AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

Akademik Hüseyn Əhmədov - 93

AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ Azərbaycan pedaqoji fikir tarixində yüzlərlə yüksək statuslu müəllimlər olmuşdur ki, bu müəllimlər şagird və tələbələrindən ibarət hörmüş olduqları çələng dəstələrinin ətrini, savad və biliyini zaman-zaman gələcək nəsillərə ötürməyə çalışmışlar.
Hətta bunu vətən, millət qarşısında özlərinin
vicdan borcu hesab etmişlər.
Hər dövrün dəyərli pedaqoqları olduğu kimi bizim müasir dövrümüzün də sayılıb-seçilən müəllimləri vardır. Dünyasını dəyişmiş klassik pedaqoqlarımızla yanaşı, adlarını elə sağlıqlarında tarixləşdirmiş pedaqoqlarımız Azərbaycan təhsil salnaməsinə həkk olunmuşlar.
Belə nüfuz sahibi olan dəyərli pedaqoqlarımızdan biri də Hüseyn Mustafa oğlu Əhmədovdur.
Hüseyn müəllim haqqında söz demək nə qədər ağır, çətin, məsuliyyətlidirsə, bir o qədər də şərəfli qürurvericidir.


Hüseyn müəllimin keçdiyi əmək yoluna nəzər saldıqda, ona vaxtı ilə dərs demiş müəllimlərinin ənənələrini davam etdirməklə yanaşı, onun hər zaman müəllim şərəfini də qorumağa çalışdığını da görürük.
Hüseyn müəllim ömrünün müdrik çağında da pedaqogikanın sirlərini gənc kadrlara öyrətməkdən nəinki yorulmur, əksinə zövq alır. O, təkcə 35 il ADPİ-nun ümumi pedaqogika kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Canlı əfsanə adlandırılan Hüseyn müəllim elə bir şəxsiyyətdir ki, onun haqqında yazmaqla, deməklə bitirmək olmur. Gərəkdir ki, onunla yaxından tanış olub və bu dəyərli alimin söz xəzinəsinə daxil ola biləsən.
Hüseyn müəllim nəinki ölkəmizdə, eləcə də ölkəmizin hüdudlarından kənarda da yetərincə tanınır və sevilir.
O, təkcə Azərbaycanda deyil, MDB ölkələrinin elmi-pedaqoji ictimaiyyətinin nəzərində pedaqogikanın korifeylərindən biri hesab edilir.
Hüseyn müəllimin əsərləri xarici dillərə tərcümə edilsə də, ən çoxu Azərbaycan və rus dillərindədir. Bu da alimin əsərlərinin Rusiya kimi nəhəng bir dövlətdə tanınmasına və oxunmasına səbəb olmuşdur. Qeyd edildiyi kimi Hüseyn müəllim yüzlərlə kitab və məqalələr müəllifidir. Bu cür gərgin zəhmətinin nəticəsidir ki, onun əməyinə verilən fəxri adların, təltiflərin sayını yazmaqla bitmir:
Pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR-nin əməkdar ali məktəb işçisi, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, SSRİ-nin maarif əlaçısı, Azərbaycan SSR-nin qabaqcıl maarif xadimi, SSRİ PEA-nın müxbir üzvü, Beynəlxalq PEA-nın akademiki, Rusiya Təhsil Akademiyasının xarici üzvü, müharibə və əmək veteranı və s. və i.
Bundan başqa, Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dolq i çest” (“Şərəf və ləyaqət”) ordeni, K.D.Uşinski adına medalı, RTA-nın “Elmdə nailiyyətlərinə görə” qızıl medalı, həmçinin, “Türk dünyasına xidmət” qızıl medalı ilə mükafatlandırılmışdr.
Bütün bu adları Hüseyn müəllim yorulmaq bilmədən çalışması müqabilində qazanmışdır.
Hüseyn müəllimin həyat yoluna nəzər saldıqda bu həyat yolunun elə də hamar olmadığını görmək olur.
Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində, sadə bir kəndli ailəsində dünyaya göz açan Hüseyn müəllim, atasını erkən itirdiyi üçün, ailənin ağır yükünü yeniyetmə yaşlarından, hələ bərkiməmiş çiyinlərində daşımalı olur.
Görkəmli alim gənclik illərinin çox ağır bir dövrə, Böyük Vətən Müharibəsi dövrünə təsadüf etdiyini söylədi. Hətta dəyərli alim bu xatirələri söyləyərkən, o səhnələri sanki gözləri önündə canlandıraraq, bir qədər kövrək notlarla danışdı.
Hüseyn müəllim ömrünün onuncu yüzilliyinə qədəm qoymuşdur. Təbidir ki, bu yaşda olan insanın ətrafından ona çox yaxın olan insanların dünyasını dəyişməsi və o xatirələrə varmaq, o qədər də asan deyildir. Müəllimin güclü hafizəsinə heyran qalmamaq olmur. Keçdiyi keşməkeşli həyat yolunun bütün detallarını sakit, təmkinli, mülayim səslə xronoloji qaydada ardıcılıqla o qədər dəqiq söyləyirdi ki, bəzən ona sual vermək, fikrindən ayırmağa belə ürək etmirsən.
Azərbaycan elminin, təhsilinin, pedaqogikasının belə görkəmli akademiki ilə həqiqətən də fəxr etməyə haqqı vardır. Onun barəsində həmkarlarının yazdıqlarını nəzərdən keçirdik də bir daha belə bir şəxsiyyəti tanıdığınla qürur duyursan.
Hüseyn müəllim, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin sistemli və ardıcıl tədqiqatçısı olmaqla yanaşı, həm də onun təbliğatşısıdır. Bu sətirlər sabiq təhsil naziri hörmətli Misir Mərdanovun onun haqqında yazdığı məqaləsindən götürülmüşdür.
Görkəmli akademikin yaradıcılığı çoxşaxəli olmaqla yanaşı, həm də rəngarəngdir. Azərbaycanın bəlkə də elə bir rayonu, kəndi yoxdur ki, Hüseyn müəllim oranın məktəbinin yaranma tarixinə toxunmasın, onu araşdırmasın. Onun Lənkəran, Şamaxı, Şəki, Gəncə, Naxçıvan, Qazax, Zaqatala, Şuşa, Qarabazar, Vəndam və sair bölgələrin məktəblərində fəaliyyət göstərən məktəblər haqqında çox maraqlı əsərləri nəşr olunmuşdur.
Əvəzsiz araşdırmaları, 55 illik əmək fəaliyyəti onu xalqının sevimlisinə çevirmişdir. Ürəyi daim vətən, xalq, millət eşqi ilə döyünən Hüseyn müəllimin beyni, Azərbaycanın pedaqoji sahəsinin, tarixinin əvəzsiz fikir xəzinəsidir. Çox düzgün olaraq qeyd edilmişdir ki, dünya və rus pedaqoji tədqiqinin Azərbaycan Respublikasında yayılmasında Hüseyn müəllimin əhəmiyyətli səyləri olmuşdur. Hüseyn müəllimin yaradıcılığının 30 cildlik əsəri işıq üzü görməkdədir. Belə ki, əsərlərin 28 cildi artıq nəşriyyatdadır, 2 cildinin üzərində isə hələ də gərgin işini davam etdirir.
Əsl ziyalı ailəyə sahib olan Hüseyn müəllimin övladlarını da onun peşəsinin davamçıları adlandırmaq olar. Hüseyn müəllimi tanıyanlar onun haqqında iftixarla, fərəhlə danışırlar. Dəyərli alim çətin ömüryolu keçsə də heç vaxt ruhdan düşməyib, daim irəli addımlamağı bacarmışdır.
Akademikin müxtəlif illərdə yubileylərinə həsr olunmuş biblioqrafiyalarını nəzərdən keçirdikdə, çox maraqlı məlumatlara rast gəlmək olur. Hüseyn müəllim bu illər ərzində daim müəllim şərəfini ləyaqətlə qorumuş, əsl ziyalı, əsl müəllim olduğunu sübut etməyi bacarmışdır. O, işini təkcə pedaqoji fəaliyyəti ilə bitmiş hesab etməyirdi. Ölkəmizin hüdudlarından kənarda olan ölkələrin arxiv və kitabxanalarında günlərlə, bəlkə də aylarla tədqiqat işi apararaq, Azərbaycanın pedaqoji fikir tarixinə xidmət edən, onun ictimai-siyasi, mədəni-pedaqoji sahəsində çalışmış klassiklərimizin həyat və yaradıcılığından bəhs edən yüzlərlə materiallar toplamışdır. Hətta bəzi tapılmayan sənədləri də araşdırmalar nəticəsində üzə çıxara bilmişdir. Səmərəli araşdırmaların nəticəsidir ki, Hüseyn müəllim M.F.Axundov, F.b.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, M.Şəfiyev, S.M.Qənizadə, Ü.Hacıbəyov, H.Hüseynov və başqaları haqqında dəyərli əsərlər yazmışdır ki, bu əsərlər bu gün ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunmaqdadır.
Akademik Hüseyn Əhmədov, XIX əsr Azərbaycan məktəblərinin yaranması və formalaşmasında əməyi olan müəllimlər və tələbələr haqqında da maraqlı əsərlər yazmışdır. Onun rus pedaqoqları haqqında da əsərləri vardır. Makarenko, Uşinski, Şevçenko, Krupskaya haqqında yazılmış əsərləri misal göstərə bilərik. Yüzlərlə alim hazırlayan Hüseyn müəllim bu gün də yorulmaq bilmədən yaradıcılıqla məşğul olur və hələ də əsərlər üzərində çalışmaqdadır.
Hüseyn müəllimin yaradıcılığında mühüm yerlərdən birini də milli-dəyərlərin qorunması məsələsi tutur.
Görkəmli alim istər yaradıcılığında, istər əməli fəaliyyətində, istərsə də həyatında hər zaman Azərbaycanın milli-mənəvi dəyərlərini qorumuş, adət-ənənələrimizin gələcək nəsillərə təmiz, saf ərməğan kimi ötürülməsinə çalışmışdır. Hüseyn müəllim insanlığa xas olan əxlaqi keyfiyyətləri öz əsərlərində göstərməyə çalışan alimdir. O, qızların ləyaqətlərini qorumasını ən vacib, əxlaqi keyfiyyətlərdən hesab edir, onların təkcə məktəblərdə, idarə və təşkilatlarda deyil, həyatda da tərbiyəli, əxlaqlı olmasına üstünlük verir. Hüseyn müəllimin əsərlərində bu əxlaqi dəyərləndirmənin üstünlüyü danılmazdır.
Azərbaycanın müasir pedaqoji fikir tarixinin görkəmli alimi, akademik Hüseyn Əhmədov artıq öz adını sağlığında tarixləşdirməyi bacarmışdır.
Bu istedad, bu dəyər hər kəsə nəsib olan keyfiyyət deyildir.
Hüseyn müəllim haqqında həmkarları, elm xadimləri tərəfindən yazılmış yüzlərlə məqalələr müxtəlif mətbuat orqanlarında dərc edilmişdir.
Akademik Hüseyn Əhmədovun ürəyi, beyni, zəkası, ağlı nəinki, gözəl əsərlərin yaranmasına rəvac verir, eləcə də onlarla alim və dissertantlar tərəfindən yeni-yeni mövzuların yaranmasına yol açır.
Hüseyn müəllimin söylədiklərini dinlədikcə, insan özünü bir anlıq qızıl kəlamlar, məlumatlar xəzinəsində hiss edir. Pedaqogika, təhsil, təlim və tərbiyə haqqında verilən hər bir suala onun qızıl beyin arxivindən cavab tapmaq mümkündür.

AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ Ömrünün nurani çağında bir güşəyə çəkilərək, yenə də doya-doya yazıb, yaradan, həvəslə, yorulmaq bilmədən çalışan Hüseyn müəllimə, möhkəm cansağlığı və uzun ömür arzulayırıq. Arzu edirik ki, yüz yaşını özü canlı-canlı qeyd etsin və yeni kitabları ilə yenə bizləri sevindirsin.

Pərixanım Mikayılqızı,
“Elm və Təhsil” qəzetinin
Baş redaktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: