HƏLƏ FƏTH EDİLMƏLİ ÇOX ZİRVƏLƏR VAR

HƏLƏ FƏTH EDİLMƏLİ ÇOX ZİRVƏLƏR VAR Eminlə qonşuyuq. Onu ara-sıra görürdüm, salamlaşırdıq. Adi, sadə bir oğlanın təəssüratı yaranmışdı məndə...
Günlər keçdi.
Onun haqqında çox maraqlı məlumatlar eşitdim.
Bu yaxılarda onu evimizə dəvət etdim.
Demişdim ki, medallarını da götürüb gəlsin.
Bəli, Emin həmin gün bir qucaq medalla qarşımda əyləşmişdi. Mən onun idmançı görkəminə və qarşımdakı medullarına baxıb fəxr edirdim, qürur duyurdum. Sevinirdim ki, indi bizim belə cəsur, qəhrəman, igid oğlanlarımız çoxdur. Onlar dünyanın hər yerində Azərbaycanın üçrəngli bayrağını ucaltmaq qabiliyyətinə malikdirlər. Onlar xalqımızın adını dünyanın idman tarixinə əbədi həkk edənlərdır.


Eminlə söhbət edirik: soyadı Süleymanov, atasının adı Alimdir. 2009-cu ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Dəllər kəndində (indiki adı Muşevandır) anadan olub.
Bir yaşı olanda Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçüblər. Beş yaşından Dərnəgüldəki “Toğrul” idman klubunda Karate ilə məşğul olmağa başlayıb. Məşqçisi 11 qat dünya çempionu Rauf İbrahimovdur.


Emin ilk dəfə idman yarışlarına 2015-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən Beynəlxalq Turnirdə qoşulub. Beş yaşlılar olmadığından 6-7 yaşlıların qrupunda qüvvəsini sınayıb və 2-ci yerə çıxıb. Bu münasibətlə Trabzon şəhər Bələdiyyəsinin medalına layiq görülüb.
Yenə həmin ildə, bir aydan sonra Türkiyənin İstanbul şəhərində Şotokan Beynəlxalq Karate Federasiyasının təşkil etdiyi Dünya Çempionatında (5 yaşında) ukrayna, qazax və iran idmançılarına qalib gələrək 6-7 yaşlıların arasnda birinci yerə çıxıb.
2015-ci ilin may ayında 6-cı dəfə Şotokan Karate Federasiyasının Tiflis şəhərində keçirilən Beynəlxalq Turnirində iştirak edib. Dörd idmançı ilə görüşüb. Sonda erməni üzərində qələbə çalaraq birinci yerə çıxıb.
Yenə də 2015-ci ilin 25 oktyabrında İstanbulda 7-ci Şotokan Karate Federasiyasının Avropa Çempionatında iştirak edib və birinci yerə çıxıb.

Gərgin məşqlər Eminin uğurları üçün həlledici olub. Həftənin 3 günü məşqlərdə iştirak edib. 2017-ci ildə Azərbaycanda Kempo Federasiyasının təşkil etdiyi Avropa-Asiya Çempionatında, bu dəfə 9 yaşlıların yarışında ikinci yerə çıxıb.
2018-ci il də Emin üçün gərgin keçib. Belə ki, o, Bakıda “Arpaçay” klubunun açılışına həsr olunmuş yarışda birinci yerə, yenə də Bakıda Karate üzrə keçirilən Böyük Turnirdə yüksək yerə layiq görülüb. Həmin ildə Azərbaycanın Açıq Çempionatında 9-10 yaşlıların yarışında birinci yeri qazanıb.
Beləliklə, Emin Süleymanov 2018-ci ildə təqribən 10 yarışda iştirak edib. Bunlar Karate üzrə Bakıda keçirilən Açıq Çempionatlardır ki, onların əksəriyyətində Emin birinci yerə çıxıb. Həmin il Sumqayıt şəhərində Karate Federasiyasının Respublika Turnirində (10-11 yaşlıların yarışında) “Toğrul” idman klubunun təmsilçiliyində birinci yeri tutub.
2019-cu il də Emin üçün də uğurla başlayıb. Aprel ayında Bakı şəhərində Karate üzrə keçirilən Açıq Çempionatda yenə də birinci yerə çıxıb.
Emin indi Mehdiabad qəsəbəsindəki 3 saylı Tam Orta Məktəbin 4-cü sinfində oxuyur, dərs əlaçısıdır. İngilis və Alman dilləri üzrə hazırlıq kurslarına gedir və proqramları tam yerinə yetirir. Arzusu gələcəkdə həkim olmaqdır.
Söhbətimiz bir saatdan çox davam etdi. Emin Süleymanovun bu balaca canı ilə qazandığı medallara bir-bir baxdım. Al-əlvan rəngli bu medallar gecə-gündüz çəkilən ağır zəhmətin bəhrəsiydi. Onlar sanki süzülən alın tərinin inciyə oxşar damcılarından yaranmışdı.

Emin Süleymanov çox çətin bir həlat yolunun başlanğıcındadır.
Hələ qarşıda fəth edilməli zirvələr çoxdur və mən ona seçdiyi bu çətin yolda uğurlar diləyirəm!


Aydın Arpaçaylı,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: