ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992) Borçalı elinin mərd oğullarından biri də
Azəbaycan Respublikası Daxili Qoşunlarının
şəhid döyüşçüsü sıravi Elşad Məcid oğlu Budaqovdur.


Sıravi Elşad Budaqov 1973-cü il avqustun 29-da
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Kəpənəkçi kəndində
anadan olub.
O, 1990-cı ildə orta məktəbi bitirdikdən sonra
təhsilini davam etdirmək üçün Bakıya gəlib və
Kooperativ Texnikumuna daxil olub.
Elşad oxuduğu müddətdə texnikumun yataqxanasına
müvəqqəti pasport qeydiyyatına düşüb.
24 iyun 1992-ci ildə isə pasport qeydiyyatının bitməsinə 6 gün qalmış Nərimanov RHK tərəfindən müddətli hərbi qulluqçu kimi Vətənin müdafiəsinə göndərilib.

Elşad istəsəydi, “Gürcüstan vətəndaşı” olduğunu bəhanə gətirib, hərbi xidmətdən boyun qaçıra da bilərdi. Lakin o, Vətəni olan Azərbaycanı canından əziz bildiyi üçün bunu etmədi. Sıravi E.Budaqov Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin cəsur döyüşçüsü kimi müqəddəs torpaqlarımızın keşiyində dayandı...

Elşada məxsus olan sənədləri gözdən keçirir, hərbi xidmətdə olarkən ailəsinə yazmış olduğu məktublarını oxuyuram. Anasına ünvanladığı bu məktublardan onun həqiqətən mərd, cəsur bir döyüşçü olmasını hiss etmək olar. Elşad 1992-ci ilin iyulun 7-də anasına ünvanladığı ilk məktubunda yazır:

“...Allaha min şükür ki, arzuladığınız bir gün də gəlib çatdı. Axır məndə kişilər cərgəsinə qarışıb, hərbi xidmətə gəldim. Mən buna çox sevinirəm. Çünki mən nə topal deyiləm, nə kor deyiləm, nə də şil, əsgərliyə o adam getməz ki, kar-kor-lal olsun. Allaha şükür, mama bunların heç biri məndə yoxdur...”.

E.Budaqov məktublarında əsasən anasına ürək-dirək verməyə çalışır, yastıbaşları (o, erməni daşnaklarını belə adlandırırdı.-A.Ə.) darmadağın etdikdən sonra, qələbə ilə doğma evlərinə qayıdacağını inanmla bildirirdi. Sentyabrın 18-də Elşad anasına ünvanladığı məktubunda bu barədə yazır:

“...Bilirəm ki, mənim üçün darıxırsınız. Şükür Allaha sağ-salamat varam. Müharibə qurtaran kimi evimizə gələcəm. Vətəni qorumaq hamımızın borcudur. Burada mənim kimi minlərlə gənc var. İndi biz Ağdərənin Çıldıran kəndi uğrunda vuruşuruq. Yastıbaş ermənilərə elə bir divan tutacağıq ki, heç vaxt yadlarından çıxmasın”.

Lakin çox təəssüflər olsun ki, bu Elşadın ailəsinə yazdığı sonuncu məktubu oldu...

25 sentyabr 1992-ci il. Daxili Qoşunların igid əsgəri E.Budaqov Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına şəhid oldu...

Mahmud Vəlinin “Müxalifət” qəzetinin 31.12.1992-ci il tarixli sayında işıq üzü görən “Qisas qiyamətə qalmaz”Şahin Eyvazlının “Səhər” qəzetinin 04.02.1993-cü il tarixli sayında dərc edilmiş “Vətəni çiynində yaşadanlar” başlıqlı məqalələrində şəhid E.Budaqovun həyat və döyüş yolu barədə maraqlı məlumatlar verilmişdir.

Vətənin igid oğlu Elşad Budaqovun məzarı dünyaya göz açdığı doğma Borçalıda, Kəpənəkçi kənd qəbristanlığındadır.

Allah rəhmət eləsin... Ruhu şad olsun...


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: