AZƏRBAYCANDA İLK DƏFƏ: "Ekologiyadan əvvəlki “ekologiya”" adlı monoqrafiya çapdan çıxıb

AZƏRBAYCANDA İLK DƏFƏ: "Ekologiyadan əvvəlki “ekologiya”" adlı monoqrafiya çapdan çıxıb
Ölkəmizdə ekologiyanın tarixi indiyədək əhatəli öyrənilməyib.
Əhalinin ətraf mühitə mübnasibətinin tarixi kökü çox qədimlərə gedib çıxır və onu öyrənməyin ekoloji problemlərin həll edilməsində əhəmiyyəti vardır.
İndiyədək bu sahədəki mövcud boşluğu aradan qaldıra biləcək yeni monoqrafiya işıq üzü görüb.



Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, “Şöhrət” ordenli professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayev, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Yusif Mahmudovun həmmüəllifliyi ilə “Ekologiyadan əvvəlki “ekologiya”” adlı monoqrafiya çapdan çıxıb.

Məlum olduğu kimi, ekologiya – 1866-cı ildə E.Hekkel tərəfindən yaradılıb, canlıların öz aralarında və ətraf mühit komponentləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Müasir dövrdə ekologiya bütün elmlərə inteqrasiya olunur və sürətlə inkişaf edir. Lakin qeyd etmək lazımdır ki, əhalinin qədim dövrlərdən bəri ətraf mühitə pozitiv və ya neqativ təsirləri həmişə olub. Bu baxımdan monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Müəlliflər bu münasibətləri “Ekologiyadan əvvəlki “ekologiya”” adlandırıblar.

Monoqrafiyada yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın tarixi qaynaqlarında, tarixi - mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır. Folklorumuzda, o cümlədən ağız ədəbiyyatı nümunələrində, şifahi xalq ədəbiyyatında, dastan və nağıllarda, atalar sözləri və el məsəllərində, bayatı, tapmaca və laylalarda, aşıq sənəti, xalq mahnıları və xalq rəqslərində ətraf mühitə münasibət araşdırılır. Qədim türk abidələri və şumernamələrdə, “Avesta” qanunlar toplusunda, “Kitabi - Dədə Qorqud” dastanında təbiətə münasibət, Novruz bayramının ekoloji aspektləri ön plana çəkilir. İslam dinində ətraf mühit komponentlərinə qayğıkeş münasibətin nümunəviliyi xüsusi vurğulanır. Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir. Alimlərin, səyyahların və müxtəlif peşə sahiblərinin ölkəmizin təbiəti haqqında qeydləri təqdim edilir. Azərbaycanda ətraf mühitn qorunması tədbirləri və respublikada ekologiyanın başqa elmlərə müasir inteqrasiyası sadalanır.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan bu monoqrafiyanın elmi redaktorları akademiklər Vasim MəmmədəliyevYaqub Mahmudov, rəyçiləri akademik Urxan Ələkbərov, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, pedaqoji elmləri doktoru, professor Vidadi Xəlilovfilologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.

Ali və orta məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar üçün nəzərdə tutulan monoqrafiya, eləcə də, ümumiyyətlə, ekologiya ilə maraqlanan müxtəlif peşə sahibləri üçün də dəyərli töhvədir.

Aysel MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: