MƏNALI MÜƏLLİM ÖMRÜ Məktəblər, "Elm və Təhsil" 15 Eylül “Ağıllı tərbiyə, hünər, nəzakət, ağıla nur verər, ürəyə qüvvət!”Nizami Gəncəvi.Görkəmli rus yazıçısı A.P.Çexovun gozəl bir fikri var: “İnsanın gərək hər şeyi gözəl olsun, özü də, paltarı da, qəlbi də, fikirləri də.” Bu hikmətli deyim sanki Nəsibə müəllimə haqqında deyilib. Nəsibə müəllimə sadə, mehriban, təvazökar, xeyirxah, ciddiliyi sevən bir pedaqoqdur. O, işgüzar, öz işini ürəkdən sevən və şagirdlərin, valideynlərin, ictimaiyyətin rəğbətini qazanan, sevib-seçdiyi peşəyə qəlbən bağlanan muəllimlərimizdən biridir. Nəsibə müəllimə ona etibar edilən vəzifənin məsuliyyətini dərindən dərk edir, məktəb direktoru kimi təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində yaxından fəal iştirak edir. Ömür yolundan sətirlər:Nəsibə Bağırova - 1966-cı il yanvar ayının 15-də Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub. Qaratəpə kənd tam orta məktəbin rus bölməsinin 9 - cu sinifə kimi oxumuş, 10-cu sinfi Ukrayna Respublikasının Xerson şəhərinin 1 saylı rus məktəbində oxumuşdur. Uşaqlıqdan müəllimlik peşəsini sevən Nəsibə Hüseynqulu qızı Bağırova 1984-cu ildə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olmuş, 1984-cu ildə ali təhsilini uğurla başa vurmuşdur. Ali məktəbdə təhsil alarkən əla qiymətlərlə oxumaqla yanaşı, ictimai işlərdə də fəal iştirak etmiş, Nəsimi rayon Xalq Deputatlar Sovetinə namizədliyi verilmiş, fakultə üzrə ideoloji şöbənin müdiri olmuşdur. 1987-ci il də xüsusiləşdirilmiş tələbə heyətinin tərkibində Almaniya Federativ Respublikasında olmuşdur. Təcrübə təyinatlı məqsədlə təşkil olunan bu səfərdən qayıtdıqdan sonra o, Azərbaycan KP MK-nın qərargahında məsləhətçi köməkçisi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbində rus dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Nəsibə müəllimə eyni zamanda məktəb partiya təşkilatı katibi seçilmişdir. 1990-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq iş yerini Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbinə dəyişmiş və orada rus dili müəllimi işləmişdir.1994-cu ildən 2011-ci ilə kimi o, məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Nəsibə müəllimənin Vətənə, Dövlətə, doğma Vətən torpağına, xalqına, elinə, obasına olan sevgisi, bağlılığı onu məhz ikinci ali təhsil almaq qərarına gətirmiş və bu məqsədlə o, Azərbaycan Muəllimlər İnstitutunun Gəncə filialının tarix fakültəsinə qəbul olmuş və 2001-ci ildə ikinci ali təhsilini başa vuraraq tarix müəllimi ixtisasına yiyələnmişdir. 2001-ci ildən 2012-ci ilin aprel ayına kimi Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində həm də tarix müəllimi işləmişdir.2012-ci ilin aprel ayında Sabirabad rayon Əhmədabad kənd ümumi orta məktəbinə direktor vəzifəsinə təyin olunan Nəsibə Bağırova həmişə ona göstərilən etimadı əməli işi ilə doğrultmağa çalışmışdır. Nəsibə müəllimə hazırda 7-9-cu siniflərdə rus dili fənnini tədris edir. O, İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”; “Ümumi təhsildə Kurikulum islahatı və onun idarə olunması”; “Məktəb direktorlarının İdarəetmə təhsili”; “İdarəetmədə qərarların ölçülmək üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatlarının nəticəsindən istifadə II modul ”; “Təhsil menecerlərinin İdarəetmə təhsili” və sair məktəb direktorlarının ixtisasartırma təllim kurslarında dəfələrlə iştirak etmiş və yüksək dərəcəli sertifikatlar almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun “Xəbərlər” elmi – metodik jurnalında bir sıra elmi məqalələri çap olunmuş, iş təcrübəsi rayon miqyasında yayılmışdır. O, direktor işlədiyi dövrdə Azərbaycan Müəllimlər İnstitutunda Təhsil Meneceri ixtisasına yiyələnmiş. Elmi layihələrin həyata keçirilməsində fəal iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi 2017-2018-ci tədris ilində “Təhsildə Keyfiyyət ili” çərçivəsində Respublika səviyyəsində keçirilən, Respublika Pedaqoji Mühazirələr müsabiqəsi”ndə “Ümumtəhsil məktəblərinin idarə olunmasının təkmilləşdirilməsi bölməsi” üzrə “Şagird nailiyyətinin obyektiv qiymətləndirilməsi, təhsilin keyfiyyətinin idarə olunmasında əsas amil kimi” mövzusunda mühazirəsi ilə uğurlu çıxış etmişdir.2016-cı ildə Azərbaycan Respublikası Təhsil Naziri Cənab Mikayıl Cabbarov Sabirabadlılarla keçirdiyi görüşdə Nəsibə müəllimə Sabirabad təhsilinin uğurları ilə bağlı Təhsil Naziri ilə fikir mübadiləsi aparmışdır. O, həmçinin 2019-cu ilin mart ayının 14-də Salyanda keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” adlı layihə təlim seminarının iştirakçısı olmuşdur. N.Bağırova 2017-2018-ci tədris ilində “Təhsildə Keyfiyyət ili” çərçivəsində Pedaqoji Mühazirələrin rayon və respublika ölkə mərhələsinin qalibi olmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 12 iyul 2018- il tarixdə Fəxri Fərmanla təltif olunmuşdur.