VİDADİ VƏLİYEV (1964)

VİDADİ  VƏLİYEV  (1964) AD GÜNÜNÜZ MÜBARƏK, ŞAİR!..

"SAZLI-SÖZLÜ BAŞKEÇİD" adlı
kitabımızdan sətirlər
:


Vidadi Bəhman oğlu Vəliyev 1964-cü il oktyabrın 6-da qədim Başkeçid (indiki Dmanisi) rayonunun Aşağı Qarabulaq kəndində anadan olmuşdur. 1971-ci ildə kənd 8-illik məktəbinin birinci sinfinə getmiş və 1979-cu ildə məktəbi bitirib Qardabani rayonunda 10-saylı Texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. 3-il oxuyub qurtardıqdan sonra Avto çilingər ixtisasına yiyələnmişdir. Murmansk vilayətinin Severomorsk şəhərində Hərbi xidmətdə olmuş, 1986-cı ildə ailə qurmuş, iki oğlu və iki nəvəsi vardır.
Hazırda Qazaxstanın Petropavlovsk şəhərində yaşayır. Gündə 600-ton un istehsali edən “Kainat” adlı müəssisənin müdiri vəzifəsində çalışır.
Vidadi Vəliyev də gözlərini açandan təbiətin gözəlliyinin vurğunu olmuş, dağların saf çeşmələrindən su içib bu gözəlliklərdən ilham alaraq məktəb illərindən şeirə-sənətə bağlı olmuş və özü də şeir yazmağa başlamışdır.
1987-cı ildən Rusiyanın müxtəlif vilayətlərində yaşasa da, müxtəlif yerlərdə işləsə də, qələmi əldən buraxmayıb, Vətən nisgili çəkən istedadlı qəlm sahibi günü-gündən gözəl şeirləri ilə internet səhifələrində tez-tez görünür və müzakirələrə qoşulur. Onun şeirlərdən bir neçəsini oxucularımızın nəzərinə çatdırırıq...

Müşfiq BORÇALI.



BORÇALIM

Ozan, şair, aşıq, qeyrət Vətənim,
Qoca dağlarından çəkilməz çəni.
Bənzəri heç olmaz, gəzsən dünyanı,
Qürbətdən oraya çəkir xəyalım,
Ey mənim şöhrətim, şanım, Borçalım.

Hər qarış torpağın, doğma, müqəddəs,
Dostun öz evidir, düşmənə qəfəs.
Səndə qəlbi qara alammaz nəfəs,
Başına dolanım, qadanı alım,
Ay mənim ürəyim, canım Borçalım.

Səndə anam mənə deyibdir layla,
Qoynunda boy atdım, harayla, hayla.
Səni düşünürəm, günlərlə, ayla
Ey baba sərvəti,- dövlətim, varım,
Canım sənə qurban, mənim Borçalım.

O ELİN QƏDRİNİ BİLƏNLƏR HANI?

Qəlbim dəniz olub, coşub-çağlayır,
Yıxıb bənd-bərəni yolu bağlayır,
Dağların qoynunda elim ağlayır,
Gözlərin yaşını silənlər hanı?

Bulaqlar başında yeyib-içənlər,
Çeşmənin gözündən əyilib içənlər,
Indi, üz çevirib yandan keçənlər
Sözdə eli üçün “ölənlər” hanı?

“Mənəm-mənəm” deyib bığını buran,
Elin sərvətini yeyib quduran,
Ortalığı qatıb, aranı vuran,
O vaxt “mənəm-mənəm” deyənlər hanı?

O el, bir el idi, günəş tək saçan,
Indi qaçmaq istər orda göz açan,
Həyəti ot basıb, evləri siçan,
O elin qədrini bilənlər, hanı?

Vidadi, dostunu, düşməni tanı,
Dostlar lap az qalıb, bax, barmaq sanı,
Yüz də gəz, sən dolan bütün dünyanı,
Tapmazsan, o deyib-gülənlər, hanı?

DƏYMƏ

Getdiyin yollara baxıb ağlayan,
Ağlar gözlərimin yaşına, dəymə.
Məni hey yandırıb, sinəm dağlayan,
Qəlbimin dağlanmış başına, dəymə.

Vaxt vardı, sevgini məndə tapardın,
Alıb ürəyimi, məndən qopardın...
Bütün varlığımı alıb apardın,
Indi də ağlıma, huşuma dəymə.

Nə mənə zəng edib, nə namə yazma,
Mənim sözlərimi min yerə yozma,
Vidadi adını, yadından pozma,
Mənim baharıma, qışıma dəymə.

LƏKƏ BİLMƏZ

Ömür boyu qanqal əkən,
Təzədən gül əkə bilməz.
Bəhsə düşüb gül əksə də,
Zəhmətini çəkə bilməz.

Şeytan girər min bir dona,
Qeybət edər ona, buna,
Əyri səmtə düşsə yony,
El yığılsa bükə bilməz.

Qara bilməz, ağ çəkəni,
Qəlb unutmaz dağ çəkəni,
Ürəkdəki yüz ləkəni,
Ürək bilər, ləkə bilməz.

Bu dünyanın üzü dönüb,
Kül qaralıb, ocaq sönüb,
Yıxan bir də geri çönüb,
Yıxdığını tikə bilməz.

QARABULAĞIM
Sədi Yaradanqulu ilə deyişmə


Vidadi Vəliyev:
Daş olam qayasında, bulağında buzlu su,
Ordan getdim, ordadı, ürəyimin arzusu.
Arzum, murazım mənim, bu qəlbimin duyğusu,
Qəlbimin təsəllisi, çətin anda dayağım,
Bir baxsana yad olub, mənə Qarabulağım.

Sədi Yaradanqulu:
Bir yerə gediş-gəliş olmasa, bil yad olar,
Bir qığılcım qoparsa, düşən yerdə od olar,
Ayaq bassan yurdlara, daş-divar da şad olar,
Bir zamanlar mənim də olmuş idi oylağım,
Yad deyilsən sən mənə, gözlə, Qarabulağım!

Vidadi Vəliyev:
Çıxmayır xəyalımdan, damarımda donur qan,
Mümkün deyilki olsun, menim kəndimdən doyan,
Məni ona yad edən, özünə həsrət qoyan,
Qəhər boğur, dözmürəm, titrədikcə dodağım,
Nədən belə həsrətəm, sənə Qarabulağım?...

Sədi Yaradanqulu:
Bizə doğma olubdu, daşı, otu, torpağı,
Çəmənlikdə hər açan, gül-çiçəyi, yarpağı,
Xəzan vurubdur indi, talan olubdur bağı,
Bir zamanlar mənim də olub doğma yaylağım,
Sənə həsrət qalmışam, gözlə, Qarabulağım!

Vidadi Vəliyev:
Qürbət el başımızda gündə bizim yüz xata,
Bununçünmü gəlmişik, biz düyaya, həyata,
O, doğma yurd, o Vətən, qoymarıq orda bata,
Nə vaxtsa doğma evdə yanacaqdır çırağım,
Bilsin mənə yad olan, mənim Qarabulağım.

Sədi Yaradanqulu:
Ayrılıq: - intizardı, gözlərdə gözyaşıdı,
Həsrət: - nisgil yüküdü, qərib özü daşıdı.
Nə ömürün sonudu, nə də ömrün başıdı,
Bilirəm ki, yolumu, gözləyir od - ocağım,
Dönəcəyəm mən sənə, gözlə, Qarabulağım!

Vidadi Vəliyev:
Aparır xəyal məni, uzağa, düşünəndə,
Baxtımız bağlanıbdı, qismət düşüb kəməndə,
Kimin günahıdır bu, yurd salıb niyə məndə?
Döndüm köhnə kitaba, itdi səhfəm, varağım,
Bil ey mənə yad olan, canım Qarabulağım.

Sədi Yaradanqulu:
Bu taleyin hökmümü? Bu bir könül yarası!
Ya qismətdir, bu baxtdır, hələ bunlar harası...
Ruhların qarşısında, bəlkə bu üz qarası,
Gələnmirik, getmirik, çağla a Göy bulağım,
Ollam sənin qonağın, gözlə, Qarabulağım!

Vidadi Vəliyev:
Vətənini sevən kəs, Vətənini unudmaz,
Vətən dediyin yeri, satanlar məni qanmaz,
Orda bitən gül-çiçək, ürəyimdə solanmaz,
Vidadinin nəyi var, sənsiz, yanan çırağım,
Sevdiyim, darıxdığım, canım Qarabulağım.

Sədi Yaradanqulu:
Sədi Qədiroğluyam, Palıdlıya çıxacam,
Salamməlik kəndindən sənə bir də baxacam,
Çayların tək qovrulub, daha da gur axacam...
Pöhrə-pöhrə boy atıb burda qolum, budağım,
Gözlə yolumu mənim, gözlə, Qarabulağım!
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: