“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilib Təhsil » AzTU 7 Temmuz Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilib. Konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Schneider Electric” və ALSTOM şirkətlərinin nümayəndələri iştirak edib.AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitet tərəfindən dəmiryollarında elektrik enerjisindən istifadənin mövcud vəziyyətinin təkmilləşdirilməsi, həmçinin sabit cərəyandan dəyişən cərəyana keçidin səmərəliliyi ilə bağlı tədqiqatlar aparılır. Rektor qeyd edib ki, AzTU-da dəmiryolları sahəsi bir neçə ixtisas üzrə tədris olunur və bu istiqamətdə kadr hazırlığına xüsusi diqqət göstərilir. Bu sahə ilə bağlı təkliflərə əsasən yaxın zamanlarda magistratura səviyyəsində ixtisaslaşmada dəyişiklik olunması da nəzərdə tutulub. Rektor bildirib ki, universitetin Nəqliyyat və logistika fakültəsi logistika sistemləri istiqamətində ciddi işlər həyata keçirir. Əsas məqsəd müasir dövrün tələblərinə uyğun yüksək keyfiyyətli tədrisin təşkilinə nail olmaqdır.Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Füzuli Quliyev dəmiryolunun elektrik təchizatının sabit cərəyandan dəyişən cərəyana keçməsinin texniki və iqtisadi üstünlüklərindən danışıb. Qeyd edib ki, yeni sistemə keçid sərnişin qatarlarının sürətinin saatda 140 km-ə qədər artırılmasına imkan yaradır.“ALSTOM Transport Azərbaycan” MMC-nin direktoru Elşən Zeynalov AzTU ilə bu ilin aprel ayında imzalanan əməkdaşlıq müqaviləsini xatırladıb. Bildirib ki, müqaviləyə uyğun olaraq universitetlə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Elşən Zeynalov dəmiryolu nəqliyyatında yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı da fikirlərini bildirib. “Schneider Electric” şirkətinin Mərkəzi Asiya regionu üzrə baş meneceri Dan Vlasceanu dəmiryollarının inkişafı sahəsində yaşıl texnologiyaların tətbiqinin önəmindən danışıb. Bildirib ki, bu texnologiya vasitəsilə dəmiryollarının infrastrukturu daha dayanıqlı olacaq.Daha sonra AzTU-nun prorektoru Nurəli Yusifbəyli “Azərbaycanın enerji sektorunda mövcud trendlər və post-neft dövrünün çağırışları" mövzusunda, “Schneider Electric” şirkətinin satış üzrə mühəndisi Elbəy Rüstəmzadə isə "Dəmiryolunun idarə edilməsi üzrə rəqəmsal həllər və avtomatlaşdırma sistemləri" mövzusunda məruzə ilə çıxış edib.Konfrans mövzular ətrafında müzakirələrlə davam edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.