Göylərə meydan oxuyan Sumqayıtım Təhsil » Sumqayıt 14 Temmuz Yazı Sumqayıt Bələdiyyəsinin elan etdiyi “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim edilir.Mən Sumqayıtda doğulub, burada orta təhsil alıb, ali məktəbi bitirəndən sonra jurnalistika sahəsində pillə-pillə yüksəlmişəm. Sumqayıt mənim tale şəhərimdir. 48 ildir ki, bu şəhərin inkişaf etdiyini və bəzən də durğunluq dövrünü yaşadığını görmüşəm. Bu şəhərin ən kiçik uğurlarına sevinmişəm. Nöqsanlarını görəndə isə onlar mənə dərd olub. Bir şeyə sevinmişəm ki, Sumqayıt, həmişə yüksək potensiallı kadrları ilə seçilib. Buradan pərvaz edən gənc ali təhsilli kadrlar bu gün də respublika səviyyəli qurumlarda uğurla fəaliyyət göstərir, müxtəlif ali təhsil ocaqlarında gənclərimizin layiqli mütəxəssislər kimi hazırlanmasında əllərindən gələni əsirgəmirlər. Mən də sumqayıtlı kimi ETM Təfəkkür Unuversitetində öz biliyimi, bacarığımı tələbələrə öyrətməkdən qürur duymuşam.Sumqayıt görkəmli elm xadimləri, ədəbiyyat və mədəniyyət nümayəndələri, yazıçıları ilə də həmişə örnək olub. Bu insanlar 67 ildə şəhərin şöhrətinə bir az da şöhrət gətirib və özləri də Sumqayıtla birgə şöhrət zirvəsinə ucalıblar. Ötən illər ərzində Sumqayıt şəhərinə istər birinci katib kimi, istərsə də icra başçısı kimi çox insan rəhbərlik edib. Onların əksəriyyəti bu gün də sumqayıtlılar tərəfindən xoş duyğularla xatırlanır, həyatda olanlara uzun ömür arzulanır, dünyasını dəyişənlərə isə Allahdan rəhmət dilənir.Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə Zakir Fərəcovun Sumqayıta İcra Hakimiyyəti başçısı təyin olunması, şəhər sakinlərinin ürəyindən xəbər verdi və onların sevincinin üstünə bir sevinc də əlavə olundu. Çünki Zakir Fərəcov sumqayıtlıdır, eyni zamanda şəhər camaatı üçün doğma adamdır. Onlar Zakir Fərəcovu yaxşı tanıyır və ona böyük ümidlər bəsləyirlər. Eləcə də Sumqayıtın problemləri də Zakir Fərəcov üçün məlum və doğma problemlərdir. O, yaxşı bilir ki, sumqayıtlılar çalışqandırlar, zəhmətkeşdirlər, istəsələr dağı dağ üstə qoyarlar. Sumqayıtlıların ən böyük istəyi odur ki, onların övladları məktəbə, bağçaya palçığın içində yox, asfalt yolla gedib gəlsinlər. Gecələr həyətləri zülmətə qərq olmasın, binalarının zirzəmiləri təmiz olsun ki, ətrafı üfunət bürüməsin, başlarının üstündə örtük olsun ki, yağan qar-yağış evlərinin içinə dolmasın, gənclərin asudə vaxtları normal təşkil olunsun, onlara yeni iş yerləri yaradılsın, təqaüdçülərin asudə vaxtlarında oturub söhbət etmələri üçün həyətlərində bir yaraşıqlı istirahət guşələri olsun. Şəhərin bütün məhəllə və mikrorayonları istilik sistemi ilə təchiz olunsun. Axı ilk baxışdan, bunlar elə də külli miqdarda vəsait tələb edən problemlər deyil...Ona görə də Zakir Fərəcovun bu şəhərə rəhbərlik etdiyi gündən Sumqayıtda infrastruktur layihələrin icrasına başlanılıb. Artıq 10 aydır ki, müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin yaradılmasına böyük diqqət göstərilir. Şəhərdə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi imkanları xeyli genişləndirilib. Dövlət başçısının dəstəyi ilə indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinə ümumi dəyəri 320 milyon manat olan investisiya layihəsini maliyyələşdirmək üçün dövlət tərəfindən çox böyük miqdarda güzəştli kredit verilib ki, bu layihələrin icrası ilə 10 mindən çox yeni iş yeri açılıb. Digər bir diqqət və qayğının bariz nümunəsi son günlər Sumqayıt şəhərində istismar müddətini ötmüş, qəzalı vəzziyətdə olan 200 ədəd liftin quraşdırılması, çoxmənzilli 300 ədəd yaşayış binasının dam örtüyünün dəyişdirilməsi, eyni zamanda şəhərdə abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması üçün böyük miqdarda vəsait ayrılıb. Son 10 ayda aparılan abadlıq, quruculuq işləri sakinlərin əhval-ruhiyyəsinə böyük təsir edib. Bunu hər addımda görmək olar. Aparılan abadlıq-quruculuq işləri daxilində Heydər Əliyev, Azərbaycan prospektlərində və 20 Yanvar küçəsində 15 yaşayış binasının fasadları "aqlay" üzlük daşlarla üzlənir və demək olar ki, bütün binalarda işlər artıq yekunlaşıb. Eyni zamanda, Nizami meydanının, Lüdviqshafen parkının, 6, 9, 18-ci mikrorayonlarda və 36-cı məhəllədə məhəllə daxili ərazilərin işıqlandırılması işləri həyata keçirilib. Sumqayıt sakinlərinin böyük sevincinə səbəb olan dənizkənarı ərazidə yenidənqurma işlərinin: Heydər Əliyev parkında "Heydər Əliyev Mərkəzi"nin yeni binasının, Şahmat və Musiqi məktəblərinin inşası işləri aparılır. "Park Bulvar" və Çimərliyin tikintisi ilə bağlı bulvarda 106 hektar sahədə çox sürətlə işlər gedir. Burada müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə yerləri, idman kortları, kafe, restoran, istirahət guşələri, çoxmərtəbəli yaşayış binaları tikiləcək. Elə bununla da Sumqayıt həqiqətən də göylərə meydan oxuyub, özünün ikinci intibah dövrünü yaşayacaq.İcra Hakimiyyəti başçısının göstərişi ilə şəhərin mərkəzi küçələrindən birinə Milli Qəhrəman, xalqımızın igid oğlu Mübariz İbrahimovun adı erilib. Eləcə də 2016-cı ilin aprel ayının əvvəllərində Qarabağ döyüşlərində şəhid olan sumqayıtlıların da adları əbədiləşəcək. Bax, Zakir müəllimin bu maraqlı ideyaları da onun böyük vətənpərvərliyindən, dövlətə, dövlətçiliyə böyük sədaqətindən xəbər verir. Bu təkiflərin reallaşması hamının ürəyincə olacaq və insanlarımızda Vətənə inamı və sədaqəti bir az da artıracaq. İcra hakimiyyəti başçısı şəhərin ekoloji durumu ilə əlaqədar təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsini şəxsən nəzarətə götürüb, mərkəzi və yerli icra orqanları ilə birgə müəssisə və təşkilatları cəlb etməklə ekoloji tarazlığın pozulmasının qarşısını almaq üçün ardıcıl tədbirlər həyata keçirir.Bu gün əminliklə deyə bilərəm ki, sumqayıtlıların dərdini bizdən də yaxşı bilən hörmətli Zakir Fərəcov qısa zaman kəsiyində Sumqayıtdakı mövcud problemlərin aradan qaldırılması üçün əlaqədar qurumları işə cəlb etməklə, sosial rifah halının yaxşılaşdırılması istiqamətindəki maraqlı tədbirləri ilə hər an sumqayıtlıların yanında, onlarla birgə olduğunu artıq sübut edir. Mən bir Sumqayıt sakini, ziyalı olaraq, qələm əhli kimi bundan qürur duyuram. Ona görə də yazılarımın birində Zakir Fərəcovu Sumqayıtın cəfakeşi adlandırmaqda səhv etmədiyimi indi aydın görürəm. Ona çətin, məsuliyyətli işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzulayıram. Axı onun uğurları bütün sumqayıtlıların uğuru, gələcək xoşbəxtliyi deməkdir. Sumqayıtın həqiqətən də göylərə meydan oxuması deməkdir! İlhamə MƏHƏMMƏDQIZI,ZiM.Az-ın Sumqayıt bürosunun rəhbəri.P.S. Nə yaxşı Sumqayıtım vardır!Nə yaxşı Sumqayıtım var. Onsuz ömrüm-günüm acıdır, hədərdir. O, insanlara gərəkdir dar gündə dost kimi, vəfadar kimi. Nə qədər sinəsini şaxta, boran, qış döysə də sarsılmır. Onu sevənləri gənclik eşqiylə, bahar təravətiylə öpür yolları. Kİmsəsiz, yalqız qalanların tutur əllərindən Sumqayıtım. Ögeyə doğmadır, dərdliyə sirdaşdır şəhərim. Dar günümdə arxam, köməyim, dayağım Sumqayıtım əzəldən dostluğun, birliyin, haqqın çırağına çevrilib. Səsim, ünüm, harayım, mənim şan-şöhrət payım, səndən mən necə doyum, Sumqayıtım?Gözəlliyindən ilham aldığım şəhərim, Xəzərin sahilində ucalırsan, elin ürəyində yurd salırsan. Sədaqətli oğlun, qızın var sənin, mətanətli gəncin, qocan var sənin. Hər an qəlbimdə, söhbətimdə, sözümdəsən, alnıaçıq, ürəyigen Sumqayıtım. Hissim, duyğum, məhəbbətim adınla bağlıdır. Hər yaranışın bir rəngi olduğu kimi, sənin də öz rəngin var: bundan yorulmur, doymur insanın gözləri, ürəyi. Mavi səma, yaşıl təbiət qovuşur bu rəngdə. Bir qürur, bir vüqar rəmzi var səndə, bir od parlayır sinəndə. İşığın gurlandıqca qaranlıqları əridir, soyuq ürəkləri isidir. Dəyərini, qədrini ancaq qadirlər bilir. Bu günə, sabaha, xoş gələcəyə inamla sıxır bir-birini yaradan əllər. İllər keçsə, fəsillər ötsə də ömrünü uzadacaq gələn nəsillər. Səni ürəkdən sevdiyim üçün qarşında baş əyirəm, qəlbən deyirəm: Daim ucal, daim yüksəl, tükənməsin arzun, kamın, Sumqayıtım!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.