşhurdur və Borçalı xalçaları digər xalça növlərindən fərqlənir". "Biz Borçalı xalçaçılıq məktəbinin inkişaf etdirilməsi üçün toxuculuq sexi və xalça dərnəyi açmaq barədə də fikirləşirik: “Düşünürəm ki, bu işin həyata keçirilməsində mütəxəssislərin də köməyinə ehtiyacımız var. Gələcəkdə əldə etdiyimiz gəlirləri Gürcüstanda Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsinə sərf etməyi nəzərdə tuturuq," - L.Əliyeva qeyd edib.Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevanın təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü ilə xalçaçılığa aid kitab da nəşr olunub.Tiflisdə Azərbaycan Mədəniyyət Muzeyi Gürcüstanda Azərbaycan mədəniyyətini, incəsənətini gürcülər arasında durmadan yayır. Mədəniyyət Muzeyində hər il gürcü və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin görüşləri keçirilir və bu tədbirlərdə Azərbaycan mədəniyyətinin əldə etdiyi uğurlar və yüksək göstəricilər haqqında ətraflı məlumat verilir. Bütün bu tədbirlərin keçirilməsində Leyla Əliyevin əməyi danılmazdır.Biz də ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli Leyla xanım Əliyevanı Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və mədəniyyət sahəsində həyata keçirdiyi işlərdə yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.