ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva Səhiyyə, Müsabiqə 28 Şubat Həkim peşəsi nəcib və məsuliyyətli bir işdir. İnsanların sağlamlığı, bəzən də həyatı həkimlərdən asılıdır. Yaxşı bir həkim olmaq üçün həm səmimi və gözəl bir ruha sahib olmaq, həm də təbabət elmini mükəmməl və yaxşı bilmək lazımdır. Belə ruhən və qəlbən gözəl insanlardan biri də həkim-terapevt-yazar Məlahət Hümmətqızıdır. Məlahət Hümmət qızı İsayeva - 4 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. Əslən Şirvan elindəndir. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbi bitirib. 1991-1997-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. İnternaturanı 3 saylı Şəhər Poliklinikasında keçirib. Universiteti bitirdikdən sonra təyinatla Bakı şəhər 11 saylı Şəhər Poliklinikasında sahə həkimi kimi çalışmağa göndərilib və hal-hazırda həmin tibb müəssisəsində həkim-terapevt kimi işləyir. Gələn posiyentlər və onunla birgə çalışan həkimlər qayğıkeş və peşəsini sevən həkim kimi Məlahət xanımın tibb fəaliyyətindən razıdırlar. Hətta 1993-cü ildə 3-cü kursda oxuyarkən Məlahət xanım 1 saylı Şəhər Kliniki Xəstəxanasında (keçmiş "Semaşko") Birinci Qarabağ Müharibəsində yaralanmış hərbiçilərin yaralarının təmizlənməsində, tikişlərin qoyulmasında və sarınmasında həkim-müəllimlərinə yaxından kömək etmiş, xəstələrə qayğı ilə yanaşmışdı. 2020-ci ildə pandemiyanın ölkəmizə ayaq açdığı vaxtlarda Məlahət xanım da könüllü olaraq ön cəbhəyə atılmışdı. Tədris Cərrahiyyə Klinikasına ezam olunmuş, burada "Coronovirus"a yoluxmuş xəstələri müalicə edərək sağaltmış, onlara həkim qayğısı göstərmişdi. Bu yol onu Abşeronda, Bilgəhdə və Məhəmmədlidə yerləşən "Modul" tipli xəstəxanlara gətirib çıxarmışdı. Yaxşı işlədiyinə görə TƏBİB tərəfindən "Təşəkkürnamə" almışdı. Məlahət xanım insanları həm də sözlə müalicə edir. Məlahət xanımın məqalələri, hekayələri və şeirləri hələ universitetdə oxuyarkən "Xalq", "Azərbaycan gəncləri" qəzetlərində dərc olunub. Onun "Xalq" qəzetində dərc olunan "Bir palatadan düşüncələr" adlı məqaləsi xüsusilə maraqlıdır. Həkim-yazarın bu günə kimi "Atasız dünya", "Tənha yuva" adlı şeir kitabları, "Qız anası", "Ağ libaslı mələk" adlı hekayələr kitabları işıq üzü görüb. 2006-cı ildən AYB-nin üzvüdür. Prezident təqaüdçüsüdür. Ailəlidir. "Şəfa verən söz mələyi"nə biz də uğurlar arzulayırıq.Yunis Qaraxanlı.AJB-nin üzvü, jurnalist, şair.27.02.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.