"Mən peşəmlə fəxr edərək özümü xoşbəxt sanıram..."

"Mən peşəmlə fəxr edərək özümü xoşbəxt sanıram..." “Təhsil millətin gələcəyidir!..
Mən dünyada müəllimdən yüksək ad tanımıram!..”

Heydər Əliyev


Bəli, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev necə də gözəl deyib.
Həqiqətən də belədir!..
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad yenə də müəllimlikdir. Hər zaman təhsili və mədəniyyəti ilə dünya xalqlarına örnək olan Azərbaycan xalqı müəllimə qarşı çox diqqətli olub.
Bizim bu günkü həmsöhbətimiz də məhz müəllim adını şərəflə daşıyan və bu titula ömrünü şərəflə həsr edən dəyərli bir şəxsdir.


İsmayılov Rəcəb Abasəli oğlu - 2 aprel 1957-ci ildə Azərbaycanın şəfalı güşələrindən biri olan
Tərtər rayonunda anadan olub. Rəcəb müəllimin valideynləri əslən Qərbi Azərbaycanın İrəvan mahalındandır.
O, Bakı şəhəri Xətai rayonunda yerləşən 63 nömrəli orta məktəbi bitirdikdən sonra indiki
Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.
Hal-hazırda dövlət və özəl universitetlərdə tədris işləri ilə məşğuldur.
Yeni Azərbaycan Partiyasının və Auditor Palatasının üzvüdür.

Respublikada nəşr olunan bir çox qəzet və jurnallarda Rəcəb Vəfalının müxtəlif məqalələri çap olunub.
O, eyni zamanda, jurnalistlik fəaliyyəti ilə də məşqul olub; müxtəlif qəzet və jurnallarda müxbir, məsul katib, kommursiya direktoru, redaktor və digər vəzifələrdə çalışıb.
Respublikanın iqtisadi inkişaf sahəsində keçirilən bütün tədbirlərdə yaxından iştirak edir.
Hazırda eyni zamanda "SALDO" qəzetinin təsisçisi və baş redaktorudur.

- Rəcəb müəllim, 20 il bundan əvvəlki tələbələrlə, müasir tələbələr arasındakı fərqi nədə görür?
-Universitetdə işlədiyim vaxtdan tələbələrimin hamısı ilə dostam. 20 il bundan əvvəlki tələbələrlə, müasir tələbələr arasında olduqca böyük fərq var. Əvvəlki tələbələr eyni mənbələrdən istifadə edirdilərsə, müasir tələbələr müxtəlif mənbələrdən istifadə edirlər. İndiki vaxtda oxumayan tələbələr olsa da, oxuyan tələbələrimiz çoxluq təşkil edir.

-Müasir gənclərdə sizi qane edən və etməyən amillər hansılardır?
-İndiki gənclərin çoxunda təhsilə meyillilik yoxdur. Baxın, bunların bu yönü məni heç də qane etməyir. Müasir gənclər ancaq maddiyyatı düşünür, təhsil isə onlar üçün ikinci planda qalır. Mənə elə gəlir ki, onlar ali təhsilə meyilli olsalar öz gələcəklərini sağlam situnlar əsasında qururlar.

-Hal-hazırda mütaliə etməyə vaxt tapırsınızmı?
-Mütaliə etmədən mən rahat olmayıram. Özüm Universitetdə müəllim işləsəm də, hər gün kitab oxuyuram. Adicə boş vaxtım olanda kitab oxumqla məşğul oluram. Hal-hazırda çalışdığım universitetdə oxuduğum vaxtlardan bu yana mən bütün dünya ədəbiyyatının yazıçı və şairlərin kitablarını oxumuşam. O yazıçı, şair olmaz ki, mən oxumayam. Bu ola bilməz. Gənclərin çoxunun mütaliə etməməkləri məni çox üzür. Mən hələ gənc olduğum vaxtdan əməyə və zəhmətə qatlaşdım. Yadıma düşməyir ki, nə vaxtsa valideyn və qohum hesabına hərəkət edəm. Ümumiyyətlə, istər orta məktəbdə oxuyanda, istərsə də ali məktəbdə təhsil alarkən belə, sinif nümayəndəsi olmuşam.

-İnsanlar öləcəyini və günahın nə olduğunu bilə-bilə niyə günah edirlər?
-Həyatda və cəmiyyətdə öz sözünü deyən mütəfəkkir şəxslər ölümü qəbul edirlər. Öz qiymətini bilən şəxs hər zaman ölümü gözünün qarşısına gətirərək xalqına və millətinə namusla xidmət etməlidir. İnsanlar çox günah etməkdən sanki zövq alırlar. Günah etmək elə özü günahdır. Özünə hesabat verən hər bir şəxs ətrafındakılara xoş münasibət bəsləməlidir. Yaşadığı günləri qiymətləndirməyi bacarmalıdır. Qısa deyim ki, özünü dərk edən insan, insan adını daşıyan şəxs günah iş görməməlidir.

-Həyatda uğurlarınız olubmu?
-Bəli, olub. Mən peşəmdən əlavə olaram həm idman, həmdə musiqi sahəsində də professional olaraq çalışmışam. Sovetlər dönəmində bu iki sahə üzrə Azərbaycan Respublikasını Avropada təmsil etmişəm.

-Musiqiyə bağlı insansınız?
-Musiqi mənim ruhumun qidasıdır. Musiqi ilə hələ uşaq və gənc yaşlarından məşğul olmuşam. Əslində mən tarzənəm. O vaxtlar bir çox məşhur xanəndə və müğənnilərimizi müşayət etmişəm. hal-hazırda boş vaxtlarımda tarı sinəmə basıb ifa edirəm. Ümumiyyətlə, muğam mənim qanıma hopmuş bir eşq mücəssəməsidir.

-Eşq demişkən, qəlbinizdə sevgi hissi varmı?
-Sevgi Allahdan verilən bir duyğu olsa da, o mənim qismətimə yazılmayıb. Buna baxmayaraq mən bütün insanları çox sevirəm.

-Rəcəb müəllim üçün ümumi sevgi nədir?
-Mən deyərdim ki, hər bir insan sevməlidir, amma sevgi heç kəs üçün deyil. Sevən insan xoşbəxt olur. İnsanları həyatında sevgi yoxdursa yaşamağa deyməz. Müsair zamanda sevgi iki cürdür, mücərrəd formada olan sevgi, bir də həqiqi mənada olan sevgi. Mücərrəd formada hamı sevə bilər, ancaq həqiqi mənada sevənlərin sayı nədənsə azdır. Amma istərdim ki, həqiqi mənada sevənlərin sayı çox osun. Mən onlara baxaraq fəxr duyum və sevinim.

-Müsahibə üçün son olaraq nə demək istərdiniz?
-“Sağlam ailə” jurnalının təsisçisi Xanım müəlliməyə və kollektivinizə minnətdarlığımı bildirirəm. Bu gün üçün son olaraq müasir gənclərimizə gözəl ünsiyyət qurmağı və gözəl ailə səadəti arzulayıram.

-Hörmətli Rəcəb müəllim. Biz də maraqlı söhbət üçün Sizə təşəkkür edir, eləcə də fürsətdən istifadə edərək, bu yaxınlarda təsis etdiyiniz və ilk sayı artıq oxucular tərəfindən böyük maraqla qarşılanan "SALDO" qəzetinin fəaliyyətə başlaması münasibətilə Sizi ürəkdən təbrik edir,
Sizə bir-birindən şərəfli olan həm pedaqoji, həm jurnalistlik, həm də ictimai fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayırıq!..


Xəyalə Məmmədli,
"SAĞLAM AİLƏ",
"ZiM.Az"


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: