AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub MEDİA » "Zirvə" 3 Şubat Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin və AMEA-nın rəyasət heyətinin birgə təşkilatçılığı ilə yazıçı, publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilən elmi sessiya keçirilib.İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Ədibin irsinin öyrənilməsində sessiyanın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkəmizdə Ceyhun Hacıbəylinin yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də onun həyat və fəaliyyətinin öyrənilməsinə töhfəsini verəcək. Akademik İsa Həbibbəyli milli ədəbi-ictimai fikir tarixinə töhfələr vermiş C.Hacıbəylinin mədəniyyətimizin inkişafı və təbliği sahəsindəki mühüm xidmətlərindən, həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatı tarixində xüsusi rolu olan C.Hacıbəyli məşhur hacibəyovlar nəslinin görkəmli nümayəndəsidir. Görkəmli ədib çətin və məşəqqətli mühacirətdə də azərbaycançılıq ideyalarına sonadək sadiq qalıb, ədəbiyyatımızı və publisistikamızı inkişaf etdirib. Onun mühacirət irsi Azərbaycan mühacirət ədəbiyyatının dəyərli bir hissəsini təşkil edir.Akademik İsa Həbibbəyli Ceyhun Hacıbəylinin irsinin toplanılmasının, sistemli, ardıcıl şəkildə araşdırılmasının və nəşr edilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, C.Hacıbəylinin irsi ölkəmizdə tədqiq olunur. İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi tərəfindən görkəmli ədibin əsərlərindən ibarət kitab çapa hazırlanıb.Tədbirdə “Ceyhun Hacıbəylinin bədii yaradıcılığı”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru”, “Ceyhun Hacıbəylinin siyasi fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilib.Məruzələrdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Ceyhun Hacıbəylinin şəxsiyyəti, fəaliyyəti, publisistikası barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövrünün təəssübkeş, vətənpərvər ziyalılarından olan Ceyhun Hacıbəyli həm də müxtəlif mövzularda məqalələrin müəllifidir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.