Azərbaycanın ilk hüquq professoru "Şərqin səsi", Tiflis, Hüquq 10 Nisan 15 mart 2011-ci ildə Bakıda Atatürk Mərkəzində Azərbaycanın ilk hüquq professoru, hakim, tərcüməçi-diplomat Mustafa ağa Vəkilovun 110 yubileyi ilə əlaqədar anım tədbiri keçirilib.Elxan Salahovun Lent.az-a verdiyi məlumata görə, tədbir "Koroğlu" üverturasının səslənməsi ilə başlayıb. Tədbirin təşkilatçılarından olan hüquqşünas Səməd Vəkilov deyib ki, Azərbaycanın ilk hüquq professoru Mustafa Vəkilovun yubileyi tədbirləri Bakıdan əvvəl Gürcüstanda təşkil olunub. Onun sözlərinə görə, 2009-cu ilin yanvarında Gürcüstanda fəaliyyət göstərən hüquq müdafiəçisi, Milli Azlıqların Hüquq Müdafiəsi Monitorinqinin qrup rəhbəri Elbrus Məmmədovun rəhbərlik etdiyi QHT koalisiyası tərəfindən Mustafa Ağa Vəkilovun anadan olmasının 110 illiyi çərçivəsində Azərbaycan və fransız dillərində Azərbaycanın ilk hüquq professorunun həyat və yaradıcılığından bəhs edən kitabı nəşr olunub. Həmçinin Turan Film Kinostudiyasında professor haqqında sənədli filimin çəkilişinə başlanıb. Müvəkkil Hüquq Mərkəzi isə professorun yubileyinə həsr edilmiş “Məhkəməyə etimad” layihəsini artıq başa çatdırıb.Hüquqşünas Aydın Kərimov Mustafa Ağa Vəkilovun yubileyinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və Azərbaycan klassik hüquqşünaslar nəslinin elmi irsinin araşdırılmasını vacib olduğunu vurğulayıb. Hüquq elmi üzrə fəlsəfə doktoru Bəhruz Kərimov Mustafa Ağa Vəkilovun həyatı və elmi fəaliyyətindən danışarkən onu müstəqillik və sovet dövrünün ziddiyyətlərini həyatında əks elətdirən bir şəxsiyyət kimi xarakterizə edib. Tədbirdə çıxış edən professor Həsən Əlibəyli Mustafa Vəkilovun hüquq və əxlaq məsələlərindən bəhs edən əsərinə toxunaraq cəmiyyətdə əxlaq məsələlərinin ön planda olmasına ehtiyac olduğunu bildirib. Xalq şairi Vaqif Səmədoğlu vəkilovlar nəslinin repressiyasından, Cümhuriyyət irsinin tədqiqatçısı Teyyub Qurban Mircəfər Bağırovun Ensiklopediyanın yaradılmasını Mustafa Vəkilova həvalə etməsindən, bundan bir neçə il sonra Vəkilovun əksinqilabçı müsavatçı təşkilatda iştirakına görə sürgün olunmasından danışıb.* * *Qeyd edək ki, Mustafa ağa Məhəmmədağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə I oğlanlar gimnaziyasında orta təhsilini başa vurub. Həmin ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. 1919-cu ildə Bakıya gəlib və Azərbaycan Xalq Cumhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib, Fransadakı Paris Universitetinin hüquq fakültəsinə daxil olub. AXC-nin rus imperiyası tərəfindən süquta uğraması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalıb. Ancaq Mustafa Vəkilov öz imkanları hesabına təhsilini davam etdirib. Sonra Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun təşəbbüsünə əsasən, xaricdə təhsil alanların təqaüdü bərpa olunub. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya - Kremlə gəlib, orada MİK sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. O, bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. Mustafa Vəkilov Bakıda Konyuktor Bürosuna "ştatbüro"da əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışıb. Eyni zamanda Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunub. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunub. Sonra əsasən 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olub. Az.DETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunub. 1930-1931-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturanın ilk buraxılışını) dosent dərəcəsi alır. Ardınca iki iri elmi əsər yazır: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq". 1935-ci ildə isə gənc alim ASSR Konstitusiyasının türk mətninin redaktoru olub. Mustafa Vəkilov eyni zamandə tərcümə və redaktə işləri ilə məşğul olub, habelə rus, fransız, alman dillərini mükəmməl bilib. 1935-ci ildə o, dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının ilk professoru olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında xüsusi müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə" 5 il müddətinə azadlıqdan məhrum edilib.Mustafa ağa Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.Allah rəhmət eləsin!..Ruhu şad olsun!..Müşfiq BORÇALI,"Şərqin səsi" qəzeti, 20 Mart, 2011.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.