Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım

Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım “Firəngiz xanım Əməkdar Mədəniyyət işçisi, peşəkar muzeylər sənətkarıdır. O, peşəkar sənətşünasdır, alimdir, muzey işinə bütün ömrünü həsr edib. Başlıcası odur ki, həyat eşqi var onda”.
Akademik
Arif Mircəlal oğlu Paşayev.



Bəli, əsl dost sənin varlığındır, sənin özünsən, milyardların içində, bu Qoca Dünyada sənin varlığın deməkdir. Dostunla tanınırsan, dostunla öyünürsən, dostuna arxa-dayaq deyirsən. Çoxlu dostları ilə tanınan, əqidəli, vəfalı dostları ilə öyünən, əsl dostu özünə arxa-dayaq bilən bir gözəl, xeyirxah, vətənpərvər, işgüzar xanım haqqında danışmaq, yazmaq istəyirəm. Haqqında danışacağım o böyük insana dünyada hansı gözəl sözlər, dəyər verəcək ifadələr varsa ünvanlamaq olar. Obrazlı desək, yazımın qəhrəmanı insanlıqda bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən, birləşdirən və ehtiva edən o xanım Firəngiz Hüseynovadır.

Azərbaycan mədəniyyəti sahəsində lazımınca tanınan muzey işinin bilicilərindən olan Firəngiz xanım işinin peşəkarı, sənətinin fədaisidir. Sənətini, peşəsini sevən, sevdirən bir xanımdır. Ürəyi saf, təmiz, vicdanlı, namuslu, qeyrətli el qızıdır o. Elinə, obasına, torpağına dərin tellərlə bağlı olan xanımdır. Elə bu yüksək mənəvi- əxlaqi keyfiyyətlərinə görə də özünə çoxlu dostlar, həmfikirlər qazanıb. Özünün dediyi kimi, dostlarım mənim ən zəngin xəzinəmdir. Firəngiz xanım həyatda dost istəyini, dost sevgisini, dost dəstəyini illərnən qazanıb, tapıb. Yüksək ali keyfiyyətlərə malik Firəngiz xanım qədim Borçalı diyarının ədəbi mühitində, ziyalı ailəsində böyüyüb, boya-başa çatıb, tərbiyə alıb. Onun ata ocağı şer-sənət ocağı, elm məbədgahı olub. Həm də bu mühit onun gələcək inkişafını istiqamətləndirən amillərdən idi.

H a ş i y ə. Firəngiz xanımın atası - Məmmədli Hüseynqulu Məmməd oğlu 1919-cu ildə Gürcüstanın Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Pedoqoji İnstitunun (indiki universitetin) dil-ədəbiyyat fakültəsini bitirmişdir (1947). Gürcüstanda orta məktəblərdə müəllim, məktəb direktoru (1941-1962), Azərbaycan Maarif nazirliyində məktəb inspektoru işləmişdir (1963-1980). Hüseynqulu Məmmədli 30 ilə yaxın tarixi keçmişimizə işıq saçan “Kitabi-Dədə Qorqud” abidəsinin araşdırılması ilə məşğul olmuşdur. Onun birinci kitabı “Dədəm Qorqud gəzən yerdi bu yerlər...” adlanır. “Dünyanı düşündürən “Dədə Qorqud” isə abidənin araşdırılmasına həsr etdiyi ikinci kitabı olmuşdur. Bu kitab “Dədə Qorqud” abidəsinin 1300 illik yubileyi ərəfəsində işıq üzü görmüşdür. Bütün varlığı ilə tarixi keçmişinə, kökünə, soyuna bağlı olan Hüseynqulu müəllimin o müqəddəs ocağında, səcdəgahında dünyaya göz açmışdı Firəngiz xanım. Yüksək mənəviyyata, zəngin təfəkkürə ata ocağında yiyələnmişdi.

Firəngiz xanım 1953-cü ildə qədim Borçalı elinin Faxralı kəndində anadan olub. Ailədə altı uşaq - üç bacı və üç qardaş olublar. Bacılarının son beşiyi olan Firəngiz xanım ailənin ən sevimli, ən istəkli övladı kimi həmişə əziz, hörmətli tutulub. 1961-ci ildə Faxralı kənd orta məktəbinin birinci sinfinə daxil olan Firəngiz xanım 1970-ci ildə Bakı şəhərində 226 saylı orta məktəbi əla qiymətlərlə bitirir. Orta məktəbi başa vurduqdan sonra Firəngiz xanımın ən böyük arzusu ali məktəbə daxil olmaq, elmin dərin sirlərinə yiyələnmək, tələbəlik illərinin acılı-şirinli günlərini yaşamaq olur. Həyatda ən böyük arzusuna çatır, tələbə adını qazanır Firəngiz xanım. 1972-ci ildə ADU-nun (indiki BDU-nun) kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinin tələbəsi olur. O, universitetdə oxuduğu illərdə tanınmış elm xadimlərindən, professorlardan dərs alır, sənətinin sirlərini dərindən öyrənməyə çalışır, bununla da özünü gələcəkdə iş həyatına, zəhmətə hazırlayırdı. 1977-ci ildə ali məktəbi başa vuran Firəngiz xanım Bakı şəhəri 126 saylı məktəbdə kitabxana müdiri vəzifəsində əmək fəaliyyətinə başlayır. Zəhmətsevərliyi, çalışqanlığı, daim yenilik axtarışında olmağı ilə diqqəti cəlb edən Firəngiz xanım 19 yanvar 1981-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində işə qəbul edilir. Ömrünün ən məsuliyyətli və ən məhsuldar dövrü başlayır. Muzeydə işlədiyi illərdə həyatının böyük nailiyyətlərinə imza atır, öz üzərində gecə-gündüz çalışır, əməksevərliyi ilə başqalarına örnək olacaq ad-san qazanır.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində əvvəlcə kiçik elmi işçi, sonra böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayan Firəngiz xanım şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlir. Azərbaycan Xalça Sənətinin dünya miqyasında təbliğinə həsr edilmiş üç Beynəlxalq Simpoziumun təşkili və keçirilməsində, “Azərbayacan Xalçası Dövlət Muzeyi” adlı SD diskin, “Azərbaycan incəsənəti” adlı kataloq toplusunun hazırlanmasına və bir çox əhəmiyyətli layihələrin həyata keçirilməsinə böyük əmək sərf edir. O, 1992-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət sərvətlərinin tarixi, bədii və elmi dəyərinin müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi və mühafizə şəhadətnaməsi verilməsi üzrə “Ekspert Komissiyası”nın katibi olur.

Mənalı ömrünü milli mənəvi dəyərlərimizin keşiyində dayanmağa həsr edən Firəngiz xanım 2006-ci ilin aprel ayından etibarən Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində əvvəlcə direktor müavini, 2011-ci ildə isə direktor vəzifəsinə təyin olunur.

Elə Firəngiz xanımla da ilk tanışlığımız Mülki Aviasiya Muzeyinin yaradılması, tərtibat işlərinin aparılması və arxiv materiallarının, eksponatların toplanması ilə bağlı müraciətdən sonra olmuşdur. Onda gördüm Firəngiz xanımı. Peşəsini sevən, sənətinin vurğunu, qəlbində daim qurmaq, yaratmaq eşqi olan Firəngiz xanımı onda tanıdım. Gördüm nə qədər zəhmətkeş, işgüzardısa, o qədər də saf, təmiz qəlbində insanlığa böyük yer ayırıb. Mülki Aviasiya Muzeyində quruculuq işləri aparılan ərəfədə Firəngiz xanımdan xahiş etdik ki, muzeyin əhəmiyyəti, tərtibatı, quruculuq işləri barədə qəzet üçün müsahibə versin. Firəngiz xanım da xahişimizi qəbul edərək muzeyin yaradılma tarixi, əhəmiyyəti, məqsəd və məramı, tarixə söykənən qiymətli, nadir eksponatlarla zəngin arxivi barədə maraqlı məlumatlar verdi.

Kütləvi İnformasiya Vasitələri, jurnalistika sahəsində təcrübəm olsa da muzey sahəsində bildiklərim yetərincə deyildi. Firəngiz xanımdan aldığım dəyərli məsləhətlər məni işimdə çox irəli apardı. O, ürəklə, yorulmadan muzey işini elmi baxımdan əsaslandırılmış şəkildə mənə başa salırdı. Bu gün də onun təcrübəsindən bəhrələnirəm, mütəmadi məsləhətlərimi alıram.

Respublikamızda yetərincə tanınan Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılmasında Firəngiz Hüseynovanın müstəsna xidmətləri olmuşdur. O, öz iş təcrübəsindən yararlanaraq Azərbaycan Mülki Aviasiyasının dünəninin, bugününün öyrənilməsi işinə böyük əmək sərf etmiş, bu sahədə mövcud materialların toplanması, öyrənilməsi, onların elmi-tarixi klassifikasiyası əsasında muzeyin ekspozisiyanın qurulması işini lazımi səviyyədə təşkil etmişdir. O, bu gün də illərnən əməkdə qazandığı təcrübəsini böyük həvəslə işçilərinə öyrədir.

Bu gün Milli Aviasiya Akademiyasının, eləcə də Respublikamızın digər ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və şagirdləri Firəngiz Hüseynovanın gərgin əməyi nəticəsində ərsəyə gəlmiş Mülki Aviasiya Muzeyindən bir elm ocağı kimi bəhrələnirlər.

Firəngiz Hüseynova qısa müddət ərzində Azərbaycan Aviasiya tarixinin təbliği ilə əlaqədar “Azərbaycan Mülki Aviasiya Muzey” adlı buklet, “Azərbaycan aviatorları Böyük Vətən müharibəsində”, “Azərbaycan Mülki Aviasiya Muzeyi 2005-2010 hesabat”, “Səma cəsurları sevir” adlı bukletləri hazırlamış, Azərbaycan Aviasiyasında müstəsna xidmətləri olan şəxslərə həsr olunmuş görüşlər, sərgilər keçirmiş, mütamadi olaraq dövri mətbuatda aviasiya ilə bağlı məqalələr dərc etdirmişdir.

Onun yüksək peşəkarlığı, mənəvi saflığı, tükənməz əməksevərliyi, muzey işinə böyük məhəbbət və sıx bağlılıqla səciyyələnən fəaliyyəti dövlət orqanları tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 may 2011-ci il tarixli qərarı ilə Firəngiz Hüseynova
“Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişdir.

Bu yaxınlarda Firəngiz xanıma Allahdan verilən ömür payına bir yaş da əlavə olundu,
60 yaşını qeyd etdi. 60 illik yubiley yaşın mübarək, əziz Dostum!
Sizə daim yüksəklidə olmağı arzu edirəm. Siz buna layiqsiniz.
Qoy həmişə yeri-göyü Yaradan Allah Sizi bədnəzərdən hifz eləsin.
Saf, kövrək qəlbinizi nurla doldursun. Arzu edirəm ki, həyat eşqiniz daim çağlasın,
aşıb-daşsın, heç vaxt sönməsin! İnsanlara bəxş etdiyiniz sevgilər
ürəyinizdən əskik olmasın!


Lalə Hüseynova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan Hərb Tarixi Muzeyinin
Arxiv-fond və Ekspozisiya üzrə rəis müavini.
"Azərbaycan dünyası", 7.04.2013


REDAKSİYADAN:

Biz də ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından Lalə xanımın bu səmimi təbrikinə
və xoş arzularına qoşularaq çox hörmətli elqızımız və dəyərli ziyalımız,
Respublikanın Əməkdar mədəniyyət işçisi Firəngiz xanım Hüseynovanı
Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: