Yeni kitab: “QƏLBİMDƏN SİLƏ BİLMƏDİM”

Yeni kitab: “QƏLBİMDƏN SİLƏ BİLMƏDİM” REDAKSİYAMIZIN ARXİVİNDƏN:

TƏBRİK EDİRİK!..

Bu günlərdə əslən qədim Borçalıdan olan və hazırda Rusiyanin Belqorod şəhərində yaşayıb-yaradan istedadlı şairə, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin və “Şərqin səsi” qəzetinin Rusiyadakı nümayəndəsi, “Abdulla Şaiq”, “Nəriman Nərimanov”, “XXI Əsrin Ziyalısı”,
“Qızıl Qələm”
və Beynəl­xalq “Sülh Naminə” mükafatları laureatı Gülnarə Acalovanın “QƏLBİMDƏN SİLƏ BİLMƏDİM” adlı
yeni kitabı “Borçalı” Nəşriyyat-Poliqrafiya
Müəssisəsi tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

Bu müəllifin «Dostum ol!..» şeirlər kitabından sonra oxucularla ikinci görüşüdür.

Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlərindən nümunələr toplanmışdır.
(Kitabın Naşiri, Redaktoru və “Ön söz”un müəllifi Müşfiq BORÇALIdır).

Gülnarə xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə urəkdən təbrik edir, ona şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!...

Əminik ki, qələm dostumuzun bu yeni kitabı da oxucular tərəfindən böyük maraqla qarşılanacaq.

Aşağıda həmin kitabın redaktoru Müşfiq BORÇALInın kitaba yazdığı “BÖYÜK QƏLBİN ÇIRPINTILARI” sərlövhəli “Ön söz”ünü və kitabdan bir neçə şeiri oxucularımıza ərmağan edirik.

ÖN SÖZ ƏVƏZİ

BÖYÜK QƏLBİN ÇIRPINTILARI


Onun haqqında çoxdan yazmaq istəsəm də, hər dəfə «yooox, qardaş, lazım deyil...» - deyirdi və mən də onun xətrinə dəyməmək üçün fikrimdən vaz keçirdim. Hətta, ötən il işıqüzü görmüş «Dostum ol!..» adlı ilk kitabına qısa bir annatasiya belə yazmadım. Amma onun şeirlərini oxuyub bəyənənlərin müəllifin kimliyi barədə suallarına cavab verməyə belə macal tapmırdım. Elə buna görə də, bu kitaba müəllifin xəbəri olmadan “Ön söz əvəzi” yazıb, onun haqqında oxucularımıza qısıca məlumat verməyi lazım bildim. Yəqin ki, üzürlü hesab edəcək...

O, GÜLNARƏ İBRAHİM qızı ACALOVA 1967-ci il fevralın 26-da Gürcüs­tanda - qədim Borçalı mahalının Bolnisi rayonundakı ağır elli Kəpənəkçi kəndində tanınmış ziyalı ailəsində dünyaya göz açıb. 1973-cü ildə Bolnisi şəhərindəki M.F.Axundov adına 3 saylı Azərbaycan orta məktəbinə daxil olub, 1988-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin ildə də A.S.Puşkin adına Tbilisi Dovlət Pedaqoji İnstitutuna daxil olub. Tələbəlik illərində öz fəallığı ilə seçilən Gülnarə Acalova 1988-ci ildə ali məktəbi də uğurla başa vurub və elə həmin il Borçalıda baş vermiş məlum olaylarla əlaqədar olaraq Odlar Yurdu Azərbaycanımızın paytaxtı Bakı şəhərinə pənah gətirib. Bir az sonra isə ailə vəziyyəti ilə əlaqədar olaraq Rusiyanın Belqorod şəhərinə köçüb və elə hazırdada Belqorodda yaşayır. Gözəl ailəsi var. Mehri­ban və qayğıkeş anadır. Ömür-gün yoldaşı Şakir Əhmədovla birlikdə 2 oğul övladı böyüdüb boya-başa çatdırıb. Rauf Əhmədov - Şuxov adına Bel­qorod Dövlət Texniki Universitetini bitirib. Bank işçisidir. Hazırda maliyyə-kredit ixtisası üzrə ikinci ali təhsil alır. Rəşad Əhmədov - Belqorod Dövlət Universitetinin tibb fakultəsinin sonuncu kurs tələbəsidir.

Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlayan Gülnarə xanım çox təvazökar olduğundan şeirlərini çapa verməyə tələsməyib. Ancaq son illərdə məhz biz tələbə yoldaşlarının təkidi ilə «Şərqin səsi», «Təhsil», «Elm və Təhsil», «Ziya» və başqa qəzet səhifələrində çap olunmağa başlayıb. Ötən il isə onun «Borçalı» Nəşriyyatı tərəfindən «Dostum ol!..» adlı ilk şeirlər kitabı nəfis şəkildə işıqüzü görüb, poeziyasevər oxucular tərəfindən maraqla qarşılanıb. Elə buna görə də, Gülnarə Acalova Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “Abdulla Şaiq”, “Nəriman Nərimanov” və Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqi tərəfindən “Qızıl Qələm” mükafatları ilə təltif olunub.

Bu yaxınlarda isə Gülnarə xanımın bir neçə şeiri tələbə dostumuz, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Bölməsinin sədri, “Varlıq” Mədəniyyət Mərkəzi­nin rəhbəri Rafiq Hümmətin tərtib edib nəşrə hazırladığı və Tbilisi şəhərində çap etdirdiyi “Ədəbi Gürcüstan” antologiyasında oxucuların ixtiyarına verilmişdir.

«QƏLBİMDƏN SİLƏ BİLMƏDİM» adlanan bu kitab Gülnarə xanımın oxucularla ikinci görüşüdür. Kitabda hazırda qürbətdə yaşayan müəllifin son illərdə qələmə aldığı Ana Vətən, Doğma Yurd, sağlam gənclik, ülvü sevgi, saf məhəbbət və s. ruhlu şeirləri toplanıb. Bunları sadəcə şeir adlandırmaq olmaz.
Bu şeirlərin hər biri ayrı-ayrılıqda poetik nümunələrdir. Və bu nümunələrin hər biri onun - Müəllifin Böyük qəlbinin çırpıntıları, sevən Ürəyinin dö­yüntüləri, buz bulaqlar, saf çeşmələr kimi daim coşub-çağlayan Könlünün nəğmələridir.
Elə buna görə də əminik ki, buradakı şeirlər də oxucuların böyük marağına səbəb olacaq.

Biz isə Gülnarə xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansaqlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI.
"ŞƏRQİN SƏSİ",
"ELM və TƏHSİL" qəzetləri,
May, 2013



DOĞMA ELİM

Yaralı qartalam, yanan acağam,
Fırtınadan sonra dənizəm indi.
Qəriblik oduna çox yanacağam.
Taleyin hökmüylə sənsizəm indi.

Səndə zəlzələlər, səndə tufanlar,
Rahatlıq, sakitlik uzaqdan sənsən.
Şirin xatirələr tək o sənli anlar
Ruhumu incidir görəsən nədən?

Gözlərim həsrətdir Yel dağı sənə
Evin dalındakı ağ yasəmənə.
Ay Allah, nə qədər EhtiyacıM var
Xalça toxunuşlu güllü çəmənə.

Vələsli bulağın suyu buz kimi,
Dişlər qamaşdırar, sərinlik verər.
Çatağın çayında çimişdiyimiz,
Gecələr də gəlib yuxuma girər.

Six meşəli, sərin bulaqlı elim,
Bu qərib canımı üzür həsrətin.
Dünyada nə qədər diyar görsəm də,
Sənsən Mənim ən böyük Məhəbbətim.


DAĞLAR

Ətəyində güldən çələng hörmüşəm
Uşaqlığım keçib qoynunda, dağlar!
Jənnətin dadını səndə görmüşəm.
Gözlərin qalıbdır yolumda dağlar.

Qaymaqgüllü, al laləli yamajda,
Ruhum təzələnir, gələjəyəm mən.
Qəribəm, həsrətəm, gözüm yaşlıdır,
Torpağını qujub güləjəyəm mən.
Yel dağı, sinəndə öləjəyəm mən...


KOR QİZİN ÇƏLƏNGİ...

Bir kor qız görmüşdüm dağlarda bu yay,
Çələng toxuyurdu güldən, çiçəkdən…
İlahi! Tanrının sirrinə sən bax!
Nejə də seçirdi o rəngi-rəngdən…

Yaralı ürəyim sızladı yenə,
Gözlərin gözümün önündə durdu.
Bu səhnədən sonra nə deyim sənə?!
Gör qəlbimə nejə yaralar vurdun.


Nurlu gözlərinlə eşq bağçasında
Yan keçdin o səni sevən ürəkdən.
Dağlar ətəyində kor çələng hördü,
Sən seçə bilmədin gülü ələfdən.


TİFLİS

Tiflis, sən dünyanın tək şəhərisən,
Səndən doğma şəhər görməmişəm mən.
5 il qucağını beşik etsən də,
Doymadı yenə də gözlərim səndən.

Adın çəkiləndə həyəcan gəlir,
Bu qərib qəlbimə, sevirəm səni!
Qayğısız ömrümün şirin anları,
Səninlə bağlıdır, şəhərim mənim.

Həyatı öyrəndim sənin qoynunda,
Kədərdən ağladım, sevincdən güldüm.
Şərəfli, hörməli Müəllim adına,
Sənli həyatımda layiq görüldüm.

Beş ildə dostlarım qazancım oldu,
Tiflisim tanıtdı onları mənə.
Bacı-qardaşların sayın artırdın,
Necə minnətdaram şəhərim sənə!

İmtahandan sonra “Vake” parkında,
Gedib dincəlirdik şənlik edirdik.
Sonra da yuvadan uçan quş kimi,
Tələsik rayona evə gedərdik.

Ana balasını yola salan tək,
Məni qarşılayıb, yola salmısan.
Ürəyim çoxdandır həsrətin çəkir,
Qərib bir diyarda sənsiz qalmışam!

Səslə ey Tiflisim!.. Səslə sən məni!..
İlk məhəbbət kimi qaytar geriyə.
Nə qədər uzaqda olsam da səndən
Xəyallarımdasan, ürəyimdəsən!

Böyüsün, nurlansın, gözlər oxşasın.
Qoy, güllü bağçaya dönsün şəhərim!
Mən qonağı olum, könlüm sevgisin
Ona həsr olunsun qəlb nəğmələrim!


QƏLBİMDƏN SİLƏ BİLMƏDİM?..

Mən silmək istədim səni qəlbimdən,
İtirmək istədim dünənim kimi..
Bəs niyə dönməyir ürəyim səndən?
Ay yeni dünyamın Tənha Hakimi!

Dilin baldan şirin, zəhərdən acı,
Dərdimi günah tək qaxınc edirsən.
Hərdən təbib kimi sözlə sağaldır,
Hərdən cəllad olub qəlbim didirsən.

Sən coşqun bir çaysan, mən qopmuş yarpaq,
Düşmüşəm, çırpırsan qayaya-daşa...
Mən odlu gunəşəm, sən soyuq ay tək-
Dondurub deyirsən: "get, indi yaşa!..

"Kimsən? Həyatıma niyə gəlmisən?
Biləmmirəm, xeyirmisən, şərmisən?
Səndən uzaq qaçmaq istədim, ancaq
Deyəsən sən artıq kölgəm olmusan.

Qəlbimdə qoyduğun dostluq izini,
Gözümün yaşıyla silmək istədim.
Mən dünən "Əlvida!" - desəm də sənə, -
Deyəsən Qəlbimdən silə bilmədiM...


DOSTUM OL!..

O Moruq baxışlı qara Gözlərin,
Dərin bir dəryadir, boğulmaq olar.
Qəlbimə məlhəmdir sənin sözlərin,
Hər şirin kəlməndən gözlərim dolar.

Ürəyim sızlayır simli saz kimi,
Talenin əlində oyuncağıq biz.
Payızıma gəldin güllü yaz kimi,
Gör necə də doğmalaşdı qəlbimiz.

Yanından min kərrə ötmüşdüm sənin,
Ömrümün qayğısız bahar çağında.
Pərilər içində görmədin məni,
Mən körpə pöhrəndim zaman bağında.

Yolumuz kəsişdi... Üz-üzə gəldik,
Həyatda gör necə möcüzələr var?!
Yad ikən bu qədər biz doğma olduq
İtirən axtarar, axtaran tapar.

Səni də, məni də sınayıb həyat,
Bir ağacın iki qanadıyıq biz!
Gəl sən bu sevdanı ürəyindən at,
Axı iztirabdı mənimlə mənsiz...

Artıq sönmüş ocaq, soyumuş küləm,
Sənin dostluğuna ehtiyacım var!
Məhəbbət kolundan dərilmiş güləm,
Sevgi yaralayar, dostluq sağaldar...

Dostum, sirdaşım ol, itirmə məni,
Bu həyat əzabdır ayaqdan başa,
Kilidlənib könlüm, sevməz kimsəni
Sevgim ürəyimdə dönübdür daşa..
İncimə ürəyim, incimə Məndən
Mən əzab çəksəm də, sən Xoşbəxt yaşa!


NƏYİ gözləyirəm
NƏYİ bilmirəm...


Qəlbim ele dolub, boşala bilmir,
Qələmim yazmayır, niyə bilmirəm.
Fikrim sonsuzluğa baş alıb gedir,
Könlümün sözünü deyə bilmirəm.
Bir həsrət bağının dustağıyam mən,
VÜSAL meyvəsini yeyə bilmirəm.
Hicranlı-həsrətli dərd dağıyam mən,
Sevgi budağını əyə bilmirəm.
Hər şey geridə qaldı, xatirə oldu,
Məhəbbət bağımda lalələr soldu.
Gözlərim zillənib yollarda qaldı,
NƏYİ gözləyirəm, NİYƏ, bilmirəm...


BİR DOSTUMA

Ömrün payızında yoluma çıxdın,
Gözəl baharımın xatirəsindən.
Dostluq nişanəsin qəlbimə taxdın,
Saraldım dostumun hər kəlməsindən.

Bilmirəm nə üçün üz tutdum sənə,
O gündən açıldı qəlbimdə səhər.
Gerçəkli sözlərin məlhəmdi mənə,
Hərdən dərman kimi olsa da zəhər.

Qaranlıq gejədən qorudun məni,
Gerçək sözlərinə mən qulaq asdım.
Anlaya bilmədim anjaq mən səni.
Kora qaranlıq nə, işıq nə, dostum.

Baharı səsləmə vaxtsız-vədəsiz
Qışdır, çiçəkləri şaxta vurajaq.
Dəyişə bilmərik təbiətlə biz.
Meyvəsiz ağajlar, odsuz bir ojaq.

Dostluqdan müqəddəs hissiyyat olmaz,
Gəl saf duyğuları biz itirməyək.
Əsil dostluq ayaqlanmaz, qırılmaz,
Polad bir zənjirin halqaları tək.


QAYTAR ÜRƏYİMİ...

Qaytar ürəyimi, vücüdüm yanır,
Boş bir kölgə kimi dolanıram mən.
Hər adın gələndə qəlbim odlanır,
Üzülmək istərəm, üzülmək səndən.

Çəkil həyatımdan, əzabım bəsdir,
Unutmaq istərəm, unutmaq səni!
Vəfasızı sevmək, yəqin əbəsdir,
İtirdin, tapantək itirdin məni.

Artıq dan sökülür, sən gecədə qal,
Qorxulu yuxu tək qayıtma geri.
O səni sevəni hərdən yada sal,
Günəşə baxanda görünsün yeri...


DEDİM - DEDİN...

Dedim: Nəyimi sevdin?
Ömrüm yarı olubdur.
Sənin tanıdığın qız
Tənhalıqdan solubdur.
Rəngim qürub etmiş Günəş,
Saçlarıma düşüb dən...
Nə təravət gözlərsən,
Artıq solmuş çiçəkdən?!

Dedin: Əzəl bir gündən,
Qəlbini sevmişəm mən.
Qoja qarı da olsan,
Çıxmazsan Ürəyimdən!
Könül sevən gözəldi...
Mən də səni sevirəm!
Bulaq suyu tək təmiz,
Pak Qəlbini sevirəm!
Pak Qəlbini sevirəm!


SƏNƏ NƏ BAĞIŞLAYIM...

Əziz Qardaşım və Sevimli Tələbə dostum Müşfiq Borçalıya
Ad Günündə yazdıqlarım!..


Mən sənə nə bəy demirəm, nə müəllim.
Çünki sən mənim xatirəmdə həmişə o tanıdığım
Mərd Tələbə oğlan kimi qalacaqsan.
Bu gün sənin Ad günündür.
Mən istərdim ki, sənin həmişə yolun nurlu olsun,
qalxdığın yoxuşlar asan olsun,
həmişə yanında əsil dostlar olsun!.. Qoy olsun!!!
Bu şeiri də bu gün sənə hədiyyə edirəm...

M ənalı bir həyat nəsibin olsun,
Ü midlərin sübh günəşi tək saçsın!
Ş ən nəğməyə bənzəsin hər bir anın,
V əfalı dostların qapını açsın...
İ llər durna qatarına dönsə də,
Q oçalıq qəlbinə yolları çaşsın....

Sənə nə bağışlayım...
Şükür nəyin çatışmır...
Qoy ancaq alqışlayım,
Ondan da artıq olsun!..
Qəlbin, ürəyin ancaq -
Sevinc hissiylə dolsun...
Dostların da sevinsin,
Gözlərin gülsün hər an,
Balalarının barın
görəsən Ata bağban...
Sənə nə bağışlayım...
Tanrı eşitsin məni,
Qoy heç vaxt kölgəsindən
Uzaq tutmasın Səni!...

Bəli, Dostluq Məhəbbətin Ən yüksək Zirvəsidir.
Bu Hissləri Qarışdırmaq olmaz!
Amma bu Yüksək Duyğuları Allah ancaq Seçilmişlərə bəxş edir.
Alışıb yanıq Ağrılarına dözə bilənlərə, büdrəyib yıxılmayanlara,
Qaranı Ağdan seçə bilənlərə, bir sözlə, vəfalılara...

Müşfiq, Ad günün Mübarək!

Bu könül evində ocaq sənindi,
Əziz dost, Ad günün mübarək olsun!
Bu genis ürəkli qucaq sənindi,
Əziz dost, Ad günün mübarək olsun!

Ürəkdə zirvələr fəth eyləmisən,
Səhvləri hər zaman əfv eyləmisən.
Kədəri sevginlə məhv eyləmisən,
Əziz dost, Ad günün mübarək olsun!

Qələmin qüdrəti Söz ilə yazsın,
Ürəyin ocagı köz ilə yazsin,
Mehriban baxişlar Göz ilə yazsin,
Əziz dost, Ad günün mübarək olsun!!!


SƏNİN ƏLİNDƏDİR HƏR İXTİYARIM!..

Bir Qıl Körpüsünün üstündəyəm mən,
Sağım jənnətdirsə, solum jəhənnəm.
Əllərini uzat, kömək et mənə,
İmdad gözləyirəm Sevgilim səndən.

Əlini əlimə ver, qadan alım,
Boğulum mənalı baxışlarında.
Gəlim tumarlayım, qayğına qalım,
Həyatın qarında, yagışlarında.

Qoyma bu dünyada jəhənnəm odu,
Qəlbimi yandırsın, ey mənim Yarım!
Sənsiz bu dünyanın mənası nədi,
Sənin əlindədir hər ixtiyarım!


QIRXA QIRIQ DEDİLƏR...

Əziz tələbə dosrum Müşfiq Borçalı
40 yaşında "40-a qırıq deyirlər" - söylədi...


Qırx qırıqdır, - deyirlər
Yaman yorulmuşam mən...
Saçlarıma düşüb dən,
Qəlbim sızlayır hərdən,
Heç anlaya bilmirəm
Kövrək olmuşam nədən?
Ömür yarıdan keçib,
Ürək baxmır sözümə,
Bu nə vaxtsız sevdadı?
Məəttələm özümə.
Nəyim çatmır həyatda?!
Beş kişidən biriyəm.
Eşqin meyxoş eyləyib
Sevgimin əsiriyəm.
Xəzanlı payızimda
Zamansız bir gül bitib
Qəmim, qüssəm, kədərim
Şən gülüşündə itib.
Sən durğun həyatımın
Bayramısan, toyusan,
Sevdan könül məlhəmi,
Dərdlərimin hoyusan.
Günəşimsən, Ayımsan,
Aşıb-daşan çayımsan.
Payiz gəlmiş ömürlük
Təzələnmiş yayımsan.
Yolun çəkir gözlərim,
Sənsiz intizardayam.
Gəl, qəlbimə məlhəm ol,
Qəfəsdəyəm, dardayam!
Gecikmiş məhəbbətin
Söylə, nədir faydası?
Ancaq əzab verməkdir,
Son sevginin qaydası.
Yenə də minnətdaram
Tale yazısına mən
Dostum ol, sirdasım ol.
Yarım ola bilməsən.
Səninlə açılacaq
Səhərim indən belə
Elə bir qüvvə yox ki,
Səni qəlbimdən silə.
Qırx qırıqdır, - deyirlər.
Ömür yarı olsa da,
Arzular ürəyimdə,
Xəyal olub qalsa da.
Minnətdaram Tanrıya
Nə yaxşı ki, sən varsan,
Ürəyimdə gizlincə
Mənim mənsiz yaşayarsan!


ANLAMADIN

Mənim hər sualıma
Sənin bir cavabın var.
“Anlamadım? Nə dedin?” -
Belə bir cavab olar?!

Mən, axıcı bir nəğmə,
Dilə yatan şeirəm.
Ürəyimdən gələni
Açıq-aydın deyirəm.

Sən anlamarsan məni
Çünki, duya bilmirsən.
Səninçün teoreməm,
Şərtsiz məsələyəm Mən.

Hər sənətin sahibi,
Hər alətin dili var.
Məni anlamaq üçün
Olmalıydın Sənətkar.

“AnlamadıM!”- deyirsən?
Olsun Mən yanılmışam,
Sən günahkar deyilsən,
Yəqin ki, QəlizəM Mən.


XƏSTƏYƏM, TƏBİBİM
ÖZÜN OL, NOLAR?


ÜrəyiM incidir nəsə son zaman,
Dava-dərman yazır həkimlər mənə.
Darıxmışam, sənsizləşmişəm yaman,
Bilsən necə EhtiyacıM var sənə.

Xəstə yatağında, iynə damarda,
Əzraillə çilik - toxma oynadım.
Sənsizəm GünəşiM, hardasan harda?!
Həyat şirin imiş indi anladım.

Səsini eşitmək keçdi könlümdən,
Gözlərini görmək istədim sənin.
Gəl məni bağışla, gəl küsmə məndən,
Xəstənin nazıyla oynarlar yəqin.

Tumar çək saçıma, şirin kəlmə de,
Ağla, göz yaşların məlhəmim olsun.
“Mən sənsiz ölərəm”, bircə “Ölmə!” -de,
Saçlarının ətri sinəmdə qalsın.

Tək-tənha uzaqda olsan da mənsiz,
Yaxınsan, əzizsən, doğmasan, inan!
Ayrılıq ölümə bənzəyir sənsiz,
Heç doya bilmirəm sənli dünyadan.

GözləriM yolunda qalıb, Gəl, nolar...
Danış mənim üçün, gül mənim üçün.
Xəstəyəm, təbibim özün ol, nolar,
Nağıllı DünyaMsan bil, mənim üçün!..


CƏZAMIN CƏZASI

Səndən küsdüm, incidim,
Cavab vermədim sənə.
Yaman sənsizləmişəm.
Mənə zəng eləsənə.

Söylə nədən qorxursan,
Dilim acı olsa da.
Ürəyimi verərəm,
Sənin yolunda fəda.

Bir də məni dindirmə, -
Deyən yalniz dilimdir.
Səni Mən çox SevirəM,
Bu ki Sənə Məlumdur!

Cəza vermək istədim,
Cavabsız qoydum Səni.
Deyəsən Öz cəzam da
Cəzalandirdi Məni...

ÖzümÇün
darıxmışam!!!!!


Sənsiz...... Xəzansız payız,
Sənsiz ...qarsız qışam mən.
/Keşkə duya biləydin
Neçə darıxmışam mən!!!!!!!
H\əyatımın Kitabı
Vərəq-vərəq oxunub.
Sənsiz keçən günlərdən
Qara kilim toxunub.
Taleyimdə varmısan?
Yoxsa xəyalmısan sən?
Görəsən kimin üçün
Belə darıxmışam mən?!
Bəlkə də Mən, səni yox,
özümü itirmişəm.
Aləmim alt-üst olub
Çaşmışam, karıxmışam!
Deyəsən geç də olsa,
Mən itgimi tapmışam.
Sən ki, mənim özümsən
Özümçün darıxmışam!!!!!
Özümçün darıxmışam!!!!!




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: