“Günün Qəhrəmanları” - Günel Nağıyeva

“Günün Qəhrəmanları” - Günel Nağıyeva “Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq məqsədi ilə...

Bəli, bu mövzu haqqında yazmaq çoxdan idi ki, düşüncəmə hakim kəsilmişdi. Ancaq qeyd edim ki, mən nə jurnalistəm, nə də ki, yazıçı.
Azərbaycan Texniki Universitetinin magistr səviyyəsində təhsil alan sadə bir tələbəyəm.
Lakin, dünyamızı cənginə alan koronavirus pandemiyası günümüzün yeni qəhrəmanlarını - öz xidməti vəzifəsini ləyaqətlə icra edən fədakar peşə sahiblərini gündəmə gətirdi. Sual yaranır: bu şərəfli məkanın ləyaqətli sakinləri kimlərdir?
Hansı ki, onlar ”Günün Qəhrəmanları” olaraq insanların sevgisini və inamını qazandılar.
Təbii ki, bu şərəfi siz haqq etdiniz, əziz polislər, həkimlər, müəllimlər, gömrük, aptek və market işçiləri...
Bəli, siz insanlıq naminə mücadilə apardınız və sizin simanızda biz fədakarlığın bariz nümunələrini gördük.


Bu dövrdə daha bir ciddi sınağa çəkildik; mənfur düşmənin təxribatı ilə də üz-üzə qaldıq, Tovuz döyüşlərinin də şahidi olduq. İyul ayının 12 - də ermənilər tərəfindən atəşkəs pozuldu və nəticədə şəhidlərimizi torpağa tapşırası olduq. Əslində “Günün Qəhrəmanları” deyəndə, ilk olaraq Şəhid Anaları gəlir gözümün önünə; çünki analar hər zaman qəhrəmandırlar, Şəhid anaları isə xüsusi ehtirama layiqdirlər. Düzdür, qələmə aldığım bu yazı fərqli peşə sahiblərinin qəhrəmanlıqlardan bəhs edəcək. Amma bunu qeyd etməsəm, vicdanımın rahatsızlığı bir ömür məni sakit buraxmazdı. Bu pandemiya dövründə yas mərasimlərinin qadağan olunduğu bir vaxtda öz şəhid övladları ilə doya-doya vidalaşa bilməyən şəhid anaları da “Günün Qəhrəmanları”dır. Göz yaşlarını ürəklərinə axıdaraq ayaqda dik durub “Vətən sağ olsun!” deyən şəhid atalarıdır “Günün Qəhrəmanları”! Hələ həyatı tam dərk etməyən, ataları ilə doyunca zaman keçirə bilməyən, atalarının yolunu səbrsizliklə gözləyərkən, tabutunu qarşılamaq üçün yollarda gözləyən o məsum körpələrdir “Günümüzün Qəhrəmanları”!


Sosial şəbəkələrin birində canlı yayım vasitəsilə izlədiyim bir görüntüdə Şəhidimizin evinə gətirildiyi anları izlədikcə keçirdiyim hisslər sözlə ifadə olunmaz. O an mən sadəcə bir vətəndaş olaraq o hissləri yaşayırdımsa, o ana, o ata, o övlad, o həyat yoldaşı, o bacı nələr yaşayırdı, Allah! Amma başlarını məğrurcasına dik tutmuşdular. Bax, onlardır ”Günün Qəhrəmanları”!

Lakin şahid olduğum qəhrəmanlar haqqında, onların vətəndaş təəssübkeşliyindən və fədakarlıqlarından yazmaq şərt olduğu üçün, mən də bu əsasa uyğun olaraq fədakarlıqlarını birbaşa müşahidə etdiyim Günümüzün Qəhrəmanları olan Müəllimlərimdən yazmağı özümə mənəvi bir borc bildim. Pandemiya dövrünün bütün qəhrəmanlarından çox söhbətlər açıldı, videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə və televiziya ekranlarında yayımlandı. Lakin, Müəllimlər haqqında bu cür videoçarxlara az rast gəldim. Ona görə də bu yazımla “Günün Qəhrəmanları”ndan olan Müəllimlərimin fəaliyyətini qəlbimin, düşüncəmin ziyası qədərincə işıqlandırmağa səy göstərdim.

Azərbaycan Texniki Universitetinin bu dövrdə ölkədə təhsil naminə aparılan mücadilənin ön sıralarında özünə yer aldığı biz tələbələrə, o cümlədən ictimaiyyətə bəllidir. Cənab rektorumuz Vilayət Vəliyevin fədakar addımları nəticəsində pandemiya dövründə biz təhsildən geri qalmadıq. Məsafədən dərslərimiz tədris olundu, online imtahanlar təşkil edildi. Vilayət müəllim özü şəxsən bu işləri ciddi nəzarətində saxlayırdı. O, mart ayının 29 - dan etibarən dərslərin online keçirilməsi barədə qərar verdi. İyun ayının 10-na kimi olan zaman ərzində internet problemi olan tələbələri mobil operatorlar ilə danışıqlar apararaq internetlə təmin etdi. Heç dərslərə qoşula bilməyən tələbələrə güzəştlər edildi. Texniki imkanlarımızı sorğuladı. Rəhbərlik tərəfindən ”Kəsrsiz tələbə” devizi irəli sürüldü və kollektiv surətdə aparılan mücadilə sayəsində qarşıya qoyulmuş məqsədə müvəffəqiyyətlə nail olmağı bacardıq. Hörmətli rektorumuz bu çətin məqamlarda bizimlə bir oldu və hər bir verdiyi sözü məsafədən belə tutdu. Biz tələbələrlə bir neçə dəfə 2 saatdan artıq davam edən online görüşlər keçirtdi. ZOOM proqramı ilə olan görüşlərimizdə Vilayət müəllim bütün suallarımızı böyük səbr və təmkinlə dinlədi və cavablandırdı. Həftənin müəyyən günlərini özünün qəbul günləri elan edərək tələbələri, müəllimləri və valideynləri online olaraq qəbul etdi, problemlərimizi dinlədi, həll yollarını göstərdi. Məsafədən belə öz zamanını yenə də biz tələbələrə sərf etdi, bütün qaranlıq məqamlara tam aydınlıq gətirdi, öz dəyərli tövsiyə və təklifləri ilə pandemiyanın yaratdığı gərginliyi aradan qaldırdı və hədəflərindən ən mühümü olaraq müəyyənləşdirdiyi “tələbələrin dostu olmaq” missiyasını şərəflə həyata keçirtdi. Budur əsl fədakarlıq, budur əsl qəhrəmanlıq!

Müəllimlərimiz də öz növbəsində fədakar addımlarından geri qalmadılar. Dərs cədvəlinə və proqram materiallarına tam uyğun olaraq dərslərimiz tədris olundu. Qısaca da olsa, tək-tək o qəhrəmanlar - fədakar müəllimlərim haqqında ürək sözlərimi bölüşmək istərdim.

Canmirzəyev Məhəmməd - Avtomobil texnikası kafedrasının dosenti... ZOOM proqramına dərs saatından 5 dəqiqə gec qoşulan kimi tez zəng edərək maraqlanar, dərsə qoşulmağımızı təmin edərdi. İnternet problemi yarandığı zaman hansı saatda olsa belə dərsini mütləq keçər, heç təxirə salmazdı. Məhəmməd müəllimin 73 yaşı var və qeyd edim ki, hətta doğum günündə bizə online dərs keçdi. Dərs zamanı söylədiyi o sözləri hər an xatırlayıram: ”Hər il qohum və övladlar ilə qeyd edərdim ad günümü, bu il isə fərqli və bir ilk olaraq online dərsdə tələbələrim ilə birlikdə qeyd edirəm. Bu da həyatımın ən xoş anlarından biridir. Karantin olduğu üçün nə qohumlarım, nə də övladlarım məni ziyarətə gələ bilmədi. Amma bu özü də mənim üçün bir xoşbəxtlikdir ki, siz tələbələrə elm öyrədirəm”. O gün - 28 aprel günü müşahidələrim əsasında daha gözəl anlamışdım Müəllim fədakarlığını, daha gözəl duymuşdum Müəllim dəyanətini... Çünki, həyatının özəl bir günü olmasına baxmayaraq, Məhəmməd müəllim dərs saatını dəyişməmişdi, dərsi təxirə salmamışdı. Yenə də bizə dərs cədvəli üzrə eyni gün, eyni saatda xüsusi şövqlə fənnini tədris edir və elm öyrədirdi.

Məmmədov Həmid – Avtomobil texnikası kafedrasının dosenti... Həmid müəllim 1946-cı il təvəllüdlüdür. Onun tədris etdiyi fənn başdan-başa qrafik və düsturlardan ibarətdir. Bu fənni online formada tədris etmək heç də asan məsələ deyildi; ekranı görməkdə çətinliklər yaşanırdı. Həmid müəllim isə lazım gələrsə, dərs saatları bitdikdən sonra belə bizimlə məşğul olmaqdan usanmazdı; hər bir çətin başa düşüləsi materiallar üzrə əlavə şərhlər verər, eyni sualı dəfələrlə soruşsaq belə səbrlə, təmkinlə izah edərdi. Sorğularımıza tam aydınlıq gətirmədən rahat ola bilmirdi. Yalnız ZOOM proqramı ilə deyil, whatsapp səs yazılarından da təkrar-təkrar istifadə etməklə tədris materiallarını bizə çatdırırdı.

Həmidov Mirhəmid – Avtomobil texnikası kafedrasının dosenti... Pandemiya dövründə digər müəllimlər qədər Mirhəmid müəllimin də əziyyəti böyük oldu. Mirhəmid müəllim internetdə problem yaşanan kimi ənənəvi olaraq telefon vasitəsilə əlaqə yaradaraq, proqram materiallarını bu üsulla izah etməyə çalışardı. ZOOM-da dərsimiz alınmadısa, başqa vasitələrə müraciət edər, hər vəchlə dərslərimizin təxirə salınmasına imkan verməzdi. Bütün imtahan suallarını çox sadə və başadüşüləsi üsullarla izah edər və bizi imtahana xüsusi bir şövqlə hazırlayardı.

Şirinova Nailə - İctimai fənlər kafedrasının baş müəllimi... “Multikulturalizm” fənnini bizə yorulmadan, böyük sevgi ilə tədris edərdi. Qeyd edim ki, bu pandemiya dövründə ən çox müraciət etdiyim, vaxtını daha çox aldığım müəllimlərimdən oldu Nailə xanım. Proqram materialları ilə bağlı hər bir müraciətimə can-başla yanaşar, yorulmadan, usanmadan sorğularımı cavablandırardı. Üzrxahlıq etdikdə isə “qızım, heç narahat olmayın, nə vaxt olsa müraciət edin, əksinə mən bundan xoşhal oluram və bütün yorğunluğum çıxır” - deyə qarşımızda işgüzarlığını və fədakarlığını nümayiş etdirirdi. Uzun dəqiqələrə hesablanmış səs yazıları ilə bütün materialları bizə çatdıran, sualları aydın şəkildə izah edərək hafizəmizdə möhkəmləndirən Nailə müəllimə fədakarlığın və qəhrəmanlığın bariz nümunəsi kimi yaddaşımıza yazıldı. Bəlkə də, kimsə bunu bilmirdi ki, Nailə müəllimə qan təzyiqindən əziyyət çəkir və onun üçün saatlarla kompyuter və ya telefonla təmasda olmaq çox çətin, ağır bir iş idi. Amma o heç vədə bunu sezdirmədi və çox böyük həvəslə işinin öhdəsindən gəlməyi bacardı.

Mirzəyev Həbib - Azərbaycan dili və Pedaqogika kafedrasının müdiri, dosent... O bizə “Ali məktəb pedaqogikası” fənnini tədris edirdi. Pandemiya dövründə vaxt azlığından nahar fasiləsi belə etmədən dərslərimizi böyük həvəslə keçər və tədris materiallarını tam şəkildə çatdırmağa çalışardı. Onun yorulmaz fəaliyyətinin dəfələrlə şahidi olmuşam. Həbib müəllim nəinki cədvəl üzrə dərsləri tədris etmək, hətta gecə saatlarında belə kollokviumlar keçirər və bütün tələbələri dinləməyə çalışardı. Qeyd edim ki, bu pandemiya dövrünün əhatə etdiyi tədris ilindən unutmayacağım xatirələrdən biri o olacaq ki, Həbib müəllim 15 may 2020-ci il tarixində gecə saat 22:45-də M129a qrupuna kollokvium keçirirdi. Həm də həmin gün kollokvium keçirilən son qrup biz deyildik, bizdən sonra belə neçə qrup hələ öz növbəsini gözləyirdi. Həbib müəllim öz istirahətini və rahatlığını düşünmədən, saatı belə nəzərə almadan bütün mövcud imkanlardan yararlanırdı ki, biz imtahanlara ciddi hazırlaşaq və müvəffəq qiymətlər alaq. Kollokviumlarda yalnız sorğu-sual etməklə kifayətlənmirdi, çətinlik çəkdiyimiz materialları geniş və əhatəli şəkildə, sadə və aydın dildə bizə anladırdı. Bu da hələ son deyil; Həbib müəllim imtahanqabağı məsləhət saatları təşkil edib saatlarla suallar ətrafında bizimlə geniş müzakirələr aparardı.

Şərifov Allahverdi – Nəqliyyat logistikası və hərərkətin təhlükəsizliyi kafedrasının dosenti... Qeyd edim ki, Allahverdi müəllim göstərdiyi uğurlu fəaliyyətin nəticəsində artıq rəhbərlik tərəfindən dekan vəzifəsinə təyin olunub. O, pandemiya dövründə yalnız tələbələrə dərs keçməklə kifayətlənmirdi; əlavə olaraq bütün problemlərimizlə maraqlanar və onları həll etmək üçün səy göstərirdi. Məsafədən əlaqənin bütün imkanlarından maksimum yararlanaraq hamıya kömək əlini uzadar, dəyərli tövsiyələrini verərdi. İmtahan qabağı məsləhət saatları təşkil edər, sorğularımıza aydınlıq gətirər, əlindən gələni edərdi ki, biz özümüzü doğma universitetimizdə, həsrət qaldığımız auditoriyalarımızda hiss edək. ”Evdə qal” kampaniyası hər birimizdə həyacan, qorxu, gərginlik, əsəbilik və s. kimi düşkün əhval-ruhiyyə yaratmışdı. Allahverdi müəllim isə pedaqoqa xas əsas keyfiyyətlərdən olan nikbinlik nümayiş etdirərək, hər online görüşdə ilk olaraq bizə motivasiya verirdi. Tək müəllimlik vəzifəsini deyil, həm də insanlıq vəzifəsini yerinə yetirərək, bizə bu çətin şəraitdə mənəvi-psixoloji dəstək nümayiş etdirirdi.

Online dərslər bir növ könüllü xarakter daşıyırdı, dərslərə qoşulmaq məcburiyyət olaraq tələb olunmurdu. Çünki bu sistemə keçid çox ani oldu və bu üzdən problemlər də qaçılmaz idi. Texniki problemlər baş verirdi, internet, şəbəkə problemleri yaşanırdı. Bu çətinliklərə baxmayaraq, rəhbərlik başda olmaqla müəllimlərimizin fədakarlığı, onların böyük səyi nəticəsində kollektiv şəkildə işin öhdəsindən layiqincə gəlməyi bacardıq. Bir gün belə olmadı ki, hansısa dərsimiz keçirilməsin, əksinə dərslərə qoşulmada problemlərlə üzləşən tələbələrlə whatsappla və ya ənənəvi telefon zəngi ilə əlaqə yaradılaraq, onlara da proqram materialları tam şəkildə çatdırıldı. Bütün bunlar inanılmaz bir uğur idi və bu uğurun yaradıcıları əziz və sevimli müəllimlərimiz idi.

“Günün Qəhrəmanları” kimi sandığım müəllimlərim barəsində bu yazını qələmə aldım və qəlbimin səsini, mənəviyyatımın sədasını ağ vərəqə köçürtdüm. Və hər kəsin günümüzün qəhrəmanları seriyasından müəllimlərim haqqında məlumatlandırılmasını, onları yaxından tanımasını istədim və fədakarlıqlarına özümün, o cümlədən bütün tələbə yoldaşlarımın da şahid olduğu bu mübariz şəxsiyyətlərə olan vəfa borcumu yerinə yetirməyə çalışdım. Nəyə nail oldum? - Ən azından özüm bir az da olsa, rahatlandım.

Əlbəttə ki, bu reallığı qələmə almaq üçün həqiqətən də bu hadisələrə şahidlik etmək gərəkirdi. Mən 4 aylıq bu zaman kəsiyində Müəllimlərimizin çəkdikləri əziyyəti, “biz elm öyrənək” deyə çabalarını gördüm. Üzdə çox asan görünə bilər, lakin nəzərə alsaq ki, 65-dən yuxarı yaşı olan müəllimlərimiz vardı və onlar günün bütün saatlarını evdə keçirməyin gərginliyini, sıxıntısını yaşasalar da, bütün bu hallara qalib gəlib bizə əsl motivasiya mənbəyi oldular. Gərgin və həyəcan dolu “evdə qal” kampaniyasının ağrılı, acılı günlərini hiss etdirmədən böyük səbr və təmkin sərgiləyərək ayaqda durmaq üçün bizə dəstək oldular. Hətta tələbə yoldaşlarımın internet problemləri olanda, onlar dərsə qoşula bilməyəndə belə müəllimlər tək mənimlə dərs keçərdi və 1 tələbəyə dərs keçməyin onlarda yaratdığı ruh düşkünlüyünü əsla hiss etdirməzdilər; sanki bütün qrupa dərs keçirmiş kimi özlərini aparardılar. Bütün müəllimlərimizin əziyyəti əvəzolunmazdır. Təbii ki, online dərslər auditoriyalarda canlı şəkildə dərs keçməyin yerini verə bilməz. Həqiqətən çox çətinliklərlə üz-üzə qalırdıq və müəllimlərimizi düşünərkən, onların 1 qrupa deyil, neçə-neçə qruplarda bu qayda ilə fənnin tədrisini həyata keçirirdiklərinin şahidi olurduq. Onlar tədrisi gündüz saatlarında kompyuter qarşısında əyləşib bakalavriatlardan başlayaraq, ta ki, axşam saatlarına kimi magistrantlarda sonlandırırdılar.

Şahidi olduğum və müşahidə etdiyim bu reallıqlara əsaslanaraq mən öz Müəllimlərimi “GÜNÜN QƏHRƏMANLARI” adlandırdım və tam əminəm ki, heç də yanılmadım. Eyni zamanda qeyd edim ki, mənim anam və xalalarım da müəllimdir. Evimizdə də şahid oldum ki, Anam ailəsindən daha çox vaxtını öz şagirlərinə həsr edirdi; necə ki, müəllimlərim! Bütün bu yaşanılanlar mənə bir həqiqəti öyrətdi ki, Müəllim həm də əslində bir təbibdir! Bəli, ruhumuzun təbibi! Mən bu gün bu yazını qələmə ala bildimsə, bunun üçün Müəllimlərimə borcluyam! Günümün Qəhrəmanları qarşınızda baş əyirəm və haqqınızı, çəkdiyiniz bütün əziyyətləri halal etməyinizi diləyirəm!

Sonda isə oxuduğum və çox təsirləndiyim türkiyəli tarixçi İlber Ortaylının bu ibrətamiz yazısına diqqət çəkmək istədim:

“Bir gün universitetdə mühazirə deyən vaxt tələbə bir qız əlini qaldırdı.

- Buyur, qızım, dedim.

O da:

-Bağışlayın müəllim, amma çox yavaş oxuyursunuz. Yəni normadan artıq yavaş oxuyursunuz, sıxıldım dedi...

Mən də:

- Yaxşı, o zaman gəl sən oxu, dedim. Qız ayağa qalxıb gəldi və kürsünün arxasına keçdi. Bu an donub qaldı. Bilirsinizmi niyə? Çünki mənim fransızca çox qədim bir mətndən birbaşa türk dilinə tərcümə edərək oxuduğumun fərqinə vardı. Qıpqırmızı qızarıb yerinə keçdi.

Hər birimiz həyat dərslərini bir cür alırıq. O da beləcə bir işin detallarını bilmədən qərəzli olmamağı öyrənmiş oldu.”

Bu hekayəni xatırlamağım və yazmağımda məqsəd mövcud pandemiya dövründə müəllimlərimizin işinin asan görünüb, lakin nə qədər çətin olduğunun görünməyən tərəflərini sizlərlə bölüşmək idi.

”Hər birimizdə Müəllimin hərarətli qəlbinin bir zərrəciyi var” - deyə ulu öndərimiz Heydər Əliyev qeyd etmişdir. Doğrudan da, hər birimizdə bu hərarətli qəlbin zərrəcikləri var olduqca, Müəllim fədakarlığı unudulmaz!

Tələbə dünyamdan süzülüb gələn ürək sözlərimi, yazıdakı son nidamı mövzunun notuna uyğun olaraq, fədakar Müəllimlərimiz kimi, onların əsl davamçıları olaraq hər birimizin öz xidməti vəzifəsində Ana yurdumuzun - doğma Azərbaycanımızın şərəfi naminə “Günün Qəhrəmanları” olmağımız diləyi ilə...

“Günün Qəhrəmanları” - Günel Nağıyeva Sev ki, qovuşasan nura, saflığa,.
Sev ki, qarışasan bu şəffaflığa..
.

Deyirlər, “arzula ki, qovuşasan.” Biz də həm zənn etdik, həm də arzuladıq.

Arzuladıqlarımıza qovuşmaq ümidi ilə ürəyimdən qopub gələn, duyğularımı, hisslərimi, bütünlükdə tələbə dünyamı özündə ehtifa edən essemə nöqtə qoyuram. Həm də bildirirəm ki, heç də nöqtə həmişə fikirlərin sonu demək deyil. Eyni zamanda yeni fikirlərin doğması, yeni düşüncələrə yol açılması, onlara rəvac verilməsi, düşüncələrin pərvazlandırılması naminə işlədilən nitq elementidir...

Dostlar, unutmayaq ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq...


Günel Nağıyeva
Azərbaycan Texniki Universitetinin magistrantı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: