Saflıq gendən gəlir - SƏMƏD ÇOBANOV (1946)

Saflıq gendən gəlir - SƏMƏD ÇOBANOV (1946) İki çağırış millət vəkili, görkəmli ədəbiyyatşünas alim, vax­tıyla Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı ka­fed­rasına rəhbərlik et­miş mərhum professor Şamil Qur­banov vax­tilə yazırdı ki, Bor­çalılar hər şeydən öncə qeyrətdə məş­­hur­du­lar. Həqiqətən də, Şamil müəllim o yazılarında Borçalı əsilli gör­kəmli şəxsiyyətlərdən söhbət açır, onların formalaşma­sın­dan, püxtələşməsindən, Azərbaycanın çiçəklənməsinə, döv­lət­çi­liyimizin qorunmasına və möhkəm­lən­məsinə, milli iq­ti­sa­diya­tımızın qüdrətlənməsinə, incəsənəti­mi­zin və ədəbiyya­tı­mı­zın zən­­ginləşməsinə verdikləri töhfə­lər­dən bəhs edirdi. Kə­lam­larının məna tutumu geniş olan Şamil Qur­banov özü də başda olmaqla Azərbaycanın tərəqqisinə, xal­qı­mızın firəvanlı­ğının tə­min olunmasına, vətənin şöhrətinin ucal­ma­sına xidmət edən Bor­­çalı əsillilər çoxdur və onların sı­ra­sın­dan istənilən qədər ad­ları çəkə bilərik. Şair Abbas Ab­dulla şeir­lərinin birində yazır:

Qara torpağını sürtdüm üzümə,
Üzüm el yanında ağardı, Vətən.


Borçalı mahalından elin-obanın üzünü ağ, başını uca edən, yurdun qədrini bilən, torpağın qədrini bilən ziyalılar yetişib, ye­tişir və yetişəcəkdir. Borçalılar cəmiyyət həyatının bütün sahə­lə­­rində işlərini bilən, üzərlərinə düşən vəzifələrin öhdə­sindən la­yiqincə gələn, xalqın rəğbətini qazanan mütəxəssislər kimi çalışırlar. Onlardan biri də Borçalının ağır ellərindən olan Darvaz kəndinin yetirməsi olan Səməd həkimdir.


Səməd Nəbi oğlu Çobanov 1946-cı il dekabrın 12-də Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə kənd orta məktəbini bu məktəbin tarixində ilk medal alan məzun kimi bitirib və elə həmin ildə də N.Nəri­ma­nov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azər­baycan Dövlət Tibb Universiteti) müalicə-proflaktika fakül­təsinə da­xil olub. 1969-cu ildə institutda təhsilini başa vuran S.Ço­ba­nov 1969-1971-ci illərdə hərbi həkim kimi orduda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Borçalıya qayıdıb, 1971-1976-çı illərdə Bolnisi rayonunun Darvaz kənd ambulatori­yası­nın baş həkimi vəzifəsində çalışıb.
1976-cı ildə Gürcüstan Elmi-Tədqiqat Kardiologiya İnstitu­tu­nun klinik ordinaturasına daxil olub və 1978-ci ildə oranı biti­rə­rək, Bolnis rayon Mərkəzi xəstəxanasının terapiya şöbəsində ordinator kimi fəaliyyətə başlayıb. 1989-1992-ci illərdə yenidən Darvaz kənd ambulatoriyasının baş həkimi vəzifəsində çalışıb.
S.Çobanov ali dərəcəli həkim kimi 1992-ci ildən 2016-cı ilin sonuna - təqaüdə çıxana kimi Bakıda “Azərsutikinti” xəstəxa­na­sında çalışıb. Bu müddətdə bir neçə Fəxri fərman və Dip­lom­la təltif olunub.
Həkim S.Çobanovun dövri mətbuatda tibbi mövzuda onlarla məqaləsi çap olunub. O, həmçinin bir sıra elmi-praktiki konf­rans­larda iştirak edib.

Oğullar yetirdin, el-el tanındı,
Qışın da çevrildi yaza, Borçalı...

Borçalının hər bir guşəsi kimi mənə əziz olan Darvaz kəndi sözün elə həqiqi mənasında elin qışını bahara çevirən oğullar yetirən bir kənddir. Mən həm də ona görə fəxr edirəm ki, bu eli, onun şərəfli övladlarını tərənnüm edən “Darvaz” şeirinin müəl­lifiyəm. Unudulmaz xalq şairimiz Zəlimxan Yaqub demişkən “Səsi torpağın təkindən süzülüb gələn, xalqımızın sərvəti”, bi­zim gözəl müğənnimiz Xəlil Qaraçöp həmin şeirə musiqi bəs­tələdərək çox yüksək səviyyədə ifa edib. Darvazlılar da var ol­sun ki, mənim yaradıcılığımı, onlara olan rəğbətimi hər zaman qiymətləndirirlər. O şeirin bir bəndində yazıram:

Kim sanar özünü qonaq bu yerdə,
Seçilmir lalədən yanaq bu yerdə,
Alışaq bu yerdə, yanaq bu yerdə,
Yurdumdu, yuvamdı, binamdı Darvaz...

Yurddaşımız Səməd həkim çox yüksək səviyyəli, xeyirxah, alicənab bir insan, gözəl mütəxəssis, bacarıqlı həkimdir. İnanın, onun yerişində də, duruşunda da tərbiyə, oturuşunda da tərbiyə, bütün davranış və maneralarında, gülüşündə də əxlaqi mükəm­məllik özünü büruzə verir. Allah-təala elə bil onu yetirəndə onu qüsursuz yetirib. Dostlara münasibəti gözəl, özündən yaşlılara rəftarı həssas, elcanlı, ailəcanlı, dostcanlı, əvəz-olunmaz bir zi­yalıdır. Ellilərinin qürur yerinə, fəxarət ünvanına çevrilən belə in­­sanlara həyatda tez-tez rast gəlinmir.
Uzun müddət Səməd həkimin qardaşı, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu ilə dostluq edirəm. M.Nəbioğlu Azər­bay­canda tanınmış ziyalılardandı, görkəmli folklorçudur, gö­zəl ədə­biyyatşunasdı. Səməd həkimi həm də bu səbəbdən daha ya­xın­dan tanıyıram. Bir yerdə çox olmuşuq. Darvazda, bulaqların başında - Quyubulaqda heç vaxt yaddan çıxmaz gözəl günlər ke­­­çirmişik. Fəxr edirəm ki, Səməd həkimin 70 illik yubileyini qeyd etdiyimiz məclisin aparıcısı da mən idim. Aşıq Şaiq İn­cə­linin sarı simin üzərində zildən bəmə, bəmdən zilə gəzişərək da­­ha da rövnəqləndirdiyi məclisdə Səməd həkimin ünvanına haq­lı olaraq xoş sözlər səsləndi. Onlardan bir neçəsini oxucula­rın diqqətinə çatdırmaq istəyirəm.
Millət vəkili, ATU-nun prorektoru, professor Rafiq Məm­məd­­­­həsənov: “1963-cü ildə Tibb İnstitutuna daxil olanda Sə­mədlə bir qrupa düşmüşdük və sonradan yavaş-yavaş isinmişik, bu mü­nasibət dostluğa çevrilib ki, bu günə qədər də davam edir. Səməd çox zəhmətkeş insandır.
Səmədin mənim üçün ən əziz olan xüsusiyyəti onun səmi­miyyətidir. Səməd çox səmimi insandır. Səməd olan sözü üzə de­­­yər, arxadan bir şey danışmaz. Dostluğa çox sədaqətlidir ki, bu da mənim üçün üçün önəmlidir. Bizim dostluğumuz tə­man­nasız dostluqdur. Nə onun məndən təmənnası var, nə də mənim on­dan. Səməd dost qazanmağı bacaran insandır.
Səməd saf nəsildəndir, bu saflıq Səmədin genində var. Əqidə saflığı, mənəvi saflıq, dostluq nədir, kişilik nədir bilmək - bu key­fiyyətlərin hamısı Səməddə birləşib. Səmədin gözəl ailəsi var. Mən onun atası Nəbi müəllimi də yaxşı tanıyırdım.
Səməd çox savadlıdır. Əgər elmin arxasınca getsəydi, indi çox­dan professor idi. Amma Səməd təcrübi yolu seçdi, praktik hə­kimliyə üstünlük verdi və ad-san qazandı, elinin-obasının ad­lı-sanlı həkimlərindən biri oldu”.
Səməd həkimin 25 ildən çox çalışdığı “Azərsutikinti” xəstə­xa­na­sının baş həkimi Elman Mirzəyev: “Mən 26 ildir ki, Səməd həkimlə bir yerdə işləyirəm. Onu işə qəbul edəndə ilk növbədə on­da yüksək mədəniyyət, yüksək savad və peşəkarlıq gördüm və öz-özümə dedim ki, doğrudan da bu adamın kökü var. Sə­məd həkimin özü də bilir ki, kollektivdə mənə əziz olan adam­dır. Eləcə də kollektivimizin sevimlisidir. Bu hörməti o özü qa­za­nıb-sadəliyi, səmimiliyi və saflığı ilə.
Səməd həkimdə bütün yüksək insani kefyiyyətlər cəmləşib. Sa­­vadına isə söz ola bilməz. Birgə çalışdığımız bu illərdə bircə dəfə görmədim ki, kimsə ondan narazı olsun. O, öz ixtisasını yüksək səviyyədə bilən həkim, səmimi insan, sədaqətli dost­dur”.
Həmin məclisdə olanların hamısının Səməd həkim haqqında sözlərinin ana xətti onun insanlığı, alicənablığı, təvazökarlığı, gözəl həkimliyi, xalqa, millətə xidməti təşkil edirdi. Biz də belə hesab eləyirik ki, bu sadalanan dəyərlər Səməd həkimin həyat­da qazandığı ən yüksək mükafatdır. Müdriklərimiz deyib ki, əsl gözəllik ağılda və kamaldadı. Səməd həkimin daxili də gözəldi, zahiri də gözəldi. Amma onun əsas gözəlliyi ağlında və kama­lın­dadı. Çünki ağıl da, kamal da əvəzolunmaz sərvətlərdir. Sə­məd həkim, sözün gerçək mənasında, xalqı üçün, milləti üçün, qo­hum-əqrəbası üçün, el-obası üçün çalışan gözəl bir həkimdir. Səməd həkim həmişə onu tanıyan, ona üz tutan, işi düşən, onunla təması olan bütün insanlarda xoş təəssürat yaratmağı bacarır. O, həkimlik şərəfini də qoruyur, vurğunu olduğu peşə­si­nin etik qaydalarına əməl edir, müqəddəs vəzifəsini yüksək səviyyədə yerinə yetirir.
Çexov deyir ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər de­mək­­dir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs bu­na qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəl­­­bi təmiz olmalıdır. Səməd həkimin timsalında biz bütün bu tə­ləb­lərə cavab verən həkimi görürük. Bu nöqteyi-nəzərdən, fəa­liy­yə­ti təqdir olunan səhiyyə qəhrəmanlarından biri kimi, onun da təc­rübəsinin yayılması, şəxsiyyətin bir insan materialı ki­mi öy­rə­nilməsi vacibdir.
Mən hörmətli Səməd həkimin yubileyində böyük söz fatehi­miz Zəlimxan Yaqubun şeirlərinin birindən sitat gətirmişdim:

Şər ilandı, şər əfidi,
Saflıq ömrün şərəfidi.
Qoru görüm şərəfi di,
Qorudunsa, yaşamısan.

Səməd həkim arxada qoyduğu 70 ildə şərəfini qoruya-qoruya ya­şayıb. Arzu edirəm ki, bundan sonra da Allah verən ömrün qa­­lan payını da şərəflə yaşasın. Doğmalarının, əzizlərinin, nə­və-nəticələrinin əhatəsində Allah verən ömrü ürəyi istədiyi kimi dolu yaşasın.
Səməd həkimə möhkəm cansağlığı, gözəl günlər arzulayı­ram.
Otaqların küncünə çəkilməyən, düzlər keçib, dağlar aşan, dün­ya ilə dünyalaşan Xalq şairi Hüseyn Arif vaxtilə yazırdı ki:

Bəzən 50 də yorur insanı,
Bəzəm bilinməyir 100 bu dünyada.

70 sizi yora bilməyib, Səməd həkim, 100-ü də beləcə, sağlam və gümrah qarşılayasınız, İnşallah!


Səməndər MƏMMƏDOV,
"Faxralılar və tarix yaradanlar". II cild. Bakı, 130-133.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: