Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?

Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?Bayram Hüseynzadə,
Əməkdar jurnalist,
Siyasi elmlər üzrə fəlsəfə doktoru


Bu günlərdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariçin Azərbaycanla bağlı bəzi mətbuat orqanlarında qeyd olunmuş fikirləri diqqətimi cəlb etdi. İlk baxışda mən də sadə bir azərbaycanlı kimi özümə sual etdim ki, görəsən, 3 ilə yaxın ölkəmizdə fəaliyyət göstərmiş, həmişə bu xalqdan, bu dövlətdən hörmət görmüş bir şəxsin bizə nifrəti hardan qaynaqlanır?

Vaxtıma qənaət etmədən Riçard Kozlariçin tərcümeyi-halı ilə maraqlandım. Amerikalı diplomatın çoxillik fəaliyyətini bir peşəkar jurnalist gözü ilə nəzərdən keçirdim. Kiçik bir araşdırmadan məlum oldu ki, cənab Kozlariç uzaq Afrikadan tutmuş Şərq ölkələrinə qədər 32 il diplomatik fəaliyyət göstərib. Bəs onda nə üçün cənab diplomat ancaq Azərbaycanı hədəf seçib?

Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?Maraqlıdır ki, bu şəxs hazırda ABŞ-ın “məşhur” Sülh və Demokratiya İnstitutunda müsəlman ölkələri üzrə bölmə rəhbəridir.
Yəni anlaşılan dildə desək, bu ölkələrində insanların pozulan hüquqlarının bərpası ilə məşğul olmalıdır.
Ancaq Kozlariçin məntiqi bunu göstərir ki, ya dünyadakı müsəlmanlar təkcə azərbaycanlılardır, ya da müsəlman ölkələrində insanların bütün hüquqları yerindədir.
Adama deməzlər ki, bəs digər müsəlman ölkələrində- Suriya, İraq, Liviya, Əfqanıstan və Fələstində insan hüquqları heç pozulmurmu?
Azərbaycanda insan hüquqları bu ölkələrdən çoxmu pozulur?
Xidmət etdiyiniz dövlətlərin sayəsində yaradılmış terror təşkilatları müqəddəs Qurban bayramında heyvan əvəzinə insan başı kəsir. Heç bir günahı olmayan mülki vətəndaşlar, körpələr vəhşicəsinə öldürülür, yaşadıqları ərazilərdən didərgin salınır.
Məşhur filmimizdəki Abbasqulu bəy demişkən, bəs bunları kimin ayağına yazaq, cənab diplomat?
Bu hansı məntiqdir ki, erməni terrorçuları kəndlərimizə, evlərimizə, mülki vətəndaşlarımıza beynəlxalq aləmdə qadağan olunmuş mərmilər atanda səsinizi çıxarmırsınız, amma Əli Kərimlinin evinə bircə yumurta atılanda dərhal insan hüquqlarının pozulması haqqında bəyanatlar verirsiniz.
Budurmu sizin missiyanız? Siz hansı insan hüquqlarından danışa bilərsiniz?

Əlbəttə, bu gün orta statistik azərbaycanlı da bilir ki, siz və sizin kimilər yalnız düyməniz basılanda hərəkətə keçə bilirsiniz. Amma bilirsinizmi unutduğunuz nədir, cənab diplomat? Siz Azərbaycanda 1994-1997-ci illərdə çalışmısınız. O dövrdə yenicə müstəqilliyini əldə etmiş ölkəmizdə özünüzü səfir yox, hətta bəzən “II katib” kimi də aparmaq istəyirdiniz. İndi isə nə Azərbaycan həminki Azərbaycandır, nə də Amerika! Siz artıq bütün dünyada demokratiya maskası yırtılmış bir ölkənin, biz isə güclü, hətta yeri gələndə Amerikaya belə yerini göstərməyi bacaran bir dövlətin vətəndaşlarıyıq.

Nə yaxşı ki, 2005-ci ildə Amerika Birləşmiş Ştatlarına səfər etmək mənə də qismət oldu. Açıq cəmiyyətlərə qapatdığınız problemlərinizi gözlərimlə görə bildim. Nyu-Yorkdakı ticarət mərkəzlərinin birində Amerika polisinin oğurluq etməkdə şübhəli bildiyi zənci qadını vəhşicəsinə necə döydüyünü 10 nəfərlik nümayəndə heyətimizlə birgə şahidi oldum. Ona görə də diqqətinizi bir az da Amerika cəmiyyətinin yarımçıq qalmış problemlərinə, polis tərəfindən yalnız dərisinin rənginə görə addımbaşı döyülən və öldürülən günahsız zəncilərə, az qala dünyanı heyrətə gətirəcək vəhşilikləri ilə tanınan Quantanama həbsxanasında baş verən dəhşətlərə, bütün fəaliyyətini erməni lobbisi ilə iş birliyinə sərf etmiş Chris Smith kimi rüşvətxor konqresmenlərə yönəldin.Yəni, azərbaycansayağı desək, gedin öz işinizlə məşğul olun. Biz isə dünən də, bu gün də öz seçimimizi etmişik. Xoşbəxtlikdən Heydər Əliyevin uzaqgörən siyasəti ölkəmizi İraqa, Liviyaya, Suriyaya çevirməyinizə imkan vermədi. Sonuncu referendumun nəticələri isə sizə və sizin kimilərə ən tutarlı cavab oldu.

Cənab diplomat, bu xalq artıq ağı qaradan seçə bilir. Yəni bu o deməkdir ki, bizim artıq ağ-qara problemimiz yoxdur. Sizin ağ-qara probleminiz isə yəqin ki, hələ uzun illər davam edəcək. Bu qədər mənasız cəhdlərinizdənsə gedin öz ağ-qara problemlərinizlə məşğul olun.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: