AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət və ehtiramla anılır

AzTU-da 20 Yanvar şəhidi İlqar Əhmədovun əziz xatirəsi həmişə böyük hörmət və ehtiramla anılır 1990-ci il Qanlı 20 Yanvar faciəsi zamanı
şəhid olan qəhrəman oğullarımızdan biri də
Azərbaycan Politexnik İnstitutunun
(indiki Azərbaycan Texniki Universitetinin)
“Avtomobil nəqliyyatı” fakültəsinin IV kurs tələbəsi
İlqar Hümbət oğlu Əhmədov olmuşdur.


O, Sovet qoşunlarının Bakıya yeridilməsinə qarşı çıxan
minlərlə gənclərimizdən biri idi.
İlqar Əhmədov “Salyan Kazarmaları” adlanan ərazidə
dinc etiraz nümayişində iştirak edirdi.
O zaman hamı kimi İlqar da öz ölkəsinin qoşunları tərəfindən təcavüzə məruz qala biləcəklərini düşünmürdü.
Lakin məkrli düşmənin hərbi hissədən bayıra çıxan qoşunları
heç bir xəbərdarlıq olmadan dinc nümayiş iştirakçılarını
gülləbaran etdi.
Həmin ərazidə şəhid olan onlarla qəhrəman oğullarımızdan biri də bizim universitetimizin tələbəsi İlqar Əhmədov oldu.

İlqar Əhmədov valideynlərinin istəyi ilə yanvar ayının 23-də anadan olduğu qədim Borçalı mahalının Bolnisi rayonundakı Faxralı kəndində dəfn olunmuşdur.

Fövqəladə vəziyyət olmasına baxmayaraq İlqar Əhmədovun dəfn mərasimində AzTU-nun o zamanki dosenti - indiki prorektoru, texnika elmləri doktoru, professor İsa Xəlilovun rəhbərliyi ilə bir qrup tələbə yoldaşları da iştirak etmişdir.

Faxralı kəndində keçirilən dəfn mərasimi Bakı şəhərində olduğu kimi Borçalının müxtəlif bölgələrindən gələn minlərlə soydaşlarımızın iştirakı ilə izdihamlı şəraitdə keçirilmişdir.

Qanlı 20 Yanvar faciəsi zamanı şəhid olan tələbəmiz İlqar Əhmədovun əziz xatirəsi
Azərbaycan Texniki Universitetinin tələbə və müəllim heyəti tərəfindən həmişə
böyük hörmətlə anılır və bunda sonra da uzun illər böyük ehtiramla xatırlanacaq.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..


Müşfiq BORÇALI,
AzTU - "Ziya" qəzetinin Baş redaktoru,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: