AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib Azərbaycan Milli Elmlər Akademiyasında doktorant, dissertant və magistrantlar üçün yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib.

Müşavirədə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov, elmi müəssisələrin təhsil şöbələrinin rəhbərləri, doktorantura, dissertantura və magistraturada təhsilin təşkilinə bilavasitə məsul olan şəxslər iştirak ediblər.


Tədbiri giriş sözü ilə Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov açaraq yay imtahan sessiyasının doktorant və dissertantlar üçün 2016-cı il may ayının 25-dən iyun ayının 25-dək, magistrantlar üçün isə iyun ayının 1-dən iyul ayının 5-dək keçiriləcəyini bildirib. Qeyd edib ki, doktorant və dissertantlar üçün ixtisas fənləri üzrə imtahanlar sessiyanın birinci on günlüyündə keçiriləcək və bütün imtahanlar test üsulu ilə aparılacaq.

İdarə rəisi əvvəlki imtahan sessiyalarında baş vermiş bəzi nöqsan və çatışmazlıqlardan söz açaraq, onların bu sessiyada aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Ə.Sadıqov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin imtahanların tam şəffaf və ədalətli keçirilməsi, AMEA Rəyasət Heyətinin müəyyən etdiyi tələblərə ciddi riayət olunması ilə bağlı xüsusi sərəncam verdiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Elm və təhsil idarəsinin Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov fəlsəfə fənni üzrə doktorluq im­ta­hanlarının təşkili ilə bağlı çıxış edərək, imtahanların 20-22 iyun tarixlərində keçiriləcəyini bildirib. Şöbə rəisi institutlar üzrə imtahanların keçirilmə vaxtını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Elmi-analitik şöbənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov AMEA-da magistratura təhsilinin təşkili barədə məlumat verib. Bildirib ki, magistrlərin yay imtahan sessiyasına hazırlıq işləri tam yekunlaşıb. Hüseyn Hüseynov qeyd edib ki, AMEA-nın magistraturasına Dövlət İmtahan Mərkəzi tərəfindən 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 63 plan yerinə magistr qəbulu həyata keçirilib. Şöbə rəisinin müavini AMEA-nın magis­traturasına qəbul zamanı AMEA-ya seçim üçün müsahibə hüququ verildiyindən uyğun ixtisaslar üzrə müvafiq institutlarda müsahibə komissiyalarının yaradılması barədə məlumat verib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və bu institutun Təhsil şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar elmi müəssi­sələrin bir qisminin proqram təminatı ilə təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini bildiriblər. Bu sahədə bəzi elmi müəssisələrdə İKT üzrə mütəxəssislərin və texniki təminatın lazımi səviyyədə olmamasını qeyd ediblər.

Sonda Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov müşavirə iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, magistraturaya qəbul prosesinin təşkili ilə bağlı tövsiyyələrini verib və doktorluq imtahanlarının yüksək səviyyədə keçirilməsi üçün AMEA rəhbərliyinin zəruri addımlar atacağını bildirib.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: