Yüksək amal uğrunda Məktəblər, "Elm və Təhsil" 25 Kasım Bakının Suraxanı rayonundakı Şəhid E.Qaranzadənin adını daşıyan 270 nömrəli tam orta məktəb şəhərimizin ən ünlü təhsil ocaqlarından biridir. Bu məktəbdə 1700 nəfərdən çox şagird təhsil alır.Elə illər olur ki, məktəbin eyni sinfini bitirən məzunların əksəriyyəti həmin ildə ayrı-ayrı ali məktəblərə daxil olurlar. Məzunların ali məktəbə qəbul olunma göstəricilərinə görə 270 nömrəli tam orta məktəb respublikamızda özünəməxsus ön yerlərdən birini tutur. Əlbəttə, bütün bunlar təsadüfi hal deyil, məktəbin rəhbərinin, eləcə də, müəllim kollektivinin dərin biliyinin, böyük zəhmətinin nəticəsidir. Sözümüz məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, istedadlı yazıçı Xəyyam Nəbiyev haqqındadır. Xəyyam Səlvər oğlu Nəbiyev - 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən olan İsmayıllının Xankəndi kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Anası Fənarə xanımın çeşmə şırıltısı kimi həzin və duru laylaları, atası Səlvər kişinin ibrətamiz əməlləri və düzgün nəsihətləri onun bir övlad kimi ağıllı, işgüzar böyüməsinə, bir insan kimi kamilləşməsinə böyük təsir göstərmişdir.Bunun nəticəsidir ki, orta məktəbi əla qiymətlərlə bitirən gənc Xəyyam müvəffəqiyyətlə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1992-ci ildə ali məktəbi fərqlənmə diplomu və adlı təqaüdlə başa vurur.İlk əmək fəaliyyətinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi kənddə başlayır. Bir vaxtlar orta təhsil aldığı məktəbdə sevimli müəllimləri ilə çiyin-çiyinə işləyir. Daha sonra rayondan Bakıya qayıdır. 2001-ci ildən bu günədək isə 270 nömrəli tam orta məktəbdə çalışır. Artıq 27 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. - Xəyyam müəllim, yeri gəlmişkən, məktəbiniz haqqında bir qədər ətraflı danışın.- Söhbətimizin əvvəlində məktəbimizlə bağlı bəzi məqamlara toxundunuz. Bildiyiniz kimi, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən bu təhsil ocağı məzun şəhidimiz E.Qaranzadənin adını daşıyır. Teatr adamları arasında: “Teatr qarderobdan başlayır” adlı bir deyim var. Əminliklə demək olar ki, bu ifadə bütün sahələrə aiddir. Məktəbimizə ilk gəlişinizdən buradakı səliqə-sahmanın, təmizliyin şahidi oldunuz. Nə qədər adi görünsə də bizim məktəbin zəngi aftomatik idarəetməyə qoşulub. Tam aydın osun deyə bildirək ki,bu zaman müəllim dərsə nə gecikə, nə də ki, zəngdən əvvəl sinifdən çıxa bilməz. Məhz bu nizam-intizamın nəticəsidir ki, məktəbimiz qəsəbəmizdə, ümumilikdə rayonumuzda sayılıb-seçilən məktəblərdən biridir. “Uğurlu təhsil, uğurlu gələcəkdir” devizi ilə işləyən məktəbimizin neçə-neçə məzunu hər il ali məktəblərə yüksək balla qəbul olunurlar. Təkcə bir faktı diqqətinizə çatdırım: Keçən dərs ilində məktəbin 11 b sinfinin 4 məzunu 600-dən, 10 məzunu isə 400-dən yuxarı bal toplamışdır. Heç şübhəsiz ki, bu uğurların əldə edilməsində xüsusilə direktorumuz Əli müəllimin zəhməti əvəzsizdir. Bu bir həqiqətdir ki, Əli müəllim öz rəhbərliyi ilə məktəbimizə yeni nəfəs, böyük nüfuz gətirdi.- Şübhəsiz ki, qazanılan uğurlarda Sizin də əməyiniz var. - Belə sualları cavablandırmaq təvazökarlıqdan uzaq sayılır. Ancaq belə bir deyim də var: “Məni məndən soruşmayın”. Əgər soruşursunuzsa cavab verməliyik: Həmin o sözügedən 11 b sinfində Azərbaycan dili və ədəbiyyat dərslərini mən aparırdım. Həmin ili sinfin 23 şagirdindən 22 nəfəri tələbə adını qazandı. Onu da qeyd edim ki, sinif humanitar istiqamətli idi. Şübhəsiz ki, işimiz təkcə bununla məhdudlaşmır. Yetirmələrimizdən hətta ölkə birincisi olanlar da olub.Bir haşiyə: Hələ Xəyyam müəllimlə tanışlıqdan əvvəl həmkarlarından birinin onun haqqında dediyi sözləri qələmə alırıq: “Komenski deyib ki, təhsil həqiqi, tam, parlaq və möhkəm olmalıdır”. “Xəyyam müəlimin fəaliyyətində bu deyilənlərin hamısı var. O, qarşısına bir məqsəd qoyursa, çalışır, vuruşur, ona nail olur. O, öz ideyaları uğurunda mübarizə aparmağı sevir. Və həmişə müvəffəqiyyət əldə edir.” - Təcrübəli pedaqoq kimi təhsilimizin bu günkü vəziyyəti Sizi qane edirmi?- Qane edir və yaxud da qane etmir sözlərini heç bilmirəm necə deyim? Hər halda islahatlar gedir, təkmilləşmələr aparılır. Lakin bunlar ləng gedir, əsəslı şəkildə aparılmır. Təsəvvür edin: Düz 40 il bundan əvvəl mən şagird olduğum zaman tədris olunan fənlərin əksəriyyəti bu günə kimi qalmaqdadır.Amma islahatlar mütləq lazımdır. Konkret misal gətirim: Götürək musiqi fənninin tədrisini.Təsəvvür edin ki, şagirdin nə istedadı yoxdur, nə də ki, musiqiyə marağı. Bu zaman ona 9 il musiqi dərsi keçməyin mənası nədir? Eləcə də təsviri incəsənətin tədrisi. Təklif edirik ki, dərsin siniflər şəklində keçilməsinə yenidən baxılsın. Yəni tutaq ki, bir məktəbdə 6 dənə 8-ci sinif var. Eyni saatda bütün siniflərə təsviri incəsənət dərsi keçilsin. Və ümumi siniflərdən musiqisevərlər, rəsmsevərlər və ədəbiyyatsevərlər yenidən qruplaşdırılsın. Bundan başqa, tətill günlərinə yenidən baxmaq lazımdır. Məlum olduğu kimi şagirdlər yay tətilinə üç ay butaxılırlar, müəllimərin məzuniyyəti isə təxminən iki aya yaxındır. Soruşulur: şagirdlərin olmadığı vaxtlarda müəllimlər məktəbdə nə ilə məşğul olurlar? Təklif edirik ki, şagirdlərin yay tətili də iki aya endirilsin. Əvəzində gündəlik dərslərin miqdarı azaldılsın. Belədə illik proqram materiallarlna verilən saatların sayı toxunulmaz qalar. Bu, təhsilin keyfiyyətinin əsaslı şəkildə yüksəlməsinə təsir edər. O səbəbdən ki, saat 2-yə, 3-ə kimi çox yorulmuş olurlar.- Müasir dövrdə müəllimin nüfuzunun qalxması üçün təklifiniz nələrdir? - Mən müəllimin nüfuzdan düşməsi ifadəsi ilə qətiyyən razılaşmıram. Bu peşə sahibləri bütün zamanlarda nüfuz sahibi olublar. Belə müqəddəs ada xələl gətirənlər isə fərdlərdir, bunlar da bütün sferalarda var. Sizin sualınızın mənasını isə mən diplomlulara yox, savadlılara, biliklilərə bacarıqlılara dəyər verilməsi kimi qəbul edirəm. Təsəvvür edirsinizmi, bir bazar nəzarətçisinin qazancı ali təhsilli bir müəllimin, həkimin, hətta məmurun qazancından dəfələrlə çoxdur. Şübhəsiz ki, belə bir vəziyyətdə şagirdlərdə oxumağa, bilik toplamağa maraq azalır və ali məktəbə daxil olmaq isə sadəcə bir dəb halını alır. Hətta onun xoşagəlməz məqsədləri də vaxtı olur. Bir qədər də fərqli izah etsək, böyüməkdə olan nəsil başındakıları cibində hiss etmək istəyir. Axı, biz elə səviyyədə inkişaf etməmişik ki, maddi dəyərlərimizi, mənəvi dəyərlərimizdən daha çox önə çəkək. - Bir vaxtlar elmi işlə də məşğul olmaq istəmisiniz. - Bəli. Elmi iş götürmüşdüm. Lakin vaxtında, zamanında başa çatdırıb, müdafiə edə bilmədim, daha doğrusu, etmədim. Bilirsinizmi, insanda elmdən, bilikdən başqa - fərasət, əzmkarlıq, prinsipiallıq da vacib şərtdir. Etiraf edim ki, sadaladığım cəhətlər məndə yoxdur. O zaman azacıq sıxıntı hiss edən kimi küsdüm- körpə usaqlar kimi küsdüm... Mən elmi işi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin müasir Azərbaycan dili kafedrasından götürmüşdüm. O vaxtlar yaşım da xeyli keçmişdi. Bəlkə bir qədər də özümdən razı idim, və özümü institutdakı dilçi alimlərlə, hətta elmi rəhbərimlə də bərabər səviyyədə görürdüm. Ancaq onlar mənə yalnız tələbə kimi yanaşırdılar. Bunun özü də məni küsdürdü. Mən elmi işimi qisa müddətdə yazmışdım. Kafedrada ilk müzakirədən də keçmişdi. Üç minimum imtahandan ikisini vermişdim. Demək olar ki, elmlər namizədliyinə gedən yolun səksən faizini keçmişdim. Ancaq nə fayda... Mən ki... ruhdan düşmüşdüm. -Təəssüf edirik... Yeri gəlmişkən, bədii yaradıcılıqda vəziyyət necədir? - Bəli. Ötənlərə, keçənlərə indi təəssüf edirəm. Mütəmadi olmasa da bədii yaradıcılıqla məşğul oluram. Yəqin ki, məlumatınız var. Bu vaxtadək müxtəlif mətbuat orqanlarında- qəzet, jurnal və saytlarda coxsaylı bədii- publisistik, elmi yazılarım dərc olunub. Hətta qardaş Türküyədə bir hekayəm işıq üzü görüb. Ayrıca 2 kitab müəllifiyəm. Hal-hazırda isə 1 kitabım çapa hazırdır. Əlavə bir neçə kitablıq əlyazmam da var. Ancaq əlyazmalarımın çapı barədə hələ ki, konkret fikrim yoxdur. Sözün doğrusu, qarşımı nə üçün, kimin üçün yazıram kimi suallar kəsir. Bəzən ən kiçik tirajla kitab buraxırsan, sonradan görürsən ki, sənin sevə-sevə çap etdirdiyin bu kitab heç kimə lazım deyilmiş. Təsəvvür edirsinizmi, yaxın bir adamın ona kitab vermədiyimə görə məndən incimişdi. Mən həmin vaxt evdə qalan kitabımın birini ona bağışladım. Bir müddət keçəndən sonra görüşdük və məlum oldu ki... dostum o kitabı heç oxumayıb... Baxın, belə hallarla qarşılaşanda adam sanki... çaşıb qalır. Ancaq mən ruhdan düşmürəm. Yazmaqda davam edirəm. Məktəbimizdə keçirdiyimiz tədbirlər üçün çoxsaylı səhnəciklər yazıram və quruluş verirəm. İnamla deyə bilərəm ki, müəllim kollektivimiz mənim belə tədbirlərimi səbirsizliklə gözləyirlər. Hətta bu cür tədbirlər uzun müddət müzakirə mövzusu olur. -Növbəti sualımız hamımızın ağrılı yerimiz olan Qarabağ haqqındadır. Şagirdlərinizə bu mövzuda nələr danışırsınız? Ümumiyyətlə bu barədə özünüz nələr düşünürsünüz? - Hər şeydən əvvəl şagirdlərimi ruhən qələbəyə kökləyirəm. Gənclərdə ümüdsizliyin yaranmasına yol vermirəm. XX əsrin əvvəllərində neft bumu baş verəndə Bakıya çoxsaylı ermənilər axışmışdı. Sadə adamlar bizim hansısa neftaxudaya şikayət edirmişlər ki, ay ağa, filan erməni , filan yerdə bina tikir. Neftaxuda deyirmiş ki, işiniz olmasın, imkan verin tiksin. Onsuz da sonda bizə qalacaq. Mən bu misalı şagirdlərimə tez-tez çəkirəm. Özüm də inanıram. Onlar Qarabağda nə tikirlər tiksinlər, yenə bizə qalacaq. Ancaq bir gileyimi bildirim ki, biz Qarabağ problemi deyilən bu ifadə ilə razılaşmamalıyıq. Çünki belə bir problem yoxdur. Əsas məsələ Ermənistanın həmsərhəd olduğu dörd ölkədən üçünə qarşı ərazi iddiasıdır. Qarabağ isə onun bir təzahür formasıdır. Tutaq ki, biz Qarabağdan əl çəkdik və torpağımızı verdik ermənilərə. Məsələ bununla bitəcəkmi? Qətiyyən yox! O zaman onlar bundan da böyüyünü tələb edəcəklər. Amma mən çox nikbinəm. - Xəyyam müəllim, söhbətimiz boyu məktəbinizin, yetirmələrinizin uğurlarından söz açdınız. Sizin ötən illər ərzindəki ən böyük uğurunuz nədir? - Hər şeydən əvvəl müqəddəs “müəllim” adına şərəflə qulluq edirəm. Oxuyan, öyrənən, dərindən düşünən, düzgün qərarlar qəbul edən vətandaşlar yetişdirirəm. Onlara sözün böyük mənasında Vətənə, xalqa məhəbbət, dövlətə, insanlığa, həqiqətə, dinimizə, dilimizə sədaqətli olmaq kimi ali keyfiyyətlər aşılayıram.Özümə gəlincə isə bir ailə başçısı, ata kimi ağıllı, bilikli, vətənpərvər 3 övlad böyüdüb ərsəyə çatdırmışam. Şagirdlərimdə görmək istədiyim bütün mənəvi keyfiyyətləri övladlarıma da aşılamışam. -Nəhayət sonuncu, ənənəvi sualımız. Bu peşəni sevib-seçməyiniz haradan qaynaqlandı? Bir daha seçim etmək imkanınız olsaydı, yenə müəllimliyi seçərdinizmi? - Bəri başdan qeyd edim ki, bu peşəni seçməyimə qətiyyən peşiman deyiləm. Ancaq tam səmimiyyətlə etiraf edim ki, ilk seçimim müəllimlik olmayıb. Orta məktəbi bitirəndə məndə - bilik, arzu, məqsəd, güc, qüvvət var idi. Lakin reallığı görəcək göz yox idi. O zaman o qədər kitab, qəzet, jurnal oxuyurdum ki... Efir məkanına da çox bağlı idim... Verlişləri izləyirdim. Elə bilirdim ki, həyatda hər şey yazıldığı, deyildiyi kimidir. Ancaq sonralar qarşılaşdığım reallıqlar mənə əsl dərs verdi.Anladım ki, hər şey deyildiyi, göründüyü kimi yox, olduğu kimidir. Vaxt da öz işini gördü. Birdən ayıldım ki, müəlliməm. Sualınızın ikinci tərəfinə gəlincə isə yenidən şans verilsəydi müəllim olmazdım. Diplomatiyanı və yaxud da jurnalistikanı seçərdim. Ən əsası isə xarici dillərdən birini mükəmməl öyrənib ciddi çəkildə həmin dildə bədii yaradıcılıqla məşğul olardım. Son olaraq: Müəllim ömrünü qaynar bulağa bənzətmək olar.Suyu saf, billur bulağa. Bəs, bu bulaqdan kimlər xeyr görür, götürür?Əlbəttdə, Vətənimiz, xalqımız, bütün bəşər övladları. Xalqımızın görkəmli oğlu Nəriman Nərimanov vaxtılə yazırdı: “Hər bir xalqin tərəqqi tapması xalq maarifindən aslıdır. Bu qapının açarı isə xalq müəlliminin əlindədir”.Bəli, müəllim hər zaman xalqın görən gözü, düşünən beyni döyünən ürəyi, döğru yol göstərəni olubdur. Müəllimlər bu gün də xalqımızı, millətimizi, gənclərimizi tariximizə, mədəniyyətimizə, ənənələrimizə, dinimizə, dilimizə uyğun tərbiyə etmək yolunda bütün qüvvə və bacarıqlarını əsirgəmirlər. Tanrının bəxş etdiyi ömür paylarında yüksək amal uğrunda çalışırlar. Bunlardan biri də haqqında söz açdığımız Xəyyam Nəbiyevdir. İnanırq ki, mənalı ömrünü şagirdlərinin işıqlı gələcəyinə həsr edən Xəyyam müəllimi qarşıda hələ nə qədər fərəh, sevinc və bəxtiyarlıq dolu günlər gözləyir... Müşfiq BORÇALI,Xanım BİLALQIZI,ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.