Əhmədabad kənd ümumi orta məktəbində 270 nəfər şagirdin təlim–tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur. Məktəbdə təlim göstəricilərinin reytinq cədvəlində daha yüksək nəticə əldə olunması üçün ciddi səylər göstərilir. Məktəbdə həmçinin qabaqcıl təcrübənin öyrənilməsi, təlim nəticələrinin vaxtaşırı monitorinqi, təhlili, təhsilverənlərin öz üzərində çalışmaları, zəif oxuyanlarla fərdi işlərin aparılması sahəsində məqsədyönlu işlər aparılır. Bu il 15 -18 mart 2019-cu il tarixlərdə məktəbin IX sinif şagirdi – Fəzliyev İbrahim İlham oğlu “Ölkəmizi tanıyaq” tur aksiyası layihəsində uğurla iştirak edərək məktəbi layiqincə təmsil etmişdir. Məktəbin IX sinif şagirdləri - Bezgünova Nazlı Şirin qızı, Muştakova Ləbisə İlham qızı, Aslanova Məlikə Əli qızı 13 mart 2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin fəal iştirakçılarıdır; məktəbin IX sinif şagirdləri - Aslanova Minə Bəxtiyar qızı, Rüstəmov Şahmurad Kərim oğlu, Kaxramanov Kamran Kərimjan oğlu 27 mart 2019-cu il tarixdə keçirilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” inşa – yazı müsabiqəsinin qalibləridir.Nəsibə müəllimənin keçmiş şagirdləri arasında müxtəlif peşə, sənət sahibləri vardır. Onlarla şagirdi isə müəllim peşəsini seçmişdir. Onun keçmiş şagirdlərindən Mais Xanlar oğlu Məmmədov hazırda Sabirabad rayon M.Şahmurov adına Nərimankənd tam orta məktəbin direktorudur. Nəsibə müəllimə həmçinin yaradıcılıq fəaliyyəti ilə də məşğul olur. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu “Xəbərlər” elmi–metodik jurnalında “İxtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi”; “Qloballaşan cəmiyyətdə əxlaqi – mənəvi dəyərlərin qorunması”; “Təhsil” jurnalında “Heydər Əliyev- fenomen siyasətçi, parlaq gələcəkdir!” ; “ Rus dili dərslərində uğurlu motivasiya” və sair məqalələrlə həm respublika, həm də yerli mətbuatda maraqlı məqalələrlə çıxış etmişdir. Nəsibə Bağırovanın səmərəli pedaqoji fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Sabirabad rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla qiymətləndirilmişdir. O, Respublika Qadınlarının 9-cu, Respublika Muəllimlərinin 14 – cü qurultayının nümayəndəsi olaraq Sabirabad Ziyalı Qadınlarını və Müəllimlərini layiqincə təmsil etmişdir. Nəsibə müəllimə həmçinin “Tolerant Azərbaycan” qəzetinin fəal əməkdaşı, Sabirabad rayon təhsil şurasının üzvüdür. Nəsibə Bağırova haqqında Elxanə Şəmilqızı “Azəri yurdunun övladları” kitabında “Təhsil xəzinədir, bilik onun açarı!” adlı məqaləsi çap olumuşdur.Nəsibə müəllimə Yeni Azərbaycan Partiyasının üzvüdür. O, rayonun ictimai–siyasi həyatında fəal iştirak edir. Nəsibə müəllimə mənimlə söhbət zamanı Əhmədabad kənd şəhidləri – Xurşudov Rövşən Aslan oğlunun, İsmayılov Nizam Əmir oğlunun, Şabanov Bahadur Əmirşah oğlunun, Xalid Hafiz oğlu Mərdəliyevin və itkin- Mühiddinov Qədir Vəhdo oğlunun adlarını çəkdi və şəhidlərin məktəbdə xatirəsini həmişə dərin hörmətlə yad edildiyini söylədi. Nəsibə müəllimə bildirdi ki, “ ...müəllimlik fəaliyyətimdə və vəzifə funksiyalarımın yerinə yetirilməsinə qismən də müvəffəqəmsə, mən özümü dünyanın ən xoşbəxt müəllimi hesab edir, bundan şərəf hissi keçirir və qürur duyuram!..”. N.Bağırova həm də çox mehriban, qayğıkeş anadır! Onun ömür-gün yoldaşı Əhəd Seyidməmməd oğlu Bağırov ali təhsilli mühəndisdir. O, 3 il Sabirabad rayon Nərimankənd kənd keçmiş H.Nuriyev adına kolxozda – baş iqtisadçı vəzifəsində işləmiş, 35 il Nərimankənd kənd məntəqə seçki komissiyasının sədri olmuş, hazırda 64 saylı Sabirabad ikinci seçki dairəsində baş məsləhətçi vəzifəsində çalışır.Ailənin yeganə övladı Mirhəmid Əhəd oğlu Bağırov hazırda Türkiyə Respublikasının Balıkesir Dövlət Universitetinin tarix fakültəsində təhsil alır, tələbədir.Mən bu yazını dahi şairimiz N.Gəncəvinin müdrik kəlamına sirayət edərək başladım və onunla da bitirirəm:Qüvvət elmdədir, başqa cür heç kəsHeç kimə üstünlük eyləyə bilməz.Alik RzayevAzərbaycan Jurnalistlər Birliyinin üzvü,“Qızıl qələm” mükafatı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.