Elida Muxayeva: Bu sənəti mənimçün seçiblər MEDİA, Köşə yazılar 22 Kasım “Yerimək istərkən yıxılıram. Nəfəs almağa çalışarkən boğuluram. Həyata sarılmaq istərkən daha da soyuyuram. Bilirsiniz niyə? Çünki mən mən deyiləm. Mən başqalarının görmək istədiyi biriyəm!” – söyləyir Məlahət. Uşaqlıqdan arzularla yaşayırdı. Öz kiçik dünyasında artıq öz gələcəyi haqqında öz planlarını qurmuşdu. Özündəki istedadı görür, bu yolda addımlamaq, zirvələri fəth etmək istəyirdi. Bu onun haqqı idi. Lakin valideynlər onun arzularının qarşısına tikanlı bir sədd çəkmişdilər. “Valideynlərim uşaqlıqdan rəqsə olan həvəsimi, arzumu görürdülər. İstedadımı isə görsələr də görməzdən gəlirdilər və balaca qızın şıltaqlığı və uşaqlıq arzusu adlandırırdılar”. İllər beləcə qovurdu bizi. Artıq bu balaca qızcığaz böyüyürdü. “Valideynlərim, mən hələ beşinci sinifdə oxuyandan mənim kim olacağıma qərar vermişdilər. Mən ingilis dili müəlliməsi ixtisasına yiyələnməli, müəllimə adını daşımalıydım. Axı qız başqa sənət sahibi ola bilməz. “Müəlliməlik qızlar üçün seçilmiş sənətdir” – deyə düşünürdü valideynlərim”. – qeyd edir Məlahət. İnsanlar var, həyatda hər istədikləri həyata keçir. Sanki taleləri öz əllərindədir. Həyat hər addımda üzlərinə gülür. Lakin Məlahət həyat üzünə gülənlərdən olmadı. Tale onu Məlahətin deyil, özünün istədiyi kimi mükafatlandırdı. “Mən orta məktəbi əla qiymətlərlə bitirsəm də, rəqsə olan həvəsim azalmırdı, tükənmirdi. Əksinə, mən boy atdıqca, bu arzum da mənimlə boy atıb böyüyürdü”. Həyatda həmişə ailəsini, valideynlərini düşünən bu zavallı qızcığazı düşünən, arzularının həyata keçməsinə can atan bir kimsə yox idi. Axı azyaşlı idi, ən əsası qız övladı idi. Kiçik yaşlı bir qız düzgün qərar verə bilməzdi. Arzulamaq hamıya xas olan bir hissdir. Bitməyən arzular bizi son mənzildə tərk edir. Məlahətin arzuları onu ağuşuna alıb, pərvazlandırır, hər yeni öyrəndiyi rəqs ona arzulamağa daha da stimul verir və onu dünyanın xoşbəxti edirdi. O artıq böyük qız idi və valideynlərinə görə yaşayır, onların istəyi ilə hərəkət edir, valideynlərin kəskin irad və narazılıqlarını gözlərindən sezir, onların istəyinə qarşı öz arzularını qurban verməli olduğunu anlayırdı. Və beləcə öz arzularını qəlbinin bir guşəsində dəfn etməyə çalışırdı. “Mən valideynlərimin istəyi ilə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul oldum. 4 illik tələbəlik həyatım bilmirəm necə gəlib keçdi. Çoxlarının unudulmaz saydığı, həyatının ən gözəl, ən şirin günləri adlandırdığı müqəddəs tələbəlik illəri mənim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Mən ancaq dərslərimi oxuyur, imtahanlardan kəsrim olmasın deyə savaşırdım. Çünki bu sənəti mənə seçmişdilər”.Yel qanadlı illər ömürdən sovrulub keçir, zaman ilmələnib sökülürdü. Həyat acısıyla, şiriniylə davam edirdi. Lakin bu qız zahirən gülsə də, könlündə qubar edən bu arzusunu bir saniyə belə unutmur, gizlin məşqlər edirdi. Tez-tez yuxusunda öz sevdiyi sənətində irəlilərə getdiyini, məşhur bir insan olduğunu görür, yuxu olsa belə onu xoşbəxt edirdi. Lakin realda bunun bir faydasını görmürdü. “Yiyələndiyim ixtisasda irəli gedə bilmirəm. Bilirsiniz niyə? Mən bu ixtisası sevmirəm. Mənimçün seçilmiş bu sənət mənə kiminsə zövqü ilə alınmış bir libas kimidir. Hər dəfə bu libası geydikdə, nə qədər zövqsüz olduğunu hiss edirəm”. Məlahət valideynlərinin ona seçdiyi yolda addımlamaq istədi, lakin bacarmadı. 25 yaşlı bu qız mənəvi şikəst oldu. Valideynlərin haqqı çatmır övladları şikəst etməyə. Nə tanrı, nə də hansısa bir qanun valideynlərə bu haqqı vermir. Övlad dünyaya gətirib, böyüdüb, yaradan qarşısında savab qazanan valideyn övladını mənəvi şikəst qoyaraq həyatda ən böyük, ən bağışlanmaz günaha imza atırlar!Dahi Nizami gözəl söyləmişdir: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Onunsa yeganə təsəllisi acı peşimançılıqla dolu göz yaşlarıdır. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